2016-04-26
Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Çıxışı

Qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Çıxışı 

Plenar Sessiya 1: Zorakı Ekstremizmin Qarşısının alınması üçün
Platformalar və Tərəfdaşlıqlar
(26 aprel 2016-cı il) 

 


Əziz Həmkarlar,

Xanımlar və cənablar,

Sabah BMT-nin Baş Katibinin “Terrorizmə qarşı birləşmək: qlobal terrorizmlə mübarizə strategiyası üçün tövsiyələr” adlı sənədi təqdim etməsindən 10 il keçir. Biz ona nəzər saldıqda həmin sənəddəki əsas fikirlər ilə “Zorakı Ekstremizmin Qarşısının alınması üzrə Fəaliyyət Planı”na dair hesabatdakı fikirlərin üst-üstə düşdüyünü görürük. Onların hamısı əsaslıdır, lakin əksəriyyəti eyni məzmun daşıdığından bu qənaətə gəlmək olar ki, biz bəlkə də bu gün təsəvvür etdiyimizdən də geniş yayılmış zorakı ekstremizmin köklərini daha dərindən araşdıra bilməmişik. Yerli və regional problemlərlə birləşən Suriya, İraq və Liviyadakı proseslər də 11 sentyabr hadisələrindən sonrakı dövrdə regiona xarici müdaxilələrin nəticələridir. Bəzi beynəlxalq aktorlar nəcib məqsədlərə malik olsalar da, yanlış strategiya yürütmüşlər, eyni zamanda digərləri pis məqsədlər üçün düzgün strategiyaya malik olmuşlar. Nəticədə bizim əldə etdiyimiz tənəzzülə uğramış dövlətlər deyil, açıq-aşkar pozulmuş fundamental norma və prinsiplərlə sarsilan beynəlxaq sistem olmuşdur. 

Biz bu barədə xəbərdarlıq etmişik. Biz bunu iyirmi ildən çoxdur ki edirik. Çünki biz bununla qarşılaşmışıq. Yalnız qabaqcadan görə bilmədiyimiz məsələ onun yayıla biləcəyi konkret coğrafiya olmuşdur. 

21 il bundan əvvəl bu ay, ABŞ Dövlət Departamenti “Qlobal Terrorizm nümunələri” adlı sənəd nəşr edib və orada vurğulayıb ki, keçmiş Sovet İttifaqı ölkələrində etnik gərginliklər Qafqaz və Baltikyanı respublikalarda terrorizm aktlarına rəvac verir. Sənəddə həmçinin göstərilmişdir ki, Moskva şəhərində həbs olunmuş bəzi erməni xüsusi xidmət orqanları əməkdaşları 45 nəfərin ölümü və ən azı 130 nəfərin yaralanması ilə nəticələnmiş Bakı Metrosunda, eləcə də Rusiya və Azərbaycandakı qatarlarda bomba partladılmasında iştirakda ittiham olunmuşlar. Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmin metamorfozu və simbiozundan əziyyət çəkmişdir. Çox təəssüf ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə 25 ildir ki davam edir və münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunub və bir milyondan çox qaçqın və məcburi köçünü vardır. Buna görə mən Fəaliyyət Planı ilə tam razıyam ki, “Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır, təkcə münaqişənin özünün doğurduğu əzab və idarəçiliyin olmaması səbəbindən deyil, həmçinin ona görə ki, belə münaqişələr dəstək əldə etmək, ərazi və resurslar qəsb etmək, əhaliyə nəzarət etmək məqsədilə ekstremist qruplara dərin köklü narazılıqlar yaratmağa imkan verir.” 

Həmin vaxt beynəlxalq ictimaiyyət daha diqqətli olaraq bizi dinləsəydi, universal norma və prinsiplərə əsaslanaraq zorakı ekstremizm və onun bütün forma və təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, biz bu gün bu domino effektini büdrətmək və bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq. 

Hələ də çox gec deyil və mənim ümumi strategiya üçün sizinlə bölüşməyə bir sıra fikirlərim vardır.

Yeri gəlmişkən, başlanğıcda qeyd etdiyim terrorizmlə mübarizəyə dair hesabatda göstərilib ki, “real strategiya sadəcə tərifəlayiq məqsədlərdən və ya aşkar olanları müşahidə etməkdən ibarət deyil. .. Yalnız bizə məqsədlərimizi yerinə yetirməkdə bələdçilik edəndə, o, adına layiq strategiya hesab olunur. “ Hamılıqla qəbul edilmiş norma və prinsiplərdən yaxşı bələdçi yoxdur və o, beynəlxalq hüququn norma və prinsiplərini gücləndirməlidir. Bu, sanki binanın özülü kimidir; əgər o zamanla gücləndirilməzsə, sarsılır. Buna görə onu hər fürsətdə xatırlatmaq, hər sənədə daxil etmək və norma və prinsiplərin aliliyini hər bir halda tələb etmək çox vacibdir. 

İkincisi, biz birləşməli və əməkdaşlıq etməliyik. BMT yeganə universal təşkilat kimi aparıcı olmalıdır, lakin digər bütün təşkilatların oynamaq üçün rolları vardır. Misal üçün, İƏT İstanbulda keçirilmiş son sammitində zorakı ekstremizmin qarşısının alınmasına dair Plana öz dəstəyini bir daha ifadə edib və bu xüsusda Üzv Dövlətlərin ekstremizm, zorakılıq, məzhəbçilik və təfriqəçiliyi rədd etdiyini vurğulayıb. İƏT həmçinin zorakı ekstremizmin səbəblərinə hərtərəfli formada baxılmanın əhəmiyyətini təsdiq edib. O, eləcə də terrorizm və ekstremizmə qarşı mübarizə aparmaq üçün hərtərəfli İslam strategiyasının qəbul edilməsinin zəruriliyini vurğulayıb. Bu, digər beynəlxalq təşkilatlar və formatların fəaliyyət göstərmək və bir-biriləri ilə əlaqədə olması üçün ən doğru yoldur. 

Ümumi səylərimizdə, biz həmçinin “qutudan kənar” düşünməliyik. Bizim diplomatik səylərimiz müxtəlif dövlət institutları arasında birgə ciddi və davamlı əməkdaşlığa, həmçinin intelektual və dövlət orqanları üçün təşkil olunan qlobal forumlar arasında əməkdaşlığa əsaslanmalıdır. Azərbaycandakı beyin mərkəzləri bu sahədə geniş biliyə və təcrübəyə malikdirlər və mənim ölkəmdə keçirilən illik qlobal humanitar, mədəniyyətlərarası, gənclər və genderlə bağlı forumlar zorakı ekstremizm ilə mübarizə aparmaq üçün bizim töhfəmizdir və biz əməkdaşlığımızı bölüşməyə və müzakirə etməyə hazırıq.

Üçüncüsü, davamlı inkişaf bizim prioritetimiz olmalıdır. Düzgün təhsilsiz, sosial-iqtisadi irəliləyişsiz və gender bərabərliyinə malik olmadan bizim bütün səylərimiz iflasa məhkumdur. Azərbaycanda biz bunu müstəqilliyimizin ilk illərindən anladıq. Dövlət siyasətinin nəticəsi olaraq, son on ildə yoxsulluq dərəcəsi 50 faizdən 5 faizdən də aşağıya düşüb və işsizlik dərəcəsi 5 faizdən azdır. Azərbaycan İnkişaf Konsepsiyası-2020 zorakı ekstremizmin qarşısının alınması üçün Milli fəaliyyət planlarının çox elementini artıq özündə ehtiva edib. O, əhalini yüksək keyfiyyətli tibbi təminat, təhsil xidmətləri ilə təmin etmək, müasir təhsil sistemi yaratmaq və sosial müdafiə sistemini müasirləşdirmək, həmçinin gender bərabərliyi və ailələrin inkişaf etdirilməsi məqsədi daşıyır.

Biz həmçinin davamlı inkişafın tərkib hissəsi kimi strateji regional əməkdaşlığı təşviq edirik. Azərbaycan Xəzər regionunu Dünya ilə birləşdirən enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir. Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının yaxın gələcəkdə tamamlanması, "Cənub-Şimal" layihəsinin uğurla həyata keçirilməsi təkcə yaxın qonşularımız deyil, Əfqanıstan, Hindistan, Pakistanda da inkişafın xeyrinə olacaqdır. Bu ölkədə beynəlxalq ictimaiyyətin 15 illik təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri müsbət nəticələr vermişdir, eyni zamanda o qənaəti gücləndirmişdir ki, düzgün inkişaf və sosial-iqtisadi imkanlar olmadan zorakı ekstremizmi dəf etmək qeyri-davamlı olacaqdır.

Əziz qonaqlar,
Siz tarixən öz tolerantlığı, multikultural cəmiyyəti və dünyəvi idarəçiliyi ilə məşhur olan bir ölkədəsiniz. 2016-cı il hətta cənab Prezident tərəfindən Azərbaycanda multikulturalizm ili elan olunmuşdur. Nümunə ilə yol göstərmək ən yaxşı yoldur. Biz öz nümunələrimizi bölüşmək və həmçinin sizin təcrübələrinizdən də öyrənmək istəyirik!

Sağ olun!

növbəti xəbər əvvəlki xəbər