2016-12-03
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Hörmətli xanımlar və canablar! Sizi Xarici İşlər Nazirliyində yenidən salamlayıram. Bu həftə üçüncü dəfədir ki görüşürük. Bildiyiniz kimi, mənim əziz dosum, qardaşım, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycanda işgüzar səfərdədir. Biz onunla təkbətək və geniş tərkibdə görüş keçirdik. Bilirsiniz ki, Türkiyə və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz Mevlüt bəylə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardıq. Regional məsələlərə toxunduq. Regiondakı vəziyyəti müzakirə etdik. Bilirsiniz ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər etmişdi. Onunla da münaqişəyə dair müzakirələr aparılıb. Gələn həftə NATO-nun nazirlər səviyyəsində zirvə toplantısı olacaqdır. Daha sonra ATƏT-in Hamburqda nazirlər səviyyəsində görüşü keçiriləcəkdir. Türkiyənin mövqeyi bizim üçün önəmlidir. NATO-nun toplantısında Əfqanıstan məsələsi müzakirə olunacaqdır. “Istanbul prosesi” adlanan bu tədbir hər il bir ölkədə keçirilir. 2017-ci ildə Azərbaycan ev sahibliyi etməyi üzərinə götürüb. Əfqanıstanla bağlı həm nazirlər, həm də ekspertlər səviyyəsində tədbirlər keçiriləcəkdir. Həm siyasi, həm iqtisadi, həm də humanitar məsələlərə toxunulacaqdır. Bilirsiniz ki, Türkiyə Əfqanıstan ilə bağlı məsələlərdə önəmli rol oynayır. Azərbaycan da Əfqanıstanda sülh və sabitliyin bərqərar olması üçün töhfə verməyə hazırdır.

İqtisadi məsələlərə toxunduq. İnanırıq ki, Bakı-Tbilisi-Qars dəmiryolu yaxın vaxtlarda tam istifadəyə veriləcək. Bu önəmli layihədir. Bu dəmiryolu Azərbaycanı Gürcüstan, Türkiyə, Orta Asiya və Çinlə birləşdirəcək. Bu layihənin iqtisadi inkişaf üçün böyük imkan yaradacağına inanırıq. Enerji məsələlərinə toxunduq. TANAP-ın tikintisi tam şəkildə gedir. Əlli faizdən çox hissəsi tikilib. TANAP-la təbii qaz vaxtında Türkiyə bazarlarına nəql ediləcəkdir.

YUNESKO-da lavaşla bağlı məsələni də müzakirə etdik. Bilirsiniz ki, iki il öncə lavaşı Ermənistan öz çörəyi kimi təqdim etmişdi. Lakin biz Türkiyə, regionun digər ölkələri olan İran, Qazaxıstan və Qırğızıstan ilə lavaşın birgə təqdim olunması barədə razılığa gəlmişdik. Çünki lavaş bütün bu ölkələrdə istifadə olunur. Bu da YUNESKO-nın qeyri-maddi irs siyahısına daxil edilib.

Mədəniyyət məsələlərə toxunduq. Bu sahədə də əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik.

Sual-cavab:

Anadolu Agentliyi. Sual: Sualım hər iki nazirədir. Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyini necə görürsünüz? Yüksək qarşılıqlı səfərlər davam edəcəkdirmi? Həmçinin hər iki ölkənin ticarət hədəfi vardır. Onu gerçəkləşdirmək üçün hansı işlər görülür?

Elmar Məmmədyarov: Mən bəzi məqamları qeyd etmək istəyirəm. Biz bu gün razılığa gəldik ki, müqavilə-hüquq bazasını genişləndirmək üçün ekspertlər səviyyəsində görüşlər keçirilsin. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən artıq sənəd imzalanıb. Həmçinin bu sahədə təkcə ikitərəfli deyil, digər üçüncü ölkə ilə də birgə sazişin imzalanması məsələsini müzakirə etdik.

Toplantıya gəldikdə, Azərbaycanın ev sahibliyi ilə biz gələn ilin əvvəlllərində Türkiyə və Türkmənistan ilə əvvəl enerji, sonra xarici işlər nazirlərinin görüşünü keçirəcəyik. Yüksək səviyyəli görüşlərə gəldikdə isə əvvəl hazırlıqlar aparmaq, sonra prezidentlərimizə təqdim etmək lazımdır. Nəticə yönümlü görüşlər keçirməliyik.

ATV. Sual: Cənab nazir. Bildiyiniz kimi, cəbhədə vəziyyət gərginləşib. Bu nazirlərin görüşü üçün erməni tərəfinin növbəti təxribatı ola bilərmi?

Elmar Məmmədyarov: Mən artıq bir neçə dəfə demişəm. Hamburq təklifi ilə bağlı Ermənistandan hələ də xəbər yoxdur. Azərbaycan tərəfi bütün formatlarda-həm nazirlər səviyyəsində, həm həmsədrlər ilə birgə görüş üçün hazırdır. Əfsuslar olsun ki, danışıqlarda ləngimələr var. Sankt-Peterburq görüşündən sonra biz gözləyirdik ki, hansısa bir irəliləyiş olacaq. Bəzi təkliflər var idi. Əfsuslar olsun ki, Ermənistan tərəfi görüşdən qaçır. Bu ciddi yanaşma deyil. Əgər görüşdən qaçırsansa, deməli deməyə sözün də yoxdur.

Cəbhə xəttində gərginlik həmişə var. Ona görə biz deyirik ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Onda heç təmas xətti də, gərginlik də olmayacaqdır. Bu məntiqli yanaşmadır.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprçikin heyətinin genişləndirilməsi məsələsinə gəldikdə, biz buna etiraz etmirik. Bunu yalnız işğal olunmuş ərazilərdən qoşunlar çıxarıldıqdan sonra müzakirə etmək olar. Bu çərçivədə bütün versiyalara baxıla bilər. İlk növbədə biz məntiqli şəkildə və əsas problemlə məşğul olmalıyıq. Hamı bilir ki, ən böyük təhlükə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdəki mövcudluğudur.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər