2008-04-18
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı, 18 aprel 2008-ci il.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı, 18 aprel 2008-ci il.

18 aprel 2008-ci il                                                         

Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov cari ilin 17-18 aprel tarixlərində Bolqarıstanda rəsmi səfərdə olmuşdur. Səfərin ilk günü o, Bolqarıstan Prezidenti Qeorqi Prvanovla görüşmüşdür. Görüşdə Bolqarıstan Prezidenti Azərbaycana səfərini xatırlatmış, Prezident İlham Əliyevlə çox səmərəli görüşü haqqında bəhs etmiş və Azərbaycan Prezidentinə ən xoş arzularının çatdırılmasını xahiş etmişdir.

O, ikitərfəli münasibətlərin yüksək səviyyəsini qeyd edərək, ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulamışdır. Onun sözlərinə görə, bu ilin sentyabrında Plovdivdə keçiriləcək Azərbaycan-Bolqarıstan hökümətlərarası komissiyanın növbəti iclası iqtisadi münasibətlərin irəli aparılması üçün imkanlar yaradacaqdır.
Enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi də xüsusi vurğulanmışdır.

Nazir E.Məmmədyarov Prezident İlham Əliyev adından səmimi salamları Bolqarıstan dövlət başçısına çatdrımışdır. Azərbaycan rəsmisi qeyd etmişdir ki, iki dövlət arasında olan yüksək səviyyəli siyasi və strateji tərədaşlıq münasibətlərinin iqtisadi əməkdaşlıqla gücləndirilməsi müsbət olardı. Onun sözlərinə görə, iki Prezident arasında yaxın dost münasibətlərini nəzərə alaraq, bütün səviyyələrdə əməkdaşlığın inkişaf etdirilməsi vacib əhəmiyyət daşıyır.

Nazir qeyri-neft sahəsində əməkdaşlığın inkişafına ehtiyac olduğunu bildirmişdir. Kənd təsərrüfatı, nəqliyyat, turizm perspektiv sahələr kimi vurğulanmışdır. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Azərbaycan sərmayələrinin Bolqarıstan bazarına çıxarılmasına hazır olduğunu söyləmişdir.

E.Məmmədyarov Avropa və Avro-Atlantik qurumlarla əməkdaşlıqda Bolqarıstanın rolunun vacibliyini qeyd etmişdir.

Nazir Məmmədyarov həmçinin Bolqarıstanın Baş naziri Serqey Stanişevlə görüşmüşdür. Tərəflər sentyabrda keçiriləcək ikitərəfli komissiyanın görüşü zamanı biznes forumun təşkilinin iki ölkə arasında iqtisadi və biznes əlaqələrin inkişafına yardım edə biləcəyini qeyd etmişlər.

Həmçinin qurumlararası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Azərbaycan sərmayələrinin Bolqarıstana qoyulmasına imkanların yaradılacağını qeyd edən Baş nazir Bolqarıstan sərmayələrinin də ölkəmizdə, müxtəlif sahələrdə yatırılmasında maraqlı olduğunu demişdir.

Həmsöhbətlər enerji və ticarət məsələlərini müzakirə etmiş, əməkdaşlıq imkanlarını aramışlar. Münasibətlərin humanitar və mədəni aspektinin əhəmiyyəti vurğulanmışdır.

Aprelin 18-də Nazir E.Məmmədyarov Bolqarıstan Parlamentinin spikeri Qeordi Perinski ilə görüşmüşdür. Bolqarıstan rəsmisi Azərbaycan Milli Məclisi ilə sıx əlaqələrin olduğunu söyləmiş, parlamentlərarası dostluq qrupunun fəaliyyətinin fəallaşdırılması haqqında bəhs etmişdir.

Azərbaycan rəsmisi öz növbəsində, Ermənistanın işğalı və Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi haqqında danışmışdır. Nazir həmçinin Azərbaycanın Avropa və Avro-Atlantik inteqrasiya siyasəti haqqında məlumat vermişdir.

Tərəflər hər iki dövlətin yüksək rəsmilərinin qarşılıqlı səfərlərini müzakirə etmişlər.

E.Məmmədyarov Bolqarıstan Baş Nazirinin müavini, Xarici İşlər Naziri İvaylo Kalfin ilə də görüşmüşdür.

Bolqarıstan Xarici İşlər Naziri siyasi əməkdaşlığın yüksək səviyyəsi haqqında danışmış, enerji və nəqliyyat sahələrini prioritet kimi vurğulamışdır.

Cənab Məmmədyarov həmkarını Azərbaycana dəvət etmiş, qeyri-neft sektorunda- kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd etmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan rəsmisi, onun regional təhlükəsizlik üçün ən böyük təhlükə kimi qiymətləndirmiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair Bolqarıstanın mövqeyini yüksək qiymətləndirmişdir.

Nazir Məmmədyarov GUAM-ın Avropa İttifaqında dostları təşəbbüsünə Bolqarıstanın qoşulmasını təklif etmişdir.

İ. Kalfin Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq üçün imkanların olduğunu söyləmiş və konkret layihələrin müzakirə olunmasını təklif etmişdir. Tərəflər həmçinin NATO ilə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Görüşdə regional sabitlik, beynəlxalq təhlükəsizlik, humanitar, iqtisadi və digər məsələlər nəzərdən keçirilmişdir.
Görüşün sonunda Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr  haqqında Memorandum imzalanmış, birgə mətbuat konfransı keçirilmişdir.

növbəti xəbər əvvəlki xəbər