2016-06-30
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayerin birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və cənablar! Bildiyiniz kimi, ATƏT-in Fəaliyyətdə olan sədri və Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycanda rəsmi səfərdədir. Biz indi onunla təkbətək görüş keçirdik. Məlum olduğu kimi, son il yarım ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasına 4 dəfə səfər edib. Bundan başqa, mən və digər nazirlər Almaniyada rəsmi və işgüzar səfərlərdə olmuşuq. Almaniya və Azərbaycan arasında münasibətlər günü-gündən gücləndirilir və inkişaf etdirilir. Azərbaycan Almaniyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır və iqtisadi baxımdan alman şirkətləri Azərbaycanda geniş fəaliyyət göstərirlər. Mətbuat konfransından sonra həmkarımla biz danışıqları, həmçinin regional layihələrə, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və enerji layihələrinə dair müzakirələri geniş şəkildə davam etdirəcəyik. Azərbaycanın iştirak etdiyi bu enerji və nəqliyyat layihələrinə Almaniya tərəfi, alman şirkətləri böyük maraq göstərir. Azərbaycan və Almaniya əlaqələrinin çox böyük tarixi vardır. 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi qeyd olunacaq. Biz YUNESKO-nu da bu tədbirə cəlb etmək istəyirik. Alman irsi Azərbaycanın təşəbbüsü ilə YUNESKO-un mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Azərbaycan hökuməti Azərbaycanda alman abidələrinin qorunması üçün bərpa işləri aparır. Məndə olan son məlumata görə 4 kilsə bərpa edilmişdir. Almanların yaşamış olduğu kənd və qəsəbələr təmir olunmuşdur.

Biz Avropa İtiifaqı ilə münasibətlərə də toxunduq. Bildiyiniz kimi, Azərbaycan Aİ-yə Strateji Tərəfdaşlıq Sazişinin layihəsini təqdim etmişdir. Biz inanırıq ki, bu ilin payızında Avropa İttifaqı bu saziş layihəsi üzrə danışıqlara başlamaq üçün mandat verəcəkdir. Ümumiyyətlə, Aİ və Azərbaycan arasında münasibətlər günü-gündən gücləndirilir. Bu günlərdə Aİ-nin yeni Qlobal strategiyası təqdim edilmişdir. Sənəddə dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və mübahisəli məsələlərin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin əsas elementləri olduğu bildirilir.

Biz həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Bildiyiniz kimi, cənab Ştaynmayer Yerevandan sonra Bakıya səfər edib, orda da bu məsələyə toxunub. Bilirsiniz ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü müsbət qiymətləndirilir. Bu məsələ ilə tam ciddi məşğul olmağın vaxtıdır. Bu münaqişə həll olunmalıdır. Başa düşürük ki, birdəfəyə tam şəkildə həll etmək çətindir, amma addım-addım münaqişənin həllində irəliləyiş əldə edə bilərik. Azərbaycan tərəfi birmənalı şəkildə elan edir ki, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Münaqişənin həlli yolu bəllidir-beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Mövcud status-kvonun dəyişdirilməsinin vaxtı çatıb. Hamı üçün bəllidir ki, mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır.

Sual-cavab:

Sual: Birinci sualım cənab Ştaynmayerədir. Ermənistanda olanda siz Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyan ilə görüşmüsünüz. Bilmək istərdik ki, o, sizinlə hansı statusda görüşüb və siz Dağlıq Qarabağın azərbaycanlı icması ilə də belə bir görüş keçirmisinizmi? Ermənistanda siz verdiyiniz açqılamalarda bildirmisiniz ki, indiki status kvo dayanıqlı deyil. Sizi bununla nəyi nəzərdə tutmusunuz? Yəni bununla işğala son qoymaq üçün Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunuzmu demək istəmisiniz? İkinci sualım cənab Məmmədyarovadır. Sankt-Peterburq görüşündən sonra daha bir görüş olacağı barədə hələki elan olunmayıb. Ya prezidentlər, ya xarici işlər nazirlərinin bir-biriləri ilə və ya həmsədrlər ilə hər hansı bir görüşü planlaşdırılırmı? Həmçinin Fransanın növbəti görüşə ev sahibliyi edəcəyinə dair ehtimallar səslənir. Hətta bu görüşün növbəti ayın 20-də keçiriləcəyinə dair xəbərlər var. Ümumiyyətlə, Fransa növbəti görüşə ev sahibliyi edəcəkmi?

Elmar Məmmədyarov: Sankt-Peterburq görüşünün nəticələrindən biri kimi prezidentlər səviyyəsində razılığa gəlinib ki, Rusiyanın xarici işlər naziri S.Lavrov regiona səfər etsin. Artıq elan olunub ki növbəti ayın 4-də Lavrov Yerevana gedəcək və sonra Bakıya səfər edəcək. Biz onunla danışıqları ciddi şəkildə davam etdirəcəyik.Çox güman ki, növbəti görüş də prezidentlər səviyyəsində olacaqdır. İndi mən deyə bilmərəm ki, görüş harda olacaq. Amma məlumdur ki, Fransa tərəfindən belə bir təklif olub. Fransa xarici işlər naziri görüşün Parisdə keçirilməsini təklif edib. Biz etiraz etmirik. Bizim üçün fərqi yoxdur. O mənada ki, bizim üçün əsas danışıqların nəticəli olmasıdır. Yəni, danışıqlar substantiv olsun. Biz istəyirik ki, sülh üçün danışıqlar danışıqlar xatirinə olmasın, nəticəli olsun.

Sual: İlk sualim alman nazirədir. “North Stream 2” layihəsi ilə bağlı çoxlu tənqidlər mövcuddur. Aİ-nin siyasətinə uyğun olmadığını düşünürlər. Siz necə düşünürsünüz? Həmçinin TAP və TANAP layihələri haqda nə deyə bilərsiniz? İkinci sualım cənab Məmmədyarovadır. Siz Azərbaycanda alman irsi haqqında danışdınız. Onun dünyada təşviq edilməsi üçün hansı işlər görüləcəkdir?

Elmar Məmmədyarov: Biz bu məsələni Almaniyanın xarici işlər naziri ilə müzakirə etmişik. Mən ona bununla bağlı məktub ünvanlamışam. 1817-ci ildə almanların ilk icması Azərbaycanda məskunlaşmışdır. Onlar ilk olaraq Tovuz, Ağstafa, Gəncə və Mingəçevir ərazilərində məskunlaşmışlar. Biz Gədəbəydə yerləşən “Siemens” muzeyinin, Göygöldəki regional muzey, memorial ev muzeyinin bərpa olunmasını müzakirə edəcəyik. Azərbaycanda Göygöldə yaşamış sonuncu alman 2007-ci ildə vəfat edib. Bizim Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “Azərbaycanda alman icmaları” adlı layihəmiz var. Cənab Ştaynmayerə ünvanlanmış məktubda çoxlu təkliflər öz əksini tapıb. Biz YUNESKO-nun iştirakı ilə 200 illlik yubileyi də qeyd edəcəyik.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər