2016-11-29
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane ilə birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Hörmətli xanımlar və cənablar! Bildiyiniz kimi, Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane Azərbaycanda ilk rəsmi səfərdədir. Bilirsiniz ki, mən 2014-cü ildə CAR-da səfərdə olmuşam. Biz indi xanım nazirlə müzakirələr apardıq. Xanım nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də qəbul olunub. Biz Azərbaycan və CAR arasında münasibətlərin gücləndirilməsi yollarına dair fikir mübadiləsi apardıq. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir çox məsələlərdə eyni mövqedən çıxış edir. Mən xanım Maite Nkoana-Maşabaneyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı CAR-ın tutduğu ədalətli mövqeyə görə təşəkkürümü bildirdim. Bundan başqa, mən həmkarımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi barədə məlumatlandırdım. Həm Qoşulmama Hərəkatı, həm də BMT çərçivəsində səsvermələrdə dəstək verilməsi çox önəmlidir. Azərbaycan CAR-la BMT Təhlükəsizlik Şurasında bərabər çalışıblar. Azərbaycan BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illər, CAR isə 2011-2012-ci illərdə qeyri-daimi üzv olublar. İkitərəfli münasibətləri müzakirə etdik. Bu gun ADA Universiteti ilə CAR Diplomatik Akademiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaqdır. Digər sahələrdə, konsulluq, müdafiə sənayesi, vergi, sərmayə qoyuluşu, aviasiya və energetika sahəsində əməkdaşlığı müzakirə etdik. SOCAR Treydinq Cənubi Afrikada layihələr həyata keçirməyi planlaşdırır. Parlament diplomatiyasına da toxunduq. İki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəldik.

Sual-cavab:

ATV. Sual: Birinci sualım xanım nazirədir. İki ölkə arasında ikitərəfli münasibətlərin gələcək perspektivlərini necə görürsünüz? Hər iki ölkə birgə üçüncü ölkə bazarlarına çıxa bilərmi? Bildiyiniz kimi, Azərbaycan Afrika İttifaqı yanında müşahidəçi status alıb. Bunun gələcək perspektivlərini necə görürsünüz? İkinci sualım cənab nazir sizədir. İspaniya və Portuqaliyadan olan bir sıra alimlər Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Azıx mağarasında tədqiqatlar aparırlar. Həmin ölkələrə bununla bağlı müraciətlər göndəriləcəkmi? Təşəkkür edirəm.

Elmar Məmmədyarov: Suala görə təşəkkür edirəm. Əlavə etmək istərdim ki, Azərbaycan Afrika İttifaqı yanında müşahidəçi status aldıqdan sonra CAR-la əməkdaşlıq günü-gündən genişlənir. Bu ilin dekabr ayında biz orada ASAN xidmətin təqdimatını keçirməyi planlaşdırırıq. Çünki buna böyük maraq vardır. Dekabr ayının 8-9-da Afrika İttifaqı Üzv dövlətlərin xarici işlər nazirləri şurasının iclası olacaq və çox güman ki biz həmin təqdimatı orada keçirəcəyik. Bizim Əddis-Əbəbədəki səfirimiz bu işlə məşğul olur. O ki qaldı tədqiqat məsələsinə, bizim mətbuat katibimiz bununla bağlı açqılama verib. Əlbəttə ki biz bu məsələ ilə ciddi məşğul oluruq, olmuşuq və olacağıq. Çünki burada qanunsuz səfər və özfəaliyyətlə bağlı hüquqi məsələlər də ortaya çıxır. Biz indi onu araşdırırıq, tam araşdırmadan sonra açıqlama verəcəyik.

Report. Sual: Salam cənab nazir. Ilk sualım sizədir. Bildiyiniz ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclas çərçivəsində sizin Ermənistanın xarici işlər naziri Nalbandyan ilə görüşünüz gözlənilirmi? Həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişməsi münaqişənin həllinə müsbət və ya mənfi təsir göstərəcəkmi? İkinci sualım xanım nazirədir. CAR-la Azərbaycan arasında kifayət qədər sıx əlaqələr mövcuddur. İşgüzar əlaqələr var. Bilmək istərdik ki, CAR Azərbaycanda öz səfirliyini açmağı planlaşdırırmı?

Elmar Məmmədyarov: Hamburqda görüşlə bağlı mən açıqlama vermişdim. Fransada səfərdə olanda həmkarımla görüşəndə 2+3 formatında görüş keçirilməsi təklif olunmuşdu. Azərbaycan tərəfi razılığını verib. Mən Parisdə olanda dedim ki bu təklifi dəstəkləyirik. Biz Hamburqda bu formatda görüşün keçirilməsinə hazırıq. İkinci məsələ ilə bağlı deyə bilərəm ki, inanmıram hansısa dəyişikliklər olsun. Fransadan olan həmsədr üç ilini tamamladı. Yeni həmsədrlə mən Parisdə görüşdüm. O, təcrübəli diplomatdır və regionla yaxşı tanışdır. Tarixə baxsanız, Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Fransanın Baş konsulluğunda keçirilmişdi. O zaman baş konsul həmin şəxs idi-Stefan Viskonti. Yəni o münaqişə barədə, aparılan danışıqlar prosesi barədə məlumatlıdır. Amerikalı həmsədrə gələndə, bildiyiniz kimi Ceyms Vorlik diplomatik karyerasını tərk edərək, özəl sektora keçib. Yeni həmsədrin kim olacağı ABŞ Dövlət Departamentinin qərarından asılıdır. Yeni administrasiya formalaşandan sonra kimin həmsədr təyin olunacağı məlum olacaqdır.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər