2016-11-08
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya Respublikasının xarici işlər naziri Paolo Centiloni ilə birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və canablar! Bildiyiniz kimi, İtaliya Respublikasının xarici işlər naziri Paolo Centiloni Azərbaycanda ilk rəsmi səfərdədir. Bu gün cənab Centiloninin Azərbaycana səfəri başlayıb. O, artıq cənab Prezident tərəfindən qəbul olunub. Daha sonra biz onunla burada təkbətək və geniş tərkibdə görüş keçirdik.

2018-ci ildə İtaliya ATƏT-ə sədrlik edəcək. Ona görə mən onu Ermənistan-Azərbaycan münaqişəsinin indiki vəziyyəti ilə bağlı məlumatlandırdım. Sonra ikitərəfli münasibətlərə, enerji məsələlərinə, bu sahədə həyata keçirilən layihələrə toxunduq. Trans-Adriatik boru xəttinin tikintisi ilə bağlı işlər sürətlə gedir. Biz inanırıq ki, bu kəmər vaxtında öz fəaliyyətinə başlayacaq. Bundan əlavə, neft sektorundan başqa digər sahələrdə əlaqələri gücləndirmək barədə danışdıq. İtaliya şirkətləri artıq Azərbaycandadır. Onlar neft-kimya sahəsində, o cümlədən “Made in Italy” brendi altında digər sahələrdə İtaliyanı təmsil edirlər.

Biz hökumətlərarası komissiyanın fəaliyyətini də müzakirə etdik. Cənab Centiloni Azərbaycanın Energetika naziri cənab Natiq Əliyevlə də görüşəcək. Komissiyanın növbəti iclasının keçiriləcəyi yer və vaxta dair məsələlərə toxunacaq.

Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu İtaliyada müxtəlif mədəni və humanitar layihələr həyata keçirir. Bu da çox önəmlidir.

Biz Strateji Əməkdaşlıq haqqında Sazişə toxunduq. İnanırıq ki, bu ay Avropa İttifaqı Brüsseldə sazişin müzakirəsi üçün mandatı təsdiq edəcəkdir. Biz artıq konkret olaraq danışıqlara başlayacağıq.

Daha sonra müxtəlif məsələləri müzakirə etdik. Toxuculuq, kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə etdik. İtaliya bu sahədə təcrübəli ölkədir. Biz bu istiqamətdə də əməkdaşlığın genişləndiriləcəyinə inanırıq.

Parlamentlərarası əməkdaşlığa da toxunduq. Bu sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəldik.

Beynəlxalq təşkilatlar, xüsusilə, BMT, Avropa Şurası, ATƏT çərçivəsində əməkdaşlıq edirik, danışıqlar aparırıq. İnanırıq ki, əməkdaşlığı davam etdirəcəyik. 2017-ci il üçün İtaliya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Sual-cavab:

Sual (ANSA İnformasiya Agentliyi): TAP layihəsinin həyata keçirilməsi ilə bağlı daha ətraflı məlumat verə bilərsinizmi?

Elmar Məmmədyarov: Ümumi şəkildə deyə bilərəm ki, TAP layihəsi ilə bağlı hər şey qaydasında gedir. SOCAR və BP tərəfindən verilmiş məlumata görə işlər vaxtında görülür. Bəzi ləngimələr olur, lakin bildiyim qədər bir çox məsələlər yerinə yetirilib. Biz düzgün zamanı seçib onu vaxtında başa çatdıracağıq. İlkin plana görə, bu 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlləri olmalıdır.

Sual (APA İnformasiya Agentliyi): İlk sualım italiyalı nazirədir. Məlumat verildiyi kimi, İtaliya 2017-ci il üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və həm də ATƏT-ə sədrlik edəcəkdir. Bu dövrdə İtaliyanın əsas prioritetləri nə olacaqdır, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı biz nə gözləyə bilərik?

İkinci sualım cənab E.Məmmədyarovadır. İctimaiyyət münaqişə ilə bağlı prezidentlər arasında üçüncü görüşü gözləyirdi. Siz bu barədə nə deyə bilərsiniz? Üçüncü görüş olacaqmı? Münaqişənin həli ilə bağlı danışıqlarda bir qədər ləngimə oldu. Həmsədrlərdən gözləntilər də özünü doğrultmadı. Ümumiyyətlə, proses barədə nə deyə bilərsiniz?

Elmar Məmmədyarov: Əfsuslar olsun ki, ləngimə var. Sankt-Peterburq görüşündən sonra ümidlər var idi ki, münaqişənin həlli ilə bağlı irəliləyişlər olacaq. Çünki həmin görüşdə prezidentlər arasında ətraflı və konkret danışıqlar aparılmışdı. Ümid yaranmışdı ki, hansısa bir nəticəyə nail olmaq mümkün olacaq. Amma əfsuslar olsun ki, Ermənistan tərəfi hazır deyil. Onlar belə də bəyan edirlər ki, status-kvonu dəyişdirməyə, hansısa bir irəliləyişə onlar hazır deyildirlər. Ona görə də bir qədər ləngimə var. Həmsədrlər Bakıya səfər edəndə nazirlər səviyyəsində görüş təklif etdilər. Odur ki, Hamburqda ATƏT xarici işlər nazirləri şurası iclası çərçivəsində nazirlərin görüşü planlaşdırılır. Sankt-Peterburq mühitini bərpa etmək lazımdır, ona görə Azərbaycan tərəfi razılığını verib. Çox güman ki, görüş 2+3 formatda olacaq. Hələlik bunu demək olar. İstərdim ki daha çox deyim. Amma erməni tərəfinin addımları göstərir ki, onlar prosesi ləngidirlər.


Çox sağ olun!

növbəti xəbər əvvəlki xəbər