2016-02-03
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias ilə birgə mətbuat konfransı

Xanımlar və cənablar! 

Bildiyiniz kimi, Yunanıstan Respublikasının xarici işlər naziri cənab Nikos Kotzias Azərbaycanda rəsmi səfərdədir. Artıq bu gün möhtərəm cənab Prezident İlham Əliyev Yunanıstanın xarici işlər nazirini qəbul edib. Çox geniş müzakirələr aparılıb.

Ondan sonra cənab nazir Xarici İşlər Nazirliyinə gəlib. Biz həm təkbətək, həm də geniş tərkibdə müzakirələr apardıq. Bildiyiniz kimi, Azərbaycan və Yunanıstan arasında çox geniş və ətraflı əməkdaşlıq inkişaf edir. Biz həm siyasi məsələlərə, həm təhlükəsizlik məsələlərinə toxunduq. 

İlk növbədə mən cənab naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyi barədə məlumatlandırdım. Biz bu münaqişəyə dair Yunanıstanın mövqeyini bilirik. 

Həmçinin Avropada gedən proseslərə, miqrasiya probleminə toxunduq. Bildiyiniz kimi, Azərbaycan artıq rəsmi şəkildə Avropa İttifaqına strateji əməkdaşlıq layihəsini təqdim edib. Biz gözləyirik ki, bu ayın sonlarında Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Federika Moqerini Azərbaycanda rəsmi səfərdə olacaq. Biz gözləyirik ki, artıq Avropa İttifaqı bu layihə üzərində rəsmi şəkildə işləməyə başlayacaq. Azərbaycan tərəfi bu danışıqlara hazırdır. 

Enerji məsələsinə toxunduq. Bilirsiniz ki, Yunanıstan Azərbaycan ilə çox önəmli enerji layihəsində, təbii qazın Avropa bazarına çıxarılmasında geniş əməkdaşlıq edir. Bir boru xətti Yunanıstanın ərazisindən keçəcək və bu Trans-Adriatik boru kəməri adlandırılır.

Ümumiyyətlə deyə bilərəm ki, Yunanıstan ilə Azərbaycan arasında əməkdaşlıq günü-gündən genişlənir və biz bu baxımdan beynəlxalq təşkilatlarda da əməkdaşlığımızı davam etdirmək və genişləndirmək barədə razılığa gəlmişik. 

Sual-cavab:

Sual: Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə yaxşı münasibətləri vardır. Son vaxtlar Türkiyə və Rusiya arasında münasibətlərdə gərginliyin baş verdiyinin şahidi oluruq. Bu vəziyyətdən Azərbaycan da narahatçılıq keçirirmi və bu mini böhran Qafqaz regionuna necə təsir edir?

Elmar Məmmədyarov: Əlbəttə, biz narahatçılıq keçiririk. Bu, bizim Türkiyə, eləcə də Rusiya rəsmiləri ilə müzakirələrimin tərkib hissəsi olub. Mən həm Türkiyənin, həm Rusiyanın xarici işlər nazirləri ilə bu məsələni müzakirə etmişəm. Biz çalışırıq ki, bu vəziyyət keçmişdə qalsın və təkcə Türkiyə və Rusiya arasında ikitərəfli münasibətləri deyil, digər sahələrdə də əməkdaşlığı çətinləşdirməsin. Bizim Türkiyə ilə strateji əlaqələrimiz vardır, bir sıra önəmli sənədlər imzalamışıq, həmçinin Rusiya ilə də strateji tərəfdaşlığımız vardır. Hər iki ölkə Azərbaycanın ən böyük ticarət tərəfdaşları sırasındadır. Ölkələrimiz arasında iqtisadi əlaqələr, siyasi anlaşma yüksək səviyyədədir. Prezidentlər, xarici işlər nazirləri, digər hökumət üzvləri səviyyəsində qarşılıqlı səfərlərimiz olur. Azərbaycan bu ölkələr arasında əməkdaşlığın bərpa olunması üçün səy göstərir və yollar axtarmağa çalışır. 

Sual: Cənab nazir, hər ikinizə sualım var. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu yaxınlarda Minsk Qrupunun həmsədrləri ilə görüşün olacağını deyib. O, Azərbaycanın ünvanına bir sıra ittihamlar irəli sürüb. Buna münasibət bildirməyinizi istərdik. Digər bir sualım ondan ibarətdir ki, cənab Prezident bu yaxınlarda Minsk Qrupunun fəaliyyətini tənqid edib. Hazırkı vəziyyətdə Minsk Qrupundan imtina etmək realdırmı?

Elmar Məmmədyarov: Bəli, biz Minsk Qrupunun həmsədrlərinin fəaliyyətindən narazıyıq. Çünki neçə illər ərzində həmsədrlər öz fəaliyyətləri ilə münaqişənin həllində cüzi də olsa irəliləyişə nail olmayıblar. Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Biz ona görə həmsədrlərdən bu istiqamətdə fəaliyyətlərini gücləndirməyi tələb edirik. Azərbaycanın torpaqları zəbt olunub, işğal altındadır. Bir milyon qaçqınımız var. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü həmsədrdir, lakin onlar fəaliyyətlərində heç bir irəliləyişə nail olmayıblar. Əlbəttə ki, Azərbaycan öz narazılığını bildirib. Bildiyiniz kimi, bu həmsədrlər AŞPA-da müzakirə olumam qətnamələrin əleyhinə bəyanatla çıxış ediblər. Mən öz tərəfimdən həmkarlarıma, hər üç ölkənin xarici işlər nazirlərinə məktub ünvanlanmışam. Biz bu mövqenin qəti əleyhinəyik. Birincisi, bu Azərbaycanın suveren hüququdur. Biz beynəlxalq təşkilatlarda istənilən məsələni qaldıra bilərik. Digər ölkələr buna qarşı çıxış edə bilməz. İkincisi, onlar Avropa Şurası Parlament Assambleyasının deputatlarına təzyiq edə bilməzlər. Bu məntiqsiz və qanunsuzdur. Minsk Qrupundan imtina məsələsinə gəldikdə, həmsədr ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onlar Minsk Qrupunda vasitəçiliyi davam etdirmək istəyirlərsə, həmin qətnamələrin yerinə yetirilməsinə çalışmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Həmsədrlər ilə görüşə gəldikdə, bizə hələ ki bu barədə hər hansı təklif verilməyib. Onların Strasburqda AŞPA deputatlarına etdiyi təzyiqə görə bu yaxınlarda görüşün baş tutacağına inanmıram. Bununla bağlı həmsədrlərin səsləndirəcəyi bəyanatı gözləyirəm. 

Sağ olun.

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər