2014-07-22
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Birliyi üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin iclasında çıxışı

Qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Birliyi üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin iclasında çıxışı

22 iyul 2014-cü il

Ali Nümayəndə Xanım Eşton,

Komissar Füle,

Dəyərli həmkarlar,

Xanımlar və Cənablar,

Sizə nazirlərin illik iclasında xitab etməkdən böyük məmnunluq duyuram. Bu görüş bizə Vilnüs sammiti sonrası inkişaf proseslərini dəyərləndirmək və gələcək fəaliyyətlərimiz barədə fikir mübadiləsi aparmaq üçün imkan yaradır.

Vilnüs sammiti ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi məqsədlər qoymuşdur. İnanırıq ki, tərəfdaş dövlətlərin Avropa Birliyi ilə əməkdaşlığında olan ikitərəfli çərçivə hər bir dövlətin fərdi maraqları əsasında Avropa Birliyi ilə olan dialoqun inkişafı üçün əvəzsiz imkanlar yaradacaqdır. Şərq tərəfdaşlığının yaratdığı imkanlarından istifadə edən Azərbaycan, ölkəmizin inkişaf gündəliyi və prioritetləri əsasında Avropa Birliyi ilə əməkdaşlığı uğurlu şəkildə davam etdirməkdədir.

Azərbaycan Vilnüs Sammiti Bəyannaməsinin həyata keçirilməsinə fəal dəstək göstərən ölkə olaraq, Avropa Birliyinin qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərmişdir. Biz vətəndaşlarımızın təhlükəsiz mühitdə səmərəli idarə olunan mobilliyinin Şərq Tərəfdaşlığının önəmli elementlərindən biri olduğunu qəbul edərək, Yerdəyişmə üzrə tərəfdaşlığı, Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişinə imza atdıq. Qarşıdakı aylarda qüvvəyə minəcək son iki saziş vətəndaşlarımız arasında ticarət və mədəni əlaqələrin yaxşılaşmasına kömək göstərəcək və eyni zamanda miqrasiya məsələlərinin səmərəli şəkildə həllinə şərait yaradacaqdır.

Avro-inteqrasiya prosesimizdə daha bir önəmli hadisə, Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrossonun iyun ayında Azərbaycana etdiyi səfəri zamanı imzalanmış Azərbaycanın Avropa Birliyi proqramlarında iştirakı barədə olan Protokoldur. Bu çərçivə sənədi Azərbaycanın təsisatları və vətəndaşlarının Avropa Birliyinin təhsil, araşdırma, mədəniyyət, incəsənət, elm və bir sıra digər sahələri əhatə edən proqramlarında iştirakına şərait yaradacaqdır. Gələcəkdə də, Azərbaycanın təsisatları və Avropa Birliyinin müvafiq agentlikləri arasında imkanların artırılması və əsas sahələrdə ekspertlərin mübadiləsi üzrə əməkdaşlığın yaxşılaşacağına inanırıq.

İcazə verin onu da qeyd edim ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın prioritet fəaliyyətlərindən biri də Avropa Şurasının üç əsas istiqaməti ilə digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi arasında əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsidir. Bu fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Azərbaycanın sədrliyi bütün Avropa Birliyi ölkələrini və Şərq Tərəfdaşlığı dövlətlərini bu əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunacaq bir sıra tədbirləri fəal şəkildə dəstəkləməyə və konstruktiv formada onlara töhfə verməyə çağırır. Hal-hazırda Avropanın üzləşdiyi təhdidlərin cavablandırılmasına gəlincə, bütün sədrlik müddətində Azərbaycan öz səylərini digər beynəlxalq təsisatlar, xüsusilə Avropa Birliyi ilə əlaqələndirməyə hazırdır.

2014-cü ilin mayında Azərbaycanın sədrliyi qəbul etdiyi Vyana nazirlər iclasında Avropa Şurasının üzv dövlətlərinin nazirləri Avropa Birliyi ilə əməkdaşlığa dair hesabatı nəzərdən keçirmiş və bu əməkdaşlığın inkişafına münasibətdə məmnunluqlarını ifadə etmişdilər. Sizi əmin etmək istərdim ki, bizim sədrliyimiz dövründə bütün təmas sahələri üzrə əməkdaşlığın inkişafına çalışacağıq.

Bu xüsusda, sizə məlumat vermək istərdim ki, 2014-cü ilin noyabrında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli nazirlər konfransı keçiriləcəkdir. İki qitənin kəsişməsində yerləşən dövlət kimi Avropa və Asiya ölkələri ilə möhkəm tarixi əlaqələrə malik olan Azərbaycan daha təhlükəsiz və əmin-aman qonşuluğun təmin edilməsi istiqamətində Avropanın səylərini dəstəkləmək niyyətindədir. Konfrans gücləndirilmiş siyasi dialoq vasitəsilə qonşuluq siyasəti ilə əhatə olunmuş dövlətlərlə uzunmüddətli əlaqələri araşdırmaq üçün faydalı forum rolunu oynayacaqdır.

Avropa Birliyi-Avropa Şurası əməkdaşlığı çərçivəsində Azərbaycanın sədrliyinin təşkil etmək niyyətində olduğu digər mühüm tədbir Avropa Şurası və Avropa Komissiyasının birgə fəaliyyəti olan Avropa irs günlərinin qeyd olunmasıdır. Oktyabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan tədbir İrs gününün məqsədlərinə əlavə təkan verəcək və mədəni irsin qorunmasına olan ehtiyac və onun əhəmiyyəti barəsində məlumatlandırmanı daha da artıracaqdır.

Xanımlar və Cənablar,

Mədəniyyət və mədəni müxtəliflik Azərbaycanın malik olduğu ən yaxşı ixrac olduğu halda, biz digər əhəmiyyətli və strateji ölçülər üzrə də işləməyə inadlıyıq.
Bu baxımdan, Cənub Qaz Dəhlizinin açılması üzrə davam edən proses, eləcə də Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi, TANAP və Trans-Adriatik boru kəmərlərinin tikintisi Azərbaycanın Vilnüs bəyannaməsinin məqsədlərinin həyata keçirilməsinə əsas töhfələridir. Azərbaycan Avropa birliyinin enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirmişdir. Ümumi dəyəri 45 milyard avro olan bu layihələr Avropa istehlakçısının ehtiyaclarını qarşılayacaq rəqabətli qiymətlərlə iri həcmli, etibarlı və alternativ qaz həcmini təchiz edərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yardım göstərəcəkdir. Bu cəhətdən, yuxarıda qeyd edilən boru kəmərlərinin tikintisi üçün Avropadan tərəfdaşlarımızın artırılmış dəstəyi olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan eyni zamanda, Xəzər regionu ilə Avropanı birləşdirən potensial qaz nəqli infrastrukturunun yaradılması istiqamətində də səylərini davam etdirməkdədir.

Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır. Azərbaycanın Avropa Birliyinin Cənubi Qafqazda ən iri ticarət tərəfdaşı olduğunu nəzərə alaraq, bu sahəyə daha böyük diqqət yetirmək lazımdır. Hazırda Avropa Birliyinə etdiyimiz ixrac məhsulların böyük hissəsi neft və neft məhsullarıdır. Lakin, biz ixrac olunan məhsullarımızın çeşidinin artırılması üçün səylərimizi artırmaqdayıq. Bu qeyri-neft məhsulların Avropa Birliyi bazarlarına çıxarılmasının asanlaşdırılması üçün onların Avropa Birliyinin tələblərinə cavab verən müvafiq standartlara çatdırılması olduqca əhəmiyyətlidir.

Ticarət məsələsinə toxunmuşkən əvvəllər tərəfimizdən müəyyən olunduğu kimi təhrif olunmuş ticarət əməliyyatları ilə bağlı məyusedici faktlara münasibətdə narahatlığımızı ifadə etmək istərdim. Belə ki, əldə etdiyimiz məlumata görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində Ermənistan tərəfindən istehsal olunmuş məhsullar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malın mənşəyi haqqında qaydaları və ÜTT razılaşmaları ilə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozularaq, saxta etiketlərlə Avropa Birliyi bazarlarında satılır. Bu Ermənistanın aşkar şəkildə ÜTT qarşısında olan öhdəliklərini pozduğu anlamına gəlir. Ermənistan ÜTT-ə daxil olarkən təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız Ermənistan Respublikasının BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq etmişdir. Ona görə də Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropadanolan tərəfdaşlarımızı Ermənistan tərəfindən bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıram.

Zati aliləri,

Riqa sammiti öncəsi biz gələcək əməkdaşlığımızı necə görmək istədiyimizi aydınlaşdırmalıyıq. Bu həmçinin Şərq Tərəfdaşlığı çərçivəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq formatları arasında əlaqələndirmənin gücləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir.

Avropa qitəsində sabitlik və əmin-amanlıq daha yaxın əməkdaşlığın əsas ilkin şərtləridir. Azərbaycan Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığa üstünlük verərək, Şərq Tərəfdaşlığının təsis olunmasından etibarən çoxtərəfli formatda əməkdaşlıq etmişdir. Lakin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və yeddiətraf rayonunu əhatə edən ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalının davam etdirilməsi Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün edir.

Ermənistan Respublikası Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə tam nəzarət edərək, mövcud status-kvonun saxlanılmasına və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq fait accompli praktikasını tətbiq etməyə səylər göstərir. Yuxarıda qeyd etdiyim saxta ticarət əməlləri bu hallardan sadəcə bir neçəsidir. Bu fəaliyyətlərlə bağlı Avropa Birliyinin sanksiya və digər cəza tədbirlərinəgəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır.

Xanımlar və Cənablar,

Hesab edirik ki, Avropa Birliyi ilə dialoqumuzda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır. Hər bir Şərq Tərəfdaşı dövlətinin fərqlənməsi, özünəməxsusluğu və inkişaf tempi və islahat gündəliyi olduğuna görə bu yanaşma saxlanılmalıdır.

Biz onu da qəbul etməliyik ki, Şərq Tərəfdaşları Avropa Birliyi ilə əməkdaşlıq səviyyələrini müəyyən edərkən heç bir təzyiq hiss etməməlidirlər. Əksinə, özünü fərqləndirmədə stimul əsaslı yanaşma tətbiq olunmalıdır. Qarşılıqlı məsuliyyət fərdi tərəfdaşların ehtiyacları, istəkləri və imkanları arasında daha yaxşı əlaqənin təmin edilməsi üçün hər iki tərəfə imkan verəcəkdir.

Avropa Birliyi-Azərbaycan əlaqələrinin gələcək perspektivlərinə gəldikdə isə, qarşılıqlı maraqlara və ortaq prioritetlər əsasında hüquqi öhdəlik doğuran strateji xarakterli sənəd üzərində çalışmağa hazır olduğumuzu bir daha qeyd etmək istəyirəm.

Qarşıdan gələn gələcək haqqında danışarkən bu ilin 8-9 sentyabr tarixlərində Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər və Enerji Nazirlərinin növbəti görüşünə Azərbaycanın məmnuniyyətlə Bakıda ev sahibliyi edəcəyi barəsində sizi məlumatlandırmaq istərdim.

Təşəkkür edirəm.

növbəti xəbər əvvəlki xəbər