2015-10-20
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzın birgə mətbuat konfransı

Xanımlar və cənablar!

Sizi Xarici İşlər Nazirliyində salamlayıram. Bildiyiniz kimi, Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Sanz Azərbaycanda ilk rəsmi səfərdədir, bu baxımdan bu səfəri “tarixi səfər” adlandırmaq olar.

Azərbaycan Latın Amerika regionu, o cümlədən Mərkəzi Amerika dövlətləri ilə münasibətlərə böyük önəm verir, qarşılıqlı səfərlər həyata keçirilir. Hələ ötən ay Panamaya rəsmi səfər etdim, bu gün Kosta Rikanın xarici işlər naziri Azərbaycanda rəsmi səfərdədir.

Geniştərkibli görüş zamanı həmkarımla region dövlətləri ilə daha geniş əlaqələr qurulması məsələsini müzakirə etdik. Həmçinin qarşılıqlı olaraq beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin Nyu-York və Cenevrədəki ofisləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə etdik.

Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı mərhələsi, işğal edilmiş ərazilərimizdən didərgin salınmış məcburi köçkünlərin durumu və dövlətin qayğısına dair həmkarımı məlumatlandırdım.

İqtisadi sahədə, Kosta Rikanın iqtisadiyyatının yüksək inkişaf tempinə malik olması sərmayələrin yatırılması baxımından Azərbaycan üçün maraqlı bazar kimi nəzərdən keçirilə bilər. Həmçinin turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.

Mətbuat konfransından sonra cənab Nazir ADA Universitetində görüşlər keçirəcək və əməkdaşlıq haqqında saziş imzalanacaq. Həmçinin iki dövlət arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizadan azad edilməsi haqqında müqavilə layihəsi Azərbaycan tərəfindən baxılmaqdadır.

Sual-cavab:

Sual: Cənab Nazir, Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlarda bir fasilə müşahidə olunmaqdadır. Prezidentlərin mümkün görüşü barəsində nə deyə bilərsiniz? Belqradda 2 dekabr 2015-ci il tarixində keçiriləcək ATƏT-in Nazirlər Toplantısında iştirak edəcəksinizmi?

Elmar Məmmədyarov: Həmsədrlər gələn həftə, 26-28 oktyabr tarixlərində regiona səfər edəcək. Nyu Yorkda Prezidentlərin görüşü üzrə hazırlıq barəsində geniş müzakirələr aparılıb. Həmsədrlərin irəli sürəcəyi təklifləri gözləmək lazımdır. Hazırda iki variant var: Prezidentlər görüşsələr müzakirə ediləcək məsələləri özləri müəyyən edəcək; ikinci variant kimi, həmsədrlərin konkret irəli sürəcəyi təkliflər ətrafında müzakirələr aparılacaq. Hələ ki bu məsələ açıqdır.

ATƏT-in Nazirlər Toplantısında, çox güman ki Azərbaycan tərəfi də iştirak edəcək.

Təşəkkür edirəm.

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər