2015-02-16
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ilə birgə mətbuat konfransı
Elmar Məmmədyarov: Xanımlar və cənablar! Sizi Xarici İşlər Nazirliyində görməyimə çox şadam və bildiyiniz kimi, Azərbaycanda iki günlük rəsmi səfərdə olan İran İslam Respublikasının Xarici İşlər Naziri cənab Məhəmməd Cavad Zərif bu gün səhər artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşüb. Bu gün  biz danışıqları həm təkbətək, həm də geniş tərkibdə davam etdirdik. Azərbaycan və İran xalqları arasında tarixi, mədəni, dini bağlantılar vardır. Cənab nazir mənə söylədi ki, son iki il ərzində İran İslam Respublikasının iyirmi naziri Azərbaycanda səfərdə olubdur. Biz  bu ənənəni davam etdirəcəyik.  Gələn həftə Azərbaycan nümayəndələri Tehranda rəsmi səfərdə olacaq və İran İslam Respublikasının nazirləri də Azərbaycana səfər edəcəklər. Belə aktiv şəkildə biz iki qardaş ölkə arasında əlaqələrin inkişafını davam etdirməliyik. İkitərəfli əlaqələri dəyərləndirmək məqsədilə bəzi məsələlərə müxtəlif istiqamətlərdən toxunduq. Əlbəttə ki, mən öz tərəfimdən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti barəsində cənab nazirə məlumat verdim. Bildiyiniz kimi, Minsk Qrupunun həmsədrləri də Bakıdadır. Bu gün saat 5-də biz onlarla Xarici İşlər Nazirliyində görüş keçirəcəyik. Amma əfsuslar olsun ki, danışıqların nəticəsi hələ ki yoxdur. Çox güman ki, görüşdən sonra, Minsk Qrupunun həmsədrlərinin hansı təkliflərlə, hansı fikirlərlə regiona gəlmələri barəsində açıqlama verəcəyik. O ki qaldı bizim əlaqələrimizə, onu da demək istəyirəm ki, biz həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlıq edirik: İran, Azərbaycan, Türkiyə. Cənab nazirin söylədiyi kimi, çox yaxın zamanda üçtərəfli formatda olan görüşümüzü İranda keçirəcəyik. Ümumiyyətlə, biz Astara, Rəşt-Astara  dəmir yolunu İran tərəfinin niyyəti əsasında bərpa etmək məsələsini müzakirə etdik. Təəssüf ki, işğal olunmuş torpaqlardan dəmir yolunun bu xətti işləmir. İran və Azərbaycan üçün bu dəmir yolunun bərpa edilməsi və İran dəmir yolu sisteminin Azərbaycan dəmir yolu sistemi ilə birləşdirilməsi çox önəmlidir. Sonra da bu xətt Rusiya və Avropa ilə birləşdirilə bilər. Bu iqtisadi baxımdan çox önəmli bir xətdir. Bildiyiniz kimi, gələn ay Xəzər dənizinin delimitasiyası ilə bağlı Bakıda beş sahilyanı ölkənin Xarici İşlər nazirləri səviyyəsində görüş keçirəcəyik. Razılığa gəlmişik ki, bu çərçivədə delimitasiya məsələsinə toxunaq və Azərbaycan ilə İran arasında ikitərəfli görüş də keçirək və hansı yolla bu istiqamətdə pozitiv məsələlərə nail olmaq barəsində fikir mübadiləsi aparaq. Elektrik xətlərinin birləşdirilməsi ətrafında da müzakirə apardıq. İran tərəfi də Azərbaycandan elektrik xətlərinin çəkilməsində və alınmasında maraqlıdır. Müdafiə Nazirləri səviyyəsində görüş keçirilməlidir. Bu istiqamətdə bir xeyli irəliləyiş ola bilər. Müzakirələr davam etdiriləcək, o cümlədən terrorizmə qarşı mübarizə və digər sahələrdə. Mədəniyyət mərkəzi haqqında da müzakirə apardıq. Tehranda Azərbaycan mədəniyyət mərkəzinin fəaliyyətə başlaması, Bakıda isə  İran mədəniyyət mərkəzinin fəaliyyətinin davam etdirilməsi çox önəmlidir. Amma hüquqi baxımdan bəzi məsələlər var. Bu əsasda razılığa gəlmişik ki, bu məsələlərə toxunarkən onların hüquqi tərəfini müəyyənləşdirək. Hələlik bu qədər.  Yenə də mən xoş gəlmisən deyirəm hörmətli həmkarıma, cənab Nazirə.
 
Sual: Azərbaycan ilə İran arasında əlaqələrin gələcək perspektivlərini necə görürsünüz?
 
Elmar Məmmədyarov: Əlavə etmək istərdim ki, mən tam şəkildə cənab nazirin dedikləri ilə razıyam.  Biz xarici işlər nazirləri olaraq, ilk növbədə, Prezidentlərin tapşırıqları əsasında işləyirik. Cənab nazir də söylədi ki, bizdə artıq tapşırıqlar var və bu istiqamətdə dərin və geniş əməkdaşlığı daha da gücləndirməyə çalışacağıq.
 
Sual: Həmsədrlərin regiona səfəri ilə bağlı. Ceyms Uorlik öz tvitter səhifəsində qeyd edib ki, münaqişənin həlli ilə əlaqədar ciddi danışıqlara başlamaq lazımdır. Yəni bu o deməkdir ki, ciddi mövqe bu vaxta kimi nümayiş etdirilməmişdir? Girovlar məsələsi ilə bağlı, Azərbaycan tərəfə keçmiş Armen Baqdasaryan ilə bizim Dilqəm Əsgərov və Şahbaz Quliyevi dəyişdirmək gündəmdə ola bilərmi?
 
Elmar Məmmədyarov: Siz Azərbaycanın mövqeyini bilirsiniz. Biz dəfələrlə mövqeyimizi səsləndirmişik. Artıq həmsədrlər tərəfindən 6 bənddən ibarət olan plan, yəni yeniləşmiş Madrid prinsipləri açıqlanıb. Artıq Sülh Sazişi layihəsinin üzərində işləməyə başlamalıyıq. Fransanın Prezidenti də öz açıqlamasında dedi ki, həmsədrlə birlikdə Ermənistan və Azərbaycanın Sülh Sazişinin bəndləri üzərində işləməyə başlamasının vaxtı yetişib. Yoxsa, hər dəfə bəyanat vermək ki atəşkəs pozulub?! Atəşkəs hər gün pozula bilər. Regionda sülhün bərqərar olması üçün artıq ciddi danışıqlara başlamaq lazımdır. Ciddi danışıqlar nədən ibarətdir? Ermənistanın işğalçı qüvvələri ilk növbədə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Münxen Təhlükəsizlik Konfransında Ermənistanın nümayəndəsi cənab Prezidentə sualla müraciət etdi. Cənab Prezident də çox aydın şəkildə bildirdi ki, Ermənistan əsgərinin Ağdamda nə işi var ki, indi də atəşkəsin pozulub və ya pozulmasından danışılır? Atəşkəs pozulur, çünki o torpaqlar işğal altındadır. Ermənistanın əsgərləri nə Ağdam, nə Fizuli, nə Zəngilanda, nə Laçın,  nə də Kəlbəcərdə olmalıdır. Həmsədrlərin ciddi danışıqlara çağırışı yenilənmiş Madrid Prinsiplərinin 6 bəndi əsasında Sülh Sazişi üzərində işə başlamaqdan ibarət  olmalıdır. Bu 6 bənd Böyük sülh sazişinin layihəsi üstündə işə başlamağa imkan yaradır. Burada qaçqın və məcburi köçkünlərin geri qayıtması, nəqliyyat və sair kimi məsələlər vardır ki, bu da müxtəlif ektspertlərin cəlb olunması ilə müzakirə olunmalıdır. Amma ilk növbədə, Ermənistanın qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Həmsədrlər atəşkəsin pozulmasından danışanda ilk növbədə bu çağırışı etməlidirlər: - Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarsın!. Onda atəşkəs məsələsi də gündəmdə olmayacaq. Çünki atəşkəsə ehtiyac qalmayacaq və biz sülhə nail olacağıq.
 
Girovlarla bağlı məsələyə gəldikdə isə, bu məsələ həmsədrlər və Avropa İttifaqı nümayəndəsi ilə görüşdə hər dəfə qaldırılır. Bizdə olan məlumata görə bu məsələ ən yüksək səviyyədə Ermənistan prezidentinin qarşısında qoyulub. Onların girov götürülməsi və ya “həbs olunması”nın heç bir hüquqi və məntiqi əsası yoxdur. Çox sağolun.
 
Mətbuat konfransının video görüntüsünü burdan izləyə bilərsiz.
növbəti xəbər