2015-11-27
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun birgə mətbuat konfransı

Xanımlar və cənablar!

Bildiyiniz kimi, artıq həm Azərbaycanda, həm də Türkiyədə formalaşmış ənənəyə görə dövlətlərimizin Prezident, Baş nazir və xarici işlər nazirlərinin ilk səfəri müvafiq olaraq Bakı və ya Ankaraya olur. Mevlüt bəyi Bakıda salamlamaqdan çox şadam. Bildiyiniz kimi, Mevlüt bəy bu gün cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir. Həmçinin Baş nazir cənab Artur Rəsi-zadə və Milli Məclisin spikeri cənab Oqtay Əsədov ilə görüşmüşdür.

Həmkarımla ikitərəfli və geniştərkibli görüşlərimiz oldu. Görüşlər zamanı bir çox məsələləri müzakirə etdik. İlk olaraq, Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu barədə cənab Naziri məlumatlandırdım. Bildiyiniz kimi, son aylarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və Yerevana səfər etmişdir. Nazir Sergey Lavrov danışıqlar prosesindəki ətalətə son qoyulması üçün təkliflər irəli sürmüşdür. İrəli sürülmüş təkliflər həmsədr dövlətlərin adından Rusiya tərəfindən təklif edilmişdir. Bu sahədə ən böyük problem Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə Ermənistan qoşunlarının mövcudluğudur. Bu, təhlükəsizlik, sosial, iqtisadi baxımdan bütün region üçün başlıca əngəldir. Həmsədrlərin Azərbaycana son səfərində Prezidentlər səviyyəsində görüşün keçirilməsi təklif edilmişdir. Azərbaycan tərəfi bu görüşün təşkilinə müsbət cavab vermişdir. Çox güman ki, gələn ay, ilin sonuna kimi bu görüş baş tutacaq. Hazırda həmsədrlər görüşün təşkili üzərində işləyir.

Görüşdə həmçinin Azərbaycan və Türkiyənin enerji sektorunda əməkdaşlığı barəsində müzakirələr apardıq. Bu məsələdə Azərbaycan və Türkiyə eyni mövqeyi bölüşür. TANAP layihəsi plana uyğun şəkildə yerinə yetirilir. Dünən Tbilisidə olarkən, gürcü həmkarımla ilin sonuna qədər üçtərəfli formatda görüşün keçirilməsini razılaşdırdıq. Bu məsələyə bu gün Mevlüt bəy də öz müsbət mövqeyini bildirdi. Çox güman ki, ilin sonuna qədər Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmçinin görüşün davamı olaraq, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstandan keçən hissəsi ilə yerindəcə tanış olmaq nəzərdə tutulmuşdur. Biz inanırıq ki, çox önəmli dəmiryol xətti gələn ilin əvvəllərində fəaliyyətə başlayacaq. Mevlüt bəy də görüş zamanı Türkiyə hökumətinin dəmiryolunun Türkiyə tərəfindən keçən hissəsinin inşasını gələn il tamamlanmasını nəzərdə tutduğunu bildirdi. Əminəm ki, bu dəmiryol xətti layihəsi Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə olan əməkdaşlığın yeni mərhələyə keçməsinə töhfə verəcək.

Təşəkkür edirəm.

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər