2014-09-26
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər İclasında “Avropanın təhlükəsizlik böhranının cavablandırılması: Gələcəyə baxış və ATƏT-in rolu” mövzusunda çıxışı

Qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər İclasında “Avropanın təhlükəsizlik böhranının cavablandırılması: Gələcəyə baxış və ATƏT-in rolu” mövzusunda çıxışı

Nyu-York, 26 sentyabr 2014-cü il

Hörmətli sədr, xanımlar və cənablar,

Mən bu gün bizlərin müzakirə etdiyi mövzunun zamana uyğun və aktual olması ilə razıyam. Biz ATƏT məkanında təşkilatın mandatına uyğun effektiv fəaliyyət nümayiş etdirməsini əngəlləyən və üzv dövlətlərin təhlükəsizliyinə təsir göstərən bir sıra yeni çağırışlar müşahidə edirik. Bunlar arasında Helsinki Yekun Aktının təməl prinsiplərinin seçimli təhrifini, beynəlxalq münasibətlərdə güc nümayiş etdirilməsinin və ya təhdid hallarının kəskin artmasını, həmçinin gücdən istifadə nəticəsində ATƏT-ə üzv ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təminatının iflasa uğramasını misal çəkmək olar.

İnsan hüquqlarına və fundamental azadlıqlara tam və əhatəli yanaşmanın olmaması, ikili standartların və seçimli yanaşmanın tətbiqi, insan hüquqları adı altında ATƏT-ə üzv ölkələrində təhlükəsizliyi pozmaq cəhdləri də mövcuddur.

Təşkilatı bir-birinə qarşı olan və bir-biri ilə rəqabət aparan siyasi-hərbi məkana çevirmək cəhdləri də narahatedicidir. Belə qruplaşmalar əsasında rəqabət və hazırlıqlar ATƏT məkanının bölünməzliyini sual altına qoyur və bu, müxtəlif səbəblərdən kollektiv müdafiə institutlarına qoşulmayacaq və ya qoşula bilməyən dövlətlərə təsir edir ki, onlar da Avropa təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun azalması ilə narahat olurlar. ATƏT məkanında heç bir dövlət, dövlətlər qrupu və ya təşkilat sülhün və təhlükəsizliyin qorunması üçün başlıca məsuliyyətə iddia edə bilməz. Həmçinin, ATƏT-in məkanını özünün təsir zonasının hər hansı bir hissəsi hesab edə bilməz. Hər hansı bir bloka qoşulmayan ölkə olan Azərbaycan üçün ATƏT - onu birtərəfli təsirlərdən qoruyan beynəlxalq öhdəliyə malik ümum Avropa təhlükəsizliyinin təminatçısıdır.

ATƏT məkanında eyni vaxtda inkişaf edən inteqrasiya prosesləri qayəsi vardır. Bu yalnız inteqrasiya proseslərinin tərkib hissəsi olmağa səy göstərən dövlətlər üçün deyil, eləcə də bloklara qoşulmayan iştirakçı dövlətlər üçün bir sıra hədə və təhdidlər yaradır. Belə proseslər ATƏT çərçivəsində müzakirə olunmur, lakin bunlar ATƏT-ə üzv ölkələrin təhlükəsizliyinə təsir edir və ATƏT-in öhdəliklərinin icrasının dairəsini şübhə altına alır. Bunlar böhrana gətirib çıxardığı halda isə ATƏT buna reaksiya verən yeganə regional təşkilat olaraq qalır, çünki heç bir blok və ya bir-biri ilə yarışan inteqrasiya ittifaqları konstruktiv razılığın və dialoq mədəniyyətinin inkişafında və kompromisə getməkdə həvəs göstərmirlər.

ATƏT Avropa təhlükəsizliyi arxitekturasının təməl daşıdır. Etimadın və təhlükəsizliyin təşviqi, həmçinin dialoq platforması kimi təşkilatın rolunun tanınması olduqca vacibdir. ATƏT-ə üzv ölkələr kimi biz müştərək təhlükəsizliyimizin əsası olan Helsinki Yekun Aktının, onun təməl prinsiplərini, həmçinin ATƏT-in öhdəliklərinin təqdir olunması üçün öhdəliklərimizə riayət etməliyik.

ATƏT sənədləri üzv dövlətlərin bir-biri ilə və əraziləri çərçivəsində fərdlərlə davranışları üçün aydın qaydalar müəyyən etmişdir. Heç bir istisna olmadan, ATƏT öhdəlikləri üzv ölkələrin hamısına bərabər qaydada tətbiq edilir. Onların xoşməramlı davranışları dövlətlər, hökumətlər və onların vətəndaşları, habelə üzv olduqları təşkilatlar arasında münasibətlər üçün olduqca vacibdir.

Xüsusilə qeyd olunmalıdır ki, ATƏT hər hansı Qərb və ya Avrasiya meylli ittifaq və bloklar üçün rəqib və ya yarışçı deyildir, bura fikir ayrılıqlarının və ziddiyyətlərin konstruktiv məcrada müzakirə oluna biləcəyi geniş bir platformadır. Əgər təşkilat baş verən böhranlara təkcə reaksiya verməklə deyil, onların daha da gərginləşməsinin qarşısını almağı bacarsa, o zaman ATƏT-in üstünlüyündən tam yararlanmaq olardı.

Fikrimizcə, ATƏT-in əsas missiyası onun dəstəklədiyi norma və prinsiplərin məhdudiyyətlər, ikili standartlar və coğrafi üstünlüklər olmadan müdafiəsi, habelə üzv dövlətlər arasındakı münasibətlərdə onlara hörmətin təmin edilməsidir.

ATƏT-ə üzv olan istənilən ölkədə təhlükəsizliyə təsir edən istənilən məsələnin müzakirəsi üçün ATƏT-in gündəliyinin açılması və onlarnı konstruktiv, ittihamsız əsasda müzakirə edilməsinə səy göstərilməsi olduqca vacibdir. Yekun olaraq, ATƏT-də əsas maraqlı tərəflər arasında, ələlxüsus təhlükəsizliyinə kənar təsirin olduğunu hiss edən dövlətlər arasında qeyri-rəsmi məsləhətləşmələrin inkişaf etdirilməsinə ehtiyac vardır.

Bu xüsusda, 1999-cu ildə Avropa Təhlükəsizlik Xartiyasının əsas elementi kimi qəbul edilmiş Müştərək Təhlükəsizlik Platforması ATƏT çərçivəsində az istifadə olunan bir üstünlükdür. Bu, əməkdaşlığın ruhuna uyğun şəkildə və bərabər əsasda mötəbər təşkilatlar ilə əməkdaşlığı inkişaf etdirə və daha da gücləndirə bilər. Belə əməkdaşlıq qarşılıqlı güclənməyə xidmət etməlidir, eyni zamanda ATƏT-ə üzv bloklara qoşulmayan ölkələrin də təhlükəsizlik maraqları ATƏT və onun tərəfdarları arasında səmərəli münasibətlərin qurulması üçün aparılan danışıqlar zamanı nəzərə alınmalıdır.

ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində cari pat vəziyyət regionda sülhə və sabitliyə böyük təhlükədir.

Münaqişənin həlli üçün irəliləyiş Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çıxarılması və etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların doğma yurd-yuvalarına geri qayıtması ilə ola bilər. Bu addım davamlı sülh quruculuğu istiqamətində olduqca vacib olan Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin formalaşmasına kömək edəcəkdir.

Biz inanırıq ki, ATƏT-in üzv ölkələri yuxarıda göstərilmiş yanaşma əsasında münaqişənin tezliklə həlli istiqamətində qəti yanaşmamızı bir daha təsdiq edəcəklər.

Təşəkkürlər.

növbəti xəbər əvvəlki xəbər