2015-10-19
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvilinin birgə mətbuat konfransı

Hörmətli xanımlar və cənablar!

Sizi Xarici İşlər Nazirliyində salamlayıram. Bildiyiniz kimi, Gürcüstanın xarici işlər naziri və Baş nazirinin müavini Giorgi Kvirikaşvili Azərbaycanda ilk rəsmi səfərdədir. Səfərinin ilk günündə cənab nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Baş nazir Artur Rəsi-zadə və Milli Məclisin Sədri Oktay Əsədov tərəfindən qəbul edilmişdir.

Həmkarımla təkbətək və geniş tərkibdə görüşərək bir sıra məsələləri müzakirə etdik. Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlıq münasibətləri gündən-günə gücləndirilir. Siyasi sahədə, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində eyni mövqedən çıxış edir. İqtisadi sahədə, enerji və Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə dair geniş müzakirələr apardıq. Həmçinin, Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yanaşı, nəqliyyat dəhlizinin inkişafına dair də fikir mübadiləsi apardıq. Məlumat üçün bildirim ki, həmkarımın cənab Prezident ilə görüşündə cənab Prezident nəqliyyat dəhlizinin Gürcüstan və Azərbaycan tərəfindən birgə dünyaya təqdim edilməsi barədə təklif irəli sürmüşdür. Orta Asiya, Çin kimi geniş coğrafiyanı əhatə edəcək layihənin tezliklə istifadəyə verilməsinə ümid edirik. Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Gürcüstan ərazisindən keçən hissəsində artıq tikintilər başa çatdırılıb. Türkiyə ərazisindən keçən hissənin inşasının bu ilin sonu və ya gələn ilin əvvəllərinə yekunlaşacağına ümidvarıq. İndiki halda, dəmiryolunun Türkiyədəki hissəsinin tikintisi başa çatana qədər, dəmiryolunun hazır hissəsinin istifadəyə verilərək dünyaya təqdim edilməsinə çalışacağıq.

Cənab nazirlə həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2015-ci il tarixində Gürcüstana rəsmi səfəri və səfər çərçivəsində imzalanması nəzərdə tutulan sənəd layihələri barəsində fikir mübadiləsi apardıq. Bu xüsusda, humanitar sahədə Giorgi Kvirikaşvili Azərbaycan Dram Teatrının fəaliyyəti məsələsinin çözülməsinə yardımçı olacağını bildirdi.

Delimitasiya sahəsində komissiyanın öz işini davam etdirməsinin vacibliyini vurğuladıq. Bildiyiniz kimi, delimitasiya məsələsinin müzakirəsi üçün 2015-ci ilin mart ayında Gürcüstan tərəfi ilə Bakıda müzakirələr aparılıb. Komissiyanın növbəti iclasının 2016-ci ilin əvvəllərindən gec olmayaraq keçirilməsini qərara aldıq.

Təşəkkür edirəm.

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər