2016-02-10
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallströmün birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və cənablar! Bildiyiniz kimi, İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycanda işgüzar səfərdədir. Biz onunla həm təkbətək, həm də geniş tərkibdə geniş müzakirələr apardıq. İsveçlə Azərbaycan arasında siyasi münasibətlər çox yüksək səviyyədədir. Stokholmda Azərbaycan Respublikasının səfirliyi fəaliyyət göstərir. İsveç də Azərbaycanda öz nümayəndəliyini açıb. Məlumdur ki, İsveçin Azərbaycandakı səfiri Stokholmda oturur və səfirlik burada müvəqqəti işlər vəkili səviyyəsində fəaliyyət göstərir. Biz səfirin Azərbaycanda yerləşəcəyini gözləyirik. Mən arzu edirəm ki, bu səfərdən sonra İsveç hökuməti səfirin Azərbaycanda yerləşməsi barədə qərar qəbul etsin.

Biz indi xanım nazirlə çox önəmli bir sənədi - “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı imzaladıq. Bu, iqtisadi və hüquqi baxımdan çox vacib bir sənəddir. Baxmayaraq ki bir sıra İsveç şirkətləri Azərbaycanda fəaliyyət göstərir, bu sənəd İsveç şirkətlərinə Azərbaycana daha çox investisiya yatırmağa imkan yaradacaq.

Mən xanım naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyi barədə məlumatlandırdım. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi ədalətlidir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. İsveç gələn ildən BMT Təhlükəsizlik Şurasının üzvü seçilmək istəyir. Bu yaxınlarda Nyu-Yorkda bununla bağlı səsvermələr keçiriləcək. Mən inanıram ki, İsveç BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi təqdirdə, həmin qətnamələrin yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir.

Sonra humanitar məsələlərə toxunduq. Xanım nazir qadın və ailə məsələlərinə böyük maraq göstərir. Mən də öz tərəfimdən onu dəstəklədiyimi bildirdim. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşlarının 48 faizi qadınlardan ibarətdir. Bu, İsveç ilə müqayisədə bir az aşağı rəqəm olsa da, Azərbaycan üçün çox yaxşı nəticədir. Xanım nazir yaxşı bir təklif irəli sürüb. Münaqişənin həll edilməsi prosesinə qadınların cəlb olunması və bu prosesdə, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsində qadınların rolunun artırılması təklifini irəli sürüb. Biz bu təklifi həmişə dəstəkləmişik. Düşünürük ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında nə qədər çox görüş olarsa, o qədər münaqişənin həll olunması prosesinə kömək etmiş olar. Bizim hazırda didərgin vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıtmış olarlar. Ona görə biz bu təklifi tam şəkildə dəstəkləyirik.

Bir məsələni də qeyd edim ki, Azərbaycan artıq rəsmi şəkildə Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişi layihəsini Aİ-yə təqdim edib. Mən İsveç tərəfinə bununla bağlı danışıqların başlanmasına dəstək verdiyi üçün təşəkkür edirəm.

Biz viza məsələsini də müzakirə etdik. Biz Avropa İttifaqı ölkələri ilə bütün növ pasportlar üçün vizaların sadələşdirilməsinə çalışırıq. Biz istəyirik ki, bizim vətəndaşlar Avropa ölkələrinə sərbəst gedib-gələ bilsinlər.

Sual-cavab:

Sual: İlk növbədə xanım nazirə sualım var. Sualım ondan ibarətdir ki, İsveç həm də ATƏT-in Minsk Qrupunun üzvüdür. Dağlıq Qarabağ münaqişəsinin həlli olunması üçün İsveç hansı addımı ata bilər? Cənab nazirə də sualım belədir ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan hansı səviyyədə təmsil olunacaq? İkinci sualım da belədir ki, bir neçə gün bundan öncə amerikalı konqresmen Adam Şift AŞPA-da Dağlıq Qarabağla bağlı sənədin qəbul olunmamasında ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın böyük rolunun olduğunu qeyd etmişdir. Azərbaycan tərəfinin buna münasibəti necədir?

Elmar Məmmədyarov: Təşəkkür edirəm. Xanım nazir özü mənə münaqişənin həlli prosesində İsveçin rolunun nə ola biləcəyi barədə sual verdi. Biz müzakirələr apardıq. Təkcə Minsk Qrupu həmsədrləri deyil, bütün üzv ölkələrin birgə konfransının təşkil olunması təklifini müzakirə etdik. İsveç də Minsk Qrupunun üzvüdür. Vaxtilə, İsveçin təcrübəli diplomati Yan Eliasson bu münaqişə ilə məşğul olub, münaqişəni dərindən araşdırıb, regiona bir neçə dəfə səfər edib və çalışıb ki, münaqişənin həlli prosesinə töhfə versin. Digər bir təklif - münaqişənin həll edilməsi prosesində ictimaiyyət nümayəndələri kimi qadınların rolunun artırılması təklifini müzakirə etdik. Azərbaycan tərəfi hər iki təkliflə razıdır. Münhen Təhlükəsizlik Konfransında iştiraka gəldikdə, Azərbaycan cənab Prezident səviyyəsində təmsil olunacaq. Konfransda enerji məsələləri ilə bağlı təşkil olunacaq paneldə cənab Prezidentin çıxışı nəzərdə tutulub. İkinci sualla bağlı onu demək istəyirəm ki, ilk növbədə bu sual xanım Nuland və konqresmen Şiftə ünvanlanmalıdır. İkincisi, bu məsələnin araşdırılması ilə bağlı artıq Vaşinqtondakı səfirliyimizə tapşırıq verilib. Məlumat əldə olunan kimi mətbuat katibi məsələ ilə bağlı açıqlama verəcək.

Sual: İlk sualım xanım nazirədir. Polşa “Şərq Tərəfdaşlığı” proqramının iflasa uğradığını bildirib. İsveç “Şərq Tərəfdaşlığı” proqramının əsas təşəbbüskarlarından biridir. Bununla bağlı nə düşünürsünüz? Həmçinin Avropa İttifaqı keçmiş post-sovet məkanında Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, yalnız Azərbaycandakı münaqişə ilə bağlı qəti mövqe nümayiş etdirməyib. Buna münasibətiniz necədir? Cənab nazir, sizə sualım da ondan ibarətdir ki, Minsk Qrupu AŞPA-da münaqişə ilə bağlı bir qədər birtərəfli mövqe nümayiş etdirdi. Bundan sonra münaqişənin həllini Minsk Qrupunun mandatı ilə necə görürsünüz və yüksək səviyyəli görüşlər planlaşdırılırmı?

Elmar Məmmədyarov: Mənim cavabım çox qısa olacaq. Minsk Qrupu həmsədrləri ilə hələki hər hansı bir görüş planlaşdırılmır.

Sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər