2008-04-17
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı, 17 aprel 2008-ci il.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı, 17 aprel 2008-ci il.

17 aprel 2008-ci il                                                            

15-16 aprel 2008-ci ildə, Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin “Demokratiya və iqtisadi inkişaf naminə-GUAM” təşkilatına sədrliyi çərçivəsində “GUAM dövlətləri ərazisində münaqişələrin həllinin prinsipial əsasları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransın işində GUAM dövlətlərinin, tərəfdaş ölkələrin və digər maraqlı dövlətlərin yüksək nümayəndə və ekspertləri, beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində nüfuzlu xarici mütəxəssislər iştirak etmişlər.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov konfrans iştirakçılarının diqqətini belə bir məqama yönəltmişdir ki, GUAM dövlətlərinin inkişaf və inteqrasiya prosesi ərazilərindəki həll olunmamış münaqişələrə görə mürəkkəbləşmişdir. Azərbaycan XİN-in rəhbəri qeyd etmişdir ki, bu münaqişələr oxşar ssenari üzrə inkişaf etmiş, ilk başlanğıcdan ərazilərin zorla zəbt olunmasına və demoqrafik tərkibin dəyişdirilməsinə yönəlmiş, həmçinin hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayətlər və soyqırımı kimi çox ciddi beynəlxalq cinayətlərlə müşayiət olunmuşdur.

Azərbaycanın Xarici İşlər Naziri xatırlatmışdır ki, GUAM dövlətləri münaqişələrin nizamlanması üzrə onların ərazi bütövlüyünə, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasına, münaqişələrin əhatə etdiyi ərazilərdə bütün icmalar üçün normal, təhlükəsiz və bərabər həyat şərtlərinin təminatına və GUAM dövlətlərinin beynəlxalq tanınmış sərhədləri çərçivəsində həmin ərazilərdə effektiv demokratik özünüidarəçilik sisteminin yaradılmasına əsaslanan vahid mövqe formalaşdırmışlar.

Konfransda müzakirələr zamanı Gürcüstan, Moldova, Ukrayna, Polşa, Latviya, Litva, İsveçrə, Sloveniya, Rumıniyanın rəsmi nümayəndələri, GUAM baş katibi Valeri Çeçelaşvili, Avropa Şurasının Parlament Assambleyasının fəxri sədri Piter Şider, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının sədri İen Brounli, GUAM ölkələrinin elmi dairələrinin, o cümlədən Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, Rusiya, ABŞ və Türkiyənin qabaqcıl elmi institutlarının nümayəndələri çıxış etmişlər.

Əsas diqqət beynəlxalq-hüquqi xarakterli bir sıra məsələlərin, o cümlədən dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri arasında əlaqə, qeyri-qanuni güc tətbiqi və ərazi mənimsənilməsinin nəticələri, həmçinin beynəlxalq hüquqa zidd hərəkətlərə görə məsuliyyət və beynəlxalq məhkəmə institutlarının imkanlarından yararlanmaq perspektivlərinə ayrılmışdı.

Konfrans iştirakçıları qəti əminliklə bildirmişlər ki, SSRİ dağıldıqdan sonra müvafiq beynəlxalq-hüquqi doktrinal norma (uti possidetis juris) GUAM dövlətlərinin sərhədlərinin beynəlxalq, regional və milli qanuniləşdirilməsinin əsasını qoymuşdur. Bu zaman, Sovet İttifaqının beynəlxalq hüququn subyekti kimi mövcudluğunun xitamı nəticəsində suverenliyin dəyişməsi və GUAM dövlətlərinin elan etdiyi hüquqi varislik, onların müstəqillik əldə edən an mövcud olan və daimi xarakter daşıyan sərhədlərini sarsıda bilməzdi. Birmənalı şəkildə bəyan edildi ki, GUAM dövlətlərinin müstəqillik əldə edilən zaman sonradan separatizm yolunu tutmuş muxtar qurumların da əhatə olunduğu ittifaqdaxili inzibati sərhədləri beynəlxalq sərhədlər hesab olunmağa və beynəlxalq hüquqla, xüsusilə də ərazi bütövlüyü prinsipi ilə qorunmağa başlanmışdır.

Bu şərait nəzərə alınaraq, qeyd olundu ki, həm SSRİ-nin süqutu ərəfəsində, həm də ondan sonrakı dövrdə birtərəfli qaydada ayrılmanı qanuniləşdirmə cəhdləri, o cümlədən öz müstəqilliyini elan etmiş qondarma qurumlarda keçirilmiş “referendum”lar  hüquqi qüvvəyə malik deyil və müvafiq olaraq da heç bir hüquqi nəticə doğurmur.

Konfransın işində iştirak edən nüfuzlu ekspertlər ümumi bir fikrə gəlmişlər ki, suveren dövlətin ərazisinin bir hissəsinin birtərəfli qaydada ayrılması beynəlxalq hüquqla yolverilməzdir və tətbiqi sferası və hüdudları dəqiq müəyyənləşmiş beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə əlaqələndirilə bilməz.
 
Konfrans iştirakçıları xüsusilə qeyd etmişlər ki, işğal və separatizm GUAM dövlətləri xalqlarının beynəlxalq tanınmış sərhədlər çərçivəsində öz müqəddəratını təyinetmə hüququnu pozur.

Ekspertlərin qiymətləndirmələrinə əsasən, beynəlxalq hüquq birtərəfli qaydada ayrılmağa cəhd zamanı, onun imperativ normalarının pozulmasına bitərəf qalmayacaqdır. Belə ki, ərazi mənimsənilməsi üçün güc tətbiq edildiyi və ağır beynəlxalq cinayətlərin törədildiyi təqdirdə, beynəlxalq ictimaiyyət bu yolla müstəqilliyini elan etmiş qondarma qurumları tanımamağa borcludur.

Digər tərəfdən, birtərəfli qaydada ayrılmağa cəhd zamanı əsas insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulması, müharibə cinayətlərinin, bəşəriyyət əleyhinə cinayətlər və soyqırımının törədilməsi hallarının müvafiq beynəlxalq-hüquqi məsuliyyət doğurması fikri tam dəstək qazanmışdır.

Ermənistan və Azərbaycan arasında münaqişəyə istinadən, konfrans iştirakçılarının diqqətinə Ermənistan tərəfindən Azərbaycanın ərazi toxunulmazlığına qarşı, təcavüz cinayəti kimi qiymətləndirilən güc tətbiqini və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri üzərində ümumi effektiv hərbi və siyasi nəzarətin həyata keçirildiyini təsdiq edən inandırıcı dəlillər bazasının olduğu çatdırılmışdır.

Təsdiq olunmuşdur ki, bu nəzarət həm Ermənistanın silahlı qüvvələri, həm də onun tərəfindən işğal olunmuş torpaqlarda yaradılmış və yerli idarəçilik funksiyasını yerinə yetirən və işğalçı dövlətin hərbi və digər dəstəyi hesabına fəaliyyət göstərən əlaltı rejim vasitəsilə həyata keçirilir. Bu mövzu üzrə çıxış edən beynəlxalq ekspertlər Ermənistanın işğal olunmuş torpaqlarda öz orqanlarının, səlahiyyətli şəxslərinin və qurumlarının, eləcə də ona tabe olan yerli administrasiyanın beynəlxalq hüquqa zidd hərəkətlərinə görə məsuliyyət daşıdığına aydınlıq gətirmişlər.

GUAM dövlətləri ərazilərində münaqişələr zamanı törədilmiş daha ağır beynəlxalq cinayətlərlə əlaqədar, konfrans iştirakçıları təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün ölçülərin götürülməsinin zəruriliyi haqda fikir bildirmişlər. Bununla bağlı, ad hoc beynəlxalq tribunallarının və ya beynəlxalq iştirakın təmin edildiyi xüsusi milli məhkəmə orqanlarının yaradılması imkanlarının öyrənilməsi tövsiyə edilmişdir.

Konfrans iştirakçıları GUAM dövlətlərinin münaqişələrin nizamlanması və onların nəticələrinin aradan qaldırılması səyləri ilə həmrəy olduqlarını bildirmiş, həmçinin bununla əlaqədar, davamlı sülhün, təhlükəsizliyin, qanunun aliliyinin və davamlı inkişafın əldə olunmasına yönəlmiş hərtərəfli və əsaslı strategiyanın işlənib hazırlanmasının zəruriliyini vurğulamışlar.

 

növbəti xəbər əvvəlki xəbər