2016-07-15
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Hörmətli xanımlar və canablar! Bildiyiniz kimi, mənim əziz dosum, qardaşım, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycanda səfərdədir. Bu gün səhər Mevlüt bəy Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunub. Daha sonra biz onunla burada təkbətək və geniş tərkibdə görüş keçirdik. Siyasi, təhlükəsizlik və digər məsələlərə dair müzakirə apardıq. Mən Mevlüt bəyi Ermənistan-Azərbaycan münaqişəsinin indiki durumu, aparılan danışıqlar prosesi barədə məlumatlandırdım. Son iki aydır ki danışıqlar intensiv aparılır. Keçən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Bakıda müzakirələr apardıq. Bundan əlavə, NATO-nun zirvə toplantısında cənab Prezident tərəfindən Fransa prezidenti Fransua Olland və ABŞ dövlət katibi Con Kerri ilə müzakirələr aparıldı. Bu görüşlərdən öncə Sankt-Peterburq şəhərində çox mühüm görüş keçirilmişdi. Biz düşünürük ki,Türkiyə həm regional dövlət, həm də Minsk Qrupunun üzvü olduğu üçün bu danışıqlar barədə məlumatlandırılmalıdır. Mən münaqişə ilə bağlı Azərbaycanın mövqeyini Mevlüt bəyə söylədim. Biz inanırıq ki, danışıqların belə intensiv davam etdirilməsi hansısa bir nailiyyətə gətirib çıxaracaq. Münaqişə mərhələli şəkildə həll olunmalıdır. Hamı qəbul edir ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Bu istiqamətdə iş gedir. Deyə bilərəm ki, intensiv şəkildə iş aparılır. Sankt-Peterburq görüşü barədə həm ABŞ, həm də Fransa prezidentləri məlumatlandırılıblar.

İkitərəfli münasibətlər baxımından, biz iqtisadi məsələlərə toxunduq. Bilirsiniz ki, 8 avqust tarixində biz Azərbaycan, Rusiya və İran prezidentləri səviyyəsində Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə dair danışıqlar aparacağıq. Mən bu barədə Mevlüt bəyi məlumatlandırdım. İpək Yolu layihəsinə dair Türkiyə tərəfi ilə yaxından işləyirik. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il istifadəyə verildikdən sonra İpək Yolu layihəsi tam işə düşmüş olacaqdır. Bununla, Azərbaycan tranzit mərkəz kimi öz rolunu oynayacaqdır. 

Sual-cavab:

Sual: Elmar müəllim sualim sizədir. Ermənistan tərəfi bu səhər cəhbə xəttində təxribat törədib. Şəhidimiz var, allah rəhmət eləsin. Buna münasibətiniz necədir? Yəni bu, Ermənistan tərəfinin danışıqlar prosesini pozmağa cəhd etməsi kimi dəyərləndirilə bilərmi? Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması Ermənistan-Azərbaycan münaqişəsinə öz töhfəsini verə bilərmi?

Elmar Məmmədyarov: Suallarınıza görə çox sağ olun! Mən də azərbaycanlı hərbi qulluqçunun şəhid olması ilə bağlı öz başsağlığımı verirəm. Bu bir daha sübut edir ki, biz danışıqları daha da intensivləşdirməliyik. Mən belə düşünürəm ki, Ermənistanda bəzi qüvvələr bizim intensiv şəkildə danışıqlar aparmağımızı qəbul etmirlər. Çalışırlar ki, ya təmas xəttində, ya da sərhəddə nəsə törətsinlər. Bilirsiniz ki, bundan əvvəl də buna oxşar hadisə baş vermişdi. Bizim bir əsgərimizi snayper ilə vurmuşdular. Bu göstərir ki, bəzi qüvvələr danışıqların nəticə ilə qurtarmasını istəmirlər. Müdafiə Nazirliyi də açıqlama verib. Belə hadisələrə son qoymaq üçün biz danışıqları daha da intensiv şəkildə aparmalıyıq. Sergey Lavrov da Bakıda olanda bildirdi ki, biz tezliklə irəliləyişə nail olmaq üçün düz istiqamətdə irəliləyirik. Ermənistan qoşunları çıxarılmalıdır. Bu birmənalıdır. Əks halda belə xoşagəlməz insidentlər tez-tez baş verə bilər. Bu da yolverilməzdir.

Türkiyə-Rusiya münasibətlərinə gəlincə isə, mən Rusiya xarici işlər naziri ilə birgə mətbuat konfransında bu barədə artıq açıqlama vermişdim. Biz bunu alqışlayırıq. Rusiya və Türkiyə regionda iki böyük dövlətdir. Yenə təkrar edəcəm. Lavrov da bunu söylədi. Rusiya və Türkiyə arasında nə qədər çox mehriban qarşılqlı münasibətlər mövcud olsa, region üçün də, Azərbaycan üçün də o qədər çox faydalı olar. Biz regiondakı layihələr haqqında danışdıq. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolundan Rusiya da yüklərinin daşınması üçün istifadə edə bilər, Azərbaycan vasitəsilə Cənubi Avropaya göndərə bilər. Yəni, biz Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşmasını alqışlayırıq. Həmçinin bu münasibətlər Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də köməklik edə bilər.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər