2017-01-25
Xarici işlər nazirinin müavini Xələf Xələfovun Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasında çıxışı

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasında çıxışı

Bakı şəhəri, 25 yanvar 2017-ci il

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri və iclas iştirakçıları,

Xanımlar və cənablar,

Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri,

İcazə verin, hamınızı Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti 48-ci iclasında salamlayım və növbəti görüşə uğurlar arzulayım.

Bugünkü iclası açaraq, ilk növbədə qeyd etmək istərdim ki danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlər görülmüşdür.

Bununla yanaşı, 2002-ci ildən etibarən xarici işlər nazirlərinin müşavirələri ilə müşayiət olunmuş Xəzəryanı ölkələrin dövlət başçılarının dörd zirvə toplantısı Aşqabad, Tehran, Bakı və Həştərxanda baş tutmuşdur. Bakı və Həştərxan zirvə toplantılarında, ölkə rəhbərləri sahilyanı dövlətlərin suverenliyi altında olan su məkanlarına daxil olan milli zonanın eni, həmçinin dövlətlərin Xəzərdəki əməkdaşlığının prinsipləri üzrə əhəmiyyətli razılaşmalar əldə etmişdir. Dövlət başçıları və xarici işlər nazirləri səviyyəsindəki görüşlər səylərin birləşdirilməsi, mövqelərin daha da yaxınlaşması və mühüm nəticələrin əldə olunması üçün əlverişli imkan yaratmışdır.

Konvensiya layihəsinin bütövlüklə razılaşdırılması növbəti Zirvə Toplantısında hüquqi statusun qəbul edilməsinə imkan yaradacaq ki, bu da Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi mexanizmi təşkil edəcəkdir.

Bu məqsədlə, Konvensiya layihəsinin Xəzəryanı dövlətlərin Xəzər dənizindən digər dənizlərə və Dünya okeanına azad çıxış hüququ, hərbi gəmilərin digər tərəflərin milli suverenliyi altında olan ərazi sularından keçid hüququ, eləcə də kabellərin və boru kəmərlərinin çəkilməsi, çıxış xətlərinin qurulması metodikası və Xəzər dənizinin dibinin və təkinin bölünməsi ilə bağlı əsas müddəalarının tezliklə razılaşdırılması üçün səylərin birləşdirilməsi zəruridir. Biz, Xəzərin orta və cənub hissələrində dəniz dibinin bölünməsi məsələlərinin tezliklə həll edilməsində maraqlıyıq və Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı sazişlərə xüsusi önəm veririk.

Ümid edirəm ki, Xüsusi İşçi Qrupunun hazırkı iclasının gedişində müzakirə ediləcək bütün məsələlər danışıqlar prosesi çərçivəsində, qəbul olunmuş beynəlxalq təcrübə əsasında və beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq, Xəzəryanı ölkələrin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda, eləcə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti məsələlərində Tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll ediləcəkdir.

Biz əminik ki, Tərəflər arasındakı etimad tədbirləri bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyinə xələl yetirməməli, onlar üçün bərabər təhlükəsizlik mühitini təmin etməli, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsinə töhfə verməli və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət etməklə bütün Tərəflərin maraqlarını nəzərə almalıdır.

Biz Xəzər dənizinin bundan sonra da sülh, əmin-amanlıq, sabitlik və təhlükəsizlik zonası kimi qorunması üçün birgə və etimadlı fəaliyyəti davam etdirməliyik və regionumuz üçün təhlükə yaradan bütün çağırış və təhdidlərin, xüsusilə də silahlı münaqişələrin, işğalçılıq siyasətinin qarşısının alınması üçün səylərimizi əsirgəməməliyik.

Hörmətli iclas iştirakçıları,

Xəzər dənizi iqtisadi inkişafa, Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.

Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam edir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanması Xəzəryanı dövlətlərin müxtəlif sahələr üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş daha səmərəli tədbirlərin görülməsinə xidmət edəcəkdir.

Hazırda, Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılmaqdadır. Biz bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik, lakin müvafiq Konvensiyanın qəbul edilməsinə qədər, Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər-hansı sənəd layihəsinin müzakirəsini məqsədəuyğun hesab etmirik.

Qeyd etmək istərdim ki, 29 sentyabr 2014-cü il tarixli Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş artıq qüvvəyə minmişdir və həmin Sazişin məqsədlərinə nail olmaq üçün təsis edilmiş Komissiyanın birinci iclasının Azərbaycan Respublikasının sədrliyi ilə Bakı şəhərində keçirilməsi üçün işlər aparılmaqdadır.

Bakıda, həmçinin, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının altıncı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur. Biz, Xəzərin ekoloji problemlərinin həll olunması üçün Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində maraqlıyıq və Çərçivə Konvensiyasının Katibliyinin müstəqil fəaliyyəti ilə bağlı Tərəflərin razılığının əldə olunmasının zəruriliyini qeyd edirik.

Yekun olaraq, qarşımızda duran vacib məsələlərin həll edilməsinə yönəlmiş səylərinə görə bütün nümayəndə heyətlərinə minnətdarlığımı ifadə edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

növbəti xəbər əvvəlki xəbər