2016-07-12
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Günortanız xeyir! Bildiyiniz kimi, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Azərbaycanda işgüzar səfərdədir. Dünən Azərbaycan Respublikasının Prezidenti Sergey Lavrovu qəbul etdikdən sonra biz onunla kifayət qədər intensiv müzakirələr apardıq. İkitərəfli əməkdaşlıq və həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı əldə olunmuş nailiyyətləri müzakirə etdik. Məlumdur ki, Sergey Lavrov 4 iyul tarixində Yerevanda olub. Sonra o, buraya gəlib. Bu, Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əldə olunmuş razılıq əsasında baş tutub. Razılaşmada nəzərdə tutulmuşdu ki, Rusiya Federasiyasının xarici işlər naziri münaqişənin nizamlanmasında mövqelərinin yaxınlaşdırılması ilə bağlı əldə olunan nailiyyətləri müzakirə etmək məqsədilə Yerevan və Bakıya səfər edəcəkdir. Deyə bilərəm ki, Sergey Lavrovun bizimlə bölüşdüyü məlumat prinsip etibarı ilə kifayət qədər pozitiv xarakter daşıyır. Azərbaycan tərəfinin qiymətləndirməsi odur ki, biz hazırda məsələ ilə bağlı intensiv dialoqa malikik. Üçtərəfli dialoq da demək olar. Minsk Qrupunun həmsədri qismində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fəal şəkildə prosesdə iştirak edir. Sankt-Peterburq görüşünün nəticələrinə dair cənab Putin həm Fransa prezidenti, həm də ABŞ prezidenti ilə telefon danışığı aparıb.

Varşavada olanda bizim Fransa prezidenti və ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşmək imkanımız oldu. Təbii ki, bütün bu görüş və danışıqlar münaqişənin nizamlanması ilə bağlı razılaşdırılmamış mətn və anlayışlara dair həll yolunu tapmaq üçün aparılıb. Prinsip etibarı ilə anlaşma var, bu ondan ibarətdir ki, mərhələli şəkildə addım-addım biz münaqişə ilə bağlı mövcud problemləri həll etməliyik. Hərbi birləşmələr təkcə bizim ölkə deyil, bütün komponenet təhlükəsizliyi üçün əsas təhlükə təşkil edir. Demək olar ki, təhlükə qlobal xarakter daşıyır. Biz Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin qiymətləndirilməsinə də dair müzakirələr apardıq.

Azərbaycan tərəfinin qiymətləndirməsinə görə Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Qarşılıqlı siyasi fəaliyyətin səviyyəsi çox yüksəkdir. İqtisadi sahənin inkişaf etdirilməsinə böyük maraq var. Hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsinə dair razılığa gəlinib. Biz hazırda maraqlı layihə olan Şimal-Cənub nəqliyyat dəhlizinin birləşdirilməsi haqqında danışdıq. Bir neçə ay bundan əvvəl Rusiya, Azərbaycan və İranın xarici işlər nazirləri Bakıda toplaşmışdı. Orada qərara alınmışdı ki, Rusiya, Azərbaycan və İranın prezidentləri səviyyəsində yenə də Bakıda görüş keçirilsin. Düşünürəm ki, biz gələn ay yekun razılığa gələcəyik. Hər üç tərəf bütövlükdə çox böyük iqtisadi perspektivlərə malik bu nəqliyyat dəhlizinin işə salınmasının vacibliyi ideyasını paylaşır.

Parlamentlər arası diplomatiya parlamentlərimiz arasında kifayət qədər yaxşı fəaliyyət göstərir. Bu, həmçinin beynəlxalq arenada, beynəlxalq parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığı da əhatə edir.

Biz humanitar sahəyə dair müzakirələr apardıq. Məlumdur ki, ölkəmizdə bir neçə Rusiya ali təhsil müəssisəsinin filialları fəaliyyət göstərir. Bu gün yaxşı xəbər aldım ki, Azərbaycan İqtisad Universiteti Dağıstanda, Dərbənddə öz filialını açmağı planlaşdırır. Bu gün biz Sergey Lavrov ilə Azərbaycan ictimaiyyətinin necə coşğu ilə “Jara” mahnı festivalını qarşıladığını müzakirə etdik. Biz bu festivalın hər il ya Azərbaycan, ya da Rusiyada keçirilməsinə çox şad olarıq. Sentyabr ayında Bakıda prezidentlərimizin himayəsi altında növbəti humanitar forum keçiriləcəkdir. Foruma çoxlu sayda xarici qonaqlar dəvət olunub. Bu forum Azərbaycan və Rusiya arasında humanitar sahədə əməkdaşlığın kifayət qədər yüksək olduğunu bir daha sübut edir.

Çox sağ olun! 

Sual-cavab:

Sual: Azərbaycan və Türkiyə arasında olan münasibətlər Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasına necə təsir edir?

Elmar Məmmədyarov: Mən sizə balaca bir sirr aça bilərəm. Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması bizim diskussiyanın da mövzusu olub. Sergey Lavrov həvəslə iki tərəf arasında münasibətlərin normallaşmasının davam etməsinə dair məlumatı bizimlə bölüşdü. Azərbaycan bunu alqışlayır. Biz buna çox şadıq. Bilirsiniz, Azərbaycanın mehriban qonşuluq siyasətinə dair mövqeyi onun xarici siyasət prioritetlərindən biridir. Azərbaycanın Rusiya və Türkiyə kimi böyük qonşuları arasında nə qədər çox mehriban qarşılqlı münasibətlər mövcud olsa, Azərbaycan üçün də o qədər çox faydalı olar, bütün nöqteyi-nəzərdən: xarici, daxili, siyasi və iqtisadi cəhətdən faydalı olar. Buna görə biz yalnız alqışlayır və hadisələrin belə inkişaf etməsinə çox şadıq.

Sual: Prezidentlərin növbəti görüşünün yeri və tarixi müəyyən olunubmu? Fransız tərəfinin təklifi olub. Söhbət münaqişənin nizamlanması ilə bağlı substantiv danışıqların başlanmasından gedir. Hazırda danışıqlar masasında məhz hansı təkliflər var?

Elmar Məmmədyarov: Mən onu əlavə edə bilərəm ki, əgər jurnalistlər müvafiq analiz aparsalar, müzakirə mövzusunun nə olduğunu görərlər. Danışıqlar eyni mövzu ətrafında fırlanır. Çixışların, sözlərin analizindən başa düşmək olar ki biz nəyi müzakirə edirik. İrəliləyiş əldə etmək üçün danışıqların indiki kimi intensivliyi əvvəllər olmayıb. Danışıqlar mövzu ətrafında intensiv və substantiv aparılır. Belə intensiv və ardıcıl müzakirələr fonunda danışıqlar masasında həll olunmamış məsələlərə gələcəkdə optimizmlə baxmaq olar.

Prezidentlərin növbəti görüşünə gəldikdə isə, Vladimir Putinin təşəbbüsü ilə keçirilmiş Sankt-Peterburq görüşü və onun həm Fransa, həm ABŞ prezidentləri ilə telefon danışıqlarından sonra, eləcə də Sergey Lavrovun Yerevana və Bakıya səfərlərinin nəticələrini nəzərə alaraq, prezidentlər səviyyəsində görüş də daxil olmaqla növbəti addımlar müəyyənləşdiriləcəkdir. Bu görüşün Fransa və ya digər Minsk Qrupu həmsədr ölkələrinin birində keçiriləcəyinin əhəmiyyəti yoxdur. Bizim üçün əsas məsələ danışıqların substantiv və nəticəli olmasıdır, danışıqların əbədi aparılacağına dair münaqişə tərəflərində illüziyanın yaranmamasıdır.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər