2014-09-26
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı

Nyu-York, 26 sentyabr 2014-cü il

Hörmətli cənab Sədr,

Cənab Baş Katib,

Xanımlar və cənablar,

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə iclasını təşkil etdiyinizə görə Sizə və Baş Katib cənab İyad Amin Mədəniyə öz təşəkkürümü bildirmək istərdim.

Xarici işlər nazirləri Şurasının 41-ci sessiyasına müvəffəqiyyətlə ev sahibliyi etdiyinə və Nyu-Yorkda İƏT qrupuna yüksək səviyyədə başçılıq etdiyinə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarıq.

Yarandığı gündən bəri İƏT, müxtəlif xalqlar arasında beynəlxalq sülh və əminamanlığı aşılayan ruhla bütün dünya müsəlmanlarının maraqlarını qorumaq naminə böyük təşəbbüslər göstərmiş və ciddi addımlar atmışdır. Lakin buna baxmayaraq, qloballaşan dünyamızda baş verən sürətli dəyişikliklər davamlı əməkdaşlığımızı zəruriləşdirir. Bu səbəbdən, artıq mövcud olan sahələrdə əməkdaşlığımızı genişləndirməklə yanaşı, əməkdaşlıq üçün mümkün yeni sahələr də müəyyən etmək olduqca vacibdir.

Fələstin eləcə də geniş anlamda Yaxın Şərqdəki vəziyyət İslam Ümməti üçün ciddi təhdid doğurmaqda davam edir və beynəlxalq aləmdə İƏT üzv dövlətlərinin vahid mövqe ilə çıxış etmələrini tələb edir. Azərbaycan Hökuməti iki dövlət prinsipi əsasında həllin tərəfdarı olaraq, paytaxtı Şərqi Qüds olmaqla, qardaş Fələstin xalqının sülh, sabitlik və müstəqil dövlət yaratmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, bu müqəddəs torpaqda ədalətli sülhün tezliklə bərqərar olması uğrunda göstərilən bütün səyləri alqışlayırıq.

Azərbaycan təkcə regional deyil, həmçinin beynəlxalq təhlükəsizliyi də zərbə altında qoyan, İraqda bir çox günahsız insanın həyatını itirməsinə yol açan şiddətin kəskinləşməsindən dərin narahatlıq hissi keçirir.

Biz yüzminlərlə iraqlını öz evindən didərgin düşməyə məcbur etmiş və bir çox şəhər və kəndlərin dağıdılmasına səbəb olmuş ağır zorakılıq və humanitar böhranın qarşısında laqeyd qalmamalıyıq.

Terrorizmdən əziyyət çəkmiş dövlət kimi, biz müasir dünyada əsas problem kimi qalmaqda olan və yalnız birlikdə həll edilə biləcək beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyinə inanırıq. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi əngəllərdən biri olan terrorizmin bütün formalarını qınayır, kimliyindən, yerindən və səbəbindən asılı olmayaraq törədilmiş bütün terror aktlarını pisləyir və bu bəlaya qarşı mübarizədə göstərilən bütün beynəlxalq səyləri dəstəkləyir.

İki ən böyük hökumətlərarası təşkilat olan İƏT və BMT arasındakı münasibətlərin əhəmiyyətinin son illərdə daha da artdığını görməkdən çox məmnunuq. Hər iki təşkilatın əminaman, təhlükəsiz və sabit dünyaya ümumi baxış və məqsədə malik olduqlarını nəzərə alaraq, BMT-İƏT arasındakı əməkdaşlığı strateji əməkdaşlıq kimi dəyərləndirir və bu tərəfdaşlığın daha da genişləndiriləcəyinə ümid bəsləyirik.

Əziz həmkarlar,

Azərbaycan, ölkəsinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın zorakılığını qınayan İslam Ümmətinə, İƏT-ə üzv ölkələrə və İƏT Katibliyinə bir daha səmimi təşəkkürlərini çatdırır.

Sonda, icazə verin Təşkilatın məqsəd və prinsiplərinin həyata keçirilməsində nümayiş etdirdikləri peşəkarlığa görə bir daha İƏT Baş Katibi professor İyad Amin Mədəni və onun əzmkar komandasına öz dərin minnətdarlığımı bildirim.

Sağ olun.

növbəti xəbər əvvəlki xəbər