2016-12-01
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və cənablar! Xarici İşlər Nazirliyinə xoş gəlmisiniz! Bildiyiniz kimi, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak Azərbaycanda rəsmi səfərdədir. Biz onunla ikitərəfli görüş keçirdik. Cənab nazir bu gün səhər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunub. Biz onunla ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarını müzakirə etdik. Azərbaycan və Bosniya və Herseqovina arasında həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda siyasi münasibətlər çox yüksək səviyyədədir. Biz iki ölkə arasında iqtisadi əməkdaşlığı da yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Bosniya və Herseqovina üçün enerji layihələri, xüsusilə təbii qazın nəqli ilə bağlı layihələr böyük əhəmiyyət kəsb edir. Biz nəqliyyat məsələsini də müzakirə etdik. İpək Yolunun inkişaf etdirilməsi, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi haqqında danışdıq. Bu dəmiiryolu 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərində öz fəaliyyətinə başlayacaq. Bosniya və Herseqovina bu layihələrdən yararlana biləcək. Təhsil sahəsində əməkdaşlığı müzakirə etdik. ADA Universitetində bosniyalı tələbələr təhsil alıblar. Müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunduq. Bu səfərdən sonra bir neçə sazişin imzalanması barədə razılığa gəldik. Bundan başqa, mən həmkarımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi, Azərbaycanın mövqeyi barədə məlumatlandırdım. Bosniya və Herseqovina münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmasını birmənalı şəkildə dəstəkləyir. Bunun üçün mən ona Azərbaycan dövləti və xalqı adından təşəkkürümü bildirdim.

Sual-cavab:

APA. Sual: Sualım nazir E.Məmmədyarovadır. Son zamanlar Ermənistan tərəfi münaqişə ilə bağlı bir sıra bəyanatlar səsləndirir. Ermənistan prezidentinin mətbuat katibi bu yaxınlarda belə bir bəyanat səsləndirib ki, Dağlıq Qarabağ ya müstəqil olmalı, ya da Ermənistana birləşdirilməlidir. Bu, münaqişənin həlli prosesinə necə təsir edə bilər?

Elmar Məmmədyarov: Biz də bunları izləyirik. Mən özüm və mətbuat katibimiz bir neçə dəfə bu barədə açıqlama vermişik. Ermənistan tərəfindən belə xoşagəlməz bəyanatların səsləndirilməsi sülh prosesinə mənfi təsir edir. Prezidentlərin Sankt-Peterburq görüşündə də, Nyu-Yorkda həmsədrlərlə birgə keçirilmiş görüşdə də biz müzakirələr aparmışıq ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdırlar. Statusla bağlı məsələyə gəldikdə, müxtəlif fikirlər səsləndirilir. Hamıya məlumdur ki, status məsələsini qaldırmaq sülh prosesini məhv etmək deməkdir. Növbəti mərhələdə biz deyə bilərik ki, Dağlıq Qarabağın azərbaycanlı icması da öz torpaqlarına qayıtsın, sonra status müzakirə oluna bilər. Çünki azərbaycanlı icmasız status məsələsini müəyyənləşdirmək mümkün deyildir. Yenə deyirəm, status məsələsini qaldırmaq sülh prosesini məhv etməkdir. Bu tip bəyanatlar sülh prosesinə mənfi təsir edir. Biz bir neçə dəfə açıqlama vermişik ki, biz imitasiya xarakterli danışıqlar aparmaq niyyətində deyilik. Biz sülh danışıqları üzərində işləməliyik. Fransa tərəfindən Hamburqda görüş təklifinə Ermənistan hələ də cavab verməyib. Bu o deməkdir ki, onlar ümumiyyətlə sülh prosesinə də dəstək vermirlər.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər