2015-02-25
Xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Hörmətli xanımlar və cənablar! Bildiyiniz kimi, Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlud Çavuşoğlu Azərbaycanda ilk rəsmi səfərdədir. Bu gün səhər Mövlud bəyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul edib. Biz indi ikitərəfli münasibətləri həm təkbətək, həm də geniş tərkibdə müzakirə etdik. Ulu Öndər Heydər Əliyevin kəlamına uyğun olaraq, ölkələrimiz arasında olan əlaqələr “bir millət iki dövlət” prinsipinə əsaslanır.

İlk növbədə, Mövlud Çavuşoğluna Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum barəsində məlumat verdim. Həmsədrlərin regiona səfəri və aparılan müzakirələr haqqında məlumatlandırdım. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür və Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını və Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan azad olunmasını hərtərəfli dəstəkləyir. Biz həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə etdik. Bildiyiniz kimi, keçən ay Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri olaraq, Türkmənistanda görüşdük. Bu istiqamətdə işimizi davam etdirəcəyik.  Keçən həftə İran İslam Respublikasının xarici işlər naziri Bakıda səfərdə olarkən razılaşdıq ki, yaxın zamanda Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin İranda növbəti görüş keçirilsin.
 
İqtisadi baxımdan, Bakı-Tbilisi-Qars kimi böyükmiqyaslı layihələr həyata keçiririk. Qarşıdan gələn aylar ərzində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşü Gürcüstanda keçiriləcəkdir. Belə bir təklif var ki, Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri tərəfindən Bakı-Tbilisi-Qars dəmiryol xəttinə də baxış keçirilsin. Artıq bu il dəmiryolu istifadəyə veriləcək və biz inanırıq ki, strateji əhəmiyyətli layihə kimi Bakı-Tbilisi-Qars nəqliyyat və infrastruktur baxımından böyük imkanlar yaradacaqdır. Ümumiyyətlə, enerji məsələləri daxil olmaqla, bir çox məsələlərə toxunmuşuq. Trans-Anadolu (TANAP) çox önəmli bir layihədir. Azərbaycan və Türkiyənin birlikdə bu layihəni 2018-2019-cu ildə təhvil verəcəyinə inanırıq.
 
Türkiyə tərəfindən Azərbaycanın “G-20” dəvət olunmasını yüksək qiymətləndiririk. Artıq Azərbaycan nümayəndələri tam şəkildə “G-20”  ilə əlaqədar tədbirlərdə iştirak edirlər. Bütün məsələlər üzrə Azərbaycan ilə Türkiyə arasında sıx təmaslar vardır və milli maraqlarımıza uyğun məsələlərdə qarşılıqlı şəkildə dəstək veririk.
 
Sual: Viktoriya Nuland Bakıya səfər etdi, daha sonra isə həmsədrlər regiona səfər etdilər. Girov götürülmüş şəxsləri Ermənistan qaytarmaq istəmir. Onların taleyi ilə bağlı öyrənmək istərdik.
 
Elmar Məmmədyarov: Girov götürülmüş soydaşlarımızın azad edilməsi daim gündəmdədir. Viktoriya Nuland və həmsədrlər bu məsələni Yerevanda qaldırıblar. Avropa İttifaqının xüsusi nümayəndəsi səfir Zilmer də bu məsələni qaldırır. Ermənistan tərəfi iki nəfər soydaşımızı girov saxlaya bilməz və onları Azərbaycana geri qaytarmalıdırlar. Mən tam şəkildə əminəm ki, gec-tez bu məsələyə nail olacağıq və onları geri qaytaracağıq. O ki qaldı həmsədrlərin səfərinə, onların səfərindən öncə söylədiyim kimi, həmsədrlər danışıqları hər hansı bir formada hərəkətə gətirmək üçün təkliflər verirlər. Müxtəlif istiqamətlərdə fəaliyyətin aparılması üçün işçi qruplarının yaradılması barəsində təkliflər var idi. İşçi qruplar səviyyəsində müzakirə edilməsi üçün nəqliyyat və su təminatının bərpası, qaçqınların geri qayıtması və sair kimi texniki məsələlər vardır. Əvvəlcədən işçi qruplarının fəaliyyətə başlaması gələcəkdə vaxt itirməmək və hazırlıq baxımdan faydalı olardı. Azərbaycan öz tərəfindən bu istiqamətdə iş görür. Belə ki, Dünya Bankı ilə birlikdə bizdə artıq bu işlərin qurulmasına dair hazırlıq var. Amma ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.  İşğalçı qoşunlar orda qalmaqda davam edərkən bu layihələri icra etmək mümkün deyil. Ona görə də atəşkəs pozuntusundan danışarkən sual ondan ibarətdir ki, Ermənistan əsgərləri Ağdamda, Füzulidə nə edirlər? Cənab Prezident Münhendə çıxış edərkən Ermənistan nümayəndəsinə açıq şəkildə cavab verdi ki, erməni əsgəri Ağdamda nə edir? Həmsədrlərlə də müzakirələrdə qeyd edirik ki, məsələ atəşkəsin pozulması deyil.  Birmənalı şəkildə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Eyni zamanda ATƏT və digər beynəlxalq təşkilatların da sənədləri vardır. Yəni, beynəlxalq hüquq birmənalı şəkildə Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Təəssüf ki, BMT TŞ-nın bəzi qətnamələri dərhal edilir, bəzi qətnamələr isə elə belə qalır. Amma məsələnin həll olunacağına və Azərbaycan torpaqlarının işğaldan azad olunacağına əminik. Gürcüstan xarici işlər naziri ilə Tbilisidə keçirdiyimiz mətbuat konfransında da demişdim ki, Ermənistan bu siyasəti ilə özünü regional lahiyələrdən təcrid edib. Ermənistan Cənubi Qafqaz regionunda faydalı iş qurmaq və sülhün bərqərar olmasını istəyirsə, ilk növbədə, öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır. Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə kimi üçtərəfli görüşlərdən danışdığımız halda, Ermənistanın adı səslənmir. Çünki Ermənistan öz işğalçılıq siyasətinə görə bütün layihələrdən kənardadır və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmayana qədər kənarda qalmaqda davam edəcəkdir.  Çox sağ olun.
 
Mətbuat konfransının video görüntüsünü burdan izləyə bilərsiniz.
növbəti xəbər əvvəlki xəbər