2017-10-03
No:282/17, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri cənab Pavlo Klimkinin birgə mətbuat konfransı
Elmar Məmmədyarov: Xanımlar və cənablar! Xarici İşlər Nazirliyinə xoş gəlmisiniz!
Bildiyiniz kimi, Ukraynanın xarici işlər naziri, yaxın dostum Pavlo Klimkin Azərbaycanda rəsmi səfərdədir.

Bu il Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır. Azərbaycan və Ukrayna arasında əməkdaşlıq strateji xarakter daşıyır. Bu ilə qədər Azərbaycan və Ukrayna Prezidentlərinin müvafiq olaraq Azərbaycana və Ukraynaya ayrılıqda 8 səfəri baş tutmuşdur.

Təkbətək və geniştərkibli formatlarda keçirdiyimiz görüşlərdə Azərbaycan və Ukrayna arasında münasibətlərə dair geniş müzakirələr apardıq. İlk olaraq, gündəlikdə duran ikitərəfli siyasi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Azərbaycan və Ukraynanın çoxtərəfli formatda uğurlu əməkdaşlığına toxunaraq, xüsusilə qarşılıqlı şəkildə münaqişələrin tənzimlənməsində ərazi bütövlüyü prinsipinin dəstəklənməsinin vacibliyini bir daha vurğuladıq.

Həmkarımla həmçinin ikitərəfli iqtisadi münasibətlərin hazırkı səviyyəsinə nəzər saldıq və bir neçə maraqlı layihələr müzakirə etdik. Eyni zamanda, Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının 2018-ci ildə keçirilməsi barəsində ilkin razılığa gəldik. Xüsusilə, nəqliyyat sahəsində əməkdaşlıq baxımından mövcud imkanların dəyərləndirilməsinin vacibliyini vurğuladıq. Nəqliyyat və daşımalar sahəsində layihələrdən Azərbaycan və Ukrayna faydalana bilər.

Humanitar sahədə əməkdaşlığa gəlincə, 2018-ci ildə Ukraynada Azərbaycanın dünyaşöhrətli müğənnisi Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi və Kiyev şəhərində heykəlinin qoyulması nəzərdə tutulur.

Ukraynada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatları da Azərbaycan və Ukrayna arasında insanlararası təmasların genişləndirilməsində oynadığı rolu xüsusi vurğuladıq.

Sonda qeyd etmək istərdim ki, P.Klimkinin səfəri Azərbaycan və Ukrayna arasındakı strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləməklə yanaşı, həmçinin münsibətlərin daha da irəlilədilməsinə öz töhfəsini verəcək.

Sual-cavab sessiyası:

Sual:Məlahət Nəcəfova, APA. Birinci sualım hər iki nazirədir. Bu yaxınlarda GUAM-ın 20 illiyi keçiriləcək. Təşkilatla və onun səmərəliliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Təşkilat çərçivəsində əməkdaşlıq perspektivləri barəsində nə düşünürsünüz? Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ikinci sualım Elmar Məmmədyarovadır. Minsk Qrupunun həmsədrlərinin regiona dəqiq səfər tarixi barəsində nə deyə bilərsiniz? Həmçinin, 2017-ci ilin sonuna kimi Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü gözlənilir. Prezidentlərin görüşündən sonra nazirlər səviyyəsində görüş planlaşdırılırmı? Prezidentlərin görüşü və hazırlıq prosesi barəsində fikirlərinizi bölüşərdiniz.

Elmar Məmmədyarov: İkinci sualla başlamaq istərdim. Bəli, Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. 6 oktyabr 2017-ci il tarixində İrəvanda, ertəsi gün isə Bakıda səfərdə olacaqlar. BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş görüşlərdə dövlət başçılarına görüş barəsində məruzə edəcəyimizlə bağlı razılığa gəldik. Həmsədrlərin regiona səfərinin əsas məqsədi də Prezidentlərin mümkün görüşü zamanı müzakirə etməkdə maraqlı olduqları məsələlərin müəyyənləşdirilməsidir. Həmsədrlər tərəfindən Nyu Yorkda səsləndirilən mövqe danışıqlar prosesinin irəlilədilməsinin vaxtının artıq yetişməsi, substantiv və nəticəyönümlü danışıqlar keçirilməsinə əsaslanır. Bu baxımdan, Nyu Yorkda keçirilmiş görüşlər çox önəmli idi.

GUAM-la bağlı deyə bilərəm ki, təşkilatın 20 illiyi ilə əlaqədar tədbir 8 oktyabr 2017-ci il tarixində Tiflis şəhərində keçiriləcək. GUAM müxtəlif layihələrin müzakirəsi baxımından səmərəli və maraqlı təsisatdır. Coğrafı baxımdan nəqliyyat dəhlizi GUAM üzv dövlətlərindən keçir. Nəqliyyat Nazirlikləri, Sərhəd Qoşunları, Dəmiryol qurumlarının rəhbərləri və digər aidiyyatı qurumlar çərçivəsində müzakirələr aparılır və qərarlar qəbul edilir. Siyasi baxımdan isə GUAM-a üzv olan hər bir dövlət münaqişədən əziyyət çəkir. Bu baxımdan, beynəlxalq təşkilatlarda GUAM yekdil mövqedən çıxış edir.

Sual: Viktoriya Piriyeva, CBC. Cənab nazir, Azərbaycan və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesi barəsində fikirlərinizi bölüşərdiniz.

Elmar Məmmədyarov: Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq inkişaf etməkdədir. Biz hazırda strateji tərəfdaşlıq sazişinin tərəfimizdən təqdim edilmiş və ticarət məsələlərini əhatə edən ikinci fəsli üzrə danışıqlara başlamışıq. İlkin olaraq, bu mərhələnin 2017-ci ilin noyabr ayında keçiriləcək “Şərq Tərəfdaşlığı və Avropa İttifaqı Sammiti”ndən öncə sonlandırılması nəzərdə tutulmuşdur. Ümid edirəm ki, bu ayda danışıqların yeni raundu intensiv və faydalı olacaq.

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq normal məcrada davam edir. Təbii ki, ikitrəfli platformada bəzi məsələlər var. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq mövcuddur. Məntiqi davamı olaraq, Avropa Komissiyası ilə strateji tərəfdaşlıq sənədinin tamamlanmasında hansisa əngəl görmürəm. Avropa Ittifaqı ilə eləcə də Açıq səma sazişi üzrə işlər yekunlaşmaqdadır.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.






 

əvvəlki xəbər