2015-09-16
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun birgə mətbuat konfransı

Xanımlar və cənablar!

Bildiyiniz kimi, Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğu Azərbaycanda rəsmi səfərdədir.

Bu gün biz həm təkbətək, həm də geniş tərkibli görüşlərdə bir çox məsələləri müzakirə etdik. 

İqtisadi sahədə gündəmdə olan irimiqyasli regional və strateji xarakterli enerji və nəqliyyat layihələri barəsində fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, yalnız Cənubi Qafqaz regionu üçün deyil, həmçinin Orta Asiya regionu üçün də böyük önəm daşıyan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin Azərbaycan və Gürcüstandan Türkiyə sərhədinə qədər olan hissəsində işlər artıq tamamlanmışdır. Biz inanırıq ki, bu ilin sonu və ya gələn ilin əvvəlləri üçün dəmiryolunun Türkiyə ərazisindən keçən hissəsində də tikinti işləri başa çatacaq. Bu strateji layihə insanlar üçün də alternativ nəqliyyat seçimi imkanlarını təklif edəcək. Qeyd etdiyim kimi, bu layihə Cənubi Qafqaz regionu ilə yanaşı, Orta Asiya üçün də önəmlidir. Bir neçə gün öncə Türk Şurası çərçivəsində keçirilən müzakirələrdə bu məsələ ilə bağlı da fikir mübadiləsi apardıq. Qazaxıstan və Türkmənistan bu dəmiryolundan istifadəyə çox maraqlıdır. Həmçinin Çin də bu sahədə maraqlı olduğunu bildirmişdir. Dəmiryolu layihələri həm də insanlar arasında bir körpüdür və xalqları bir-birinə daha da sıx bağlayır.

Müzakirələrimiz zamanı regional məsələlərə də toxunduq, Suriyadakı vəziyyət, miqrantlarla bağlı yaranmış böhran barəsində fikirlərimizi bölüşdük. Bu, bizim üçün çox vacib məsələdir, öz tarixində məcburi köçkün problemi ilə üzləşmiş bir ölkə olaraq Azərbaycan bu problemin mahiyyəti və çətinliklərindən xəbərdardır. Türkiyədə hazırda iki milyondan artıq Suriyadan olan miqrantlar yerləşdirirlib. Bu kimi münaqişələrin həlli məsələsində Türkiyəni tamamilə dəstəkləyirik, çünki münaqişələrin nizamlanması bu insanların öz torpaqlarına qayıtmasına imkan yaradacaq.

Mən bir daha cənab nazirə Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz və qəti mövqeyinə görə təşəkkür edirəm. Cənab nazirlə 25 ilə yaxındır ki dost münasibətlərimiz var, Feridun bəy Türkiyənin BMT yanından Daimi Nümayəndəliyində çalışan zaman BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin mətni üzərində çalışmaqda yaxından iştirak etmişdir.

Sual-cavab

Sual: Cənab nazir, BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçiriləcəkmi? İlin sonuna qədər hər iki ölkənin prezidentlərinin görüşü nəzərdə tutulubmu?

Elmar Məmmədyarov: Bəli, 24-25 sentyabr tarixlərində görüşlərin keçirilməsi nəzərdə tutulub. Formata əsasən, ilk olaraq, həmsədrlərin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda, daha sonra isə birgə görüşün keçirilməsi planlaşdırılır. Son zamanlar danışıqlılar xeyli intensivləşib, ümid edirik ki, bu proses həm də nəticə verəcək. Rusiyanın Minsk Qrupunun həmsədri kimi danışıqlarda öz diplomatiyasını gücləndirməsi müşahidə edilməkdədir, Sergey Lavrov və mən qarşılıqlı səfərlər həyata keçirmişik. Nəticənin əldə edilməsi üçün bəzi məsələləri razılaşdırmalıyıq.

Təşəkkür edirəm.

 Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər