2013-09-29
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 68-ci sessiyasının Ümumi Müzakirələrində çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 68-ci sessiyasının Ümumi Müzakirələrində çıxışı

Nyu-York, 29 sentyabr 2013-cü il

Xanım Sədr,

Zati-Aliləri, xanımlar və cənablar,

Çıxışımı əvvəlində mən Con Aşeni BMT Baş Assambleyasının altmış səkkizinci sessiyasının sədri seçilməsi münasibəti ilə təbrik edir və bu məsuliyyətli vəzifənin icra edilməsində ona uğurlar arzulayıram. Biz, həmçinin altmış yeddinci sessiyasının sədri Vuk Yeremiçin sədrliyinə görə ona minnətdarlığımızı bildiririk.

Bu ilki ümumi müzakirələr sülh, təhlükəsizlik və davamlı inkişafa ciddi təhdid və çağırışların olduğu bir dövrdə baş tutur. Ekoloji, iqtisadi və sosial göstəricilər onu nümayiş etdirir ki, tərəqqi və inkişaf modellərinin dəyişdirilməsinə və yeni mühitə uyğunlaşdırılmasına ehtiyac vardır. Bu ilki ümumi müzakirələrin “2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyi: şəraitin yaradılması” adlı başlığı aktualdır, belə ki, bu indiyə qədər əldə edilmiş tərəqqinin qiymətləndirilməsi və mövcud əngəllərin aradan qaldırılması üçün yeni yolların müəyyən olunmasına imkan yaradır.

Kəskin yoxsulluğun və çoxsaylı məhdudiyyətlərin aradan qaldırılması və gələcək inkişafın prioritetlərinin müəyyən olunması üçün qəbul olunmuş Minilliyin İnkişaf Hədəfləri dünyada gələcəkdə müsbət fərqlərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Azərbaycan artıq donor ölkəyə çevrilmiş və Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə öz töhfəsini vermişdir. Bu, ölkəmin tarixində və onun beynəlxalq arenadakı fəaliyyətində çox yeni bir səhifədir. Bu məqsədlərlə yaradılmış ayrıca dövlət qurumu olan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi 20-dən artıq ölkədə artıq müxtəlif yardım layihələrini həyata keçirmişdir. Öz növbəsində Heydər Əliyev Fondu da müxtəlif humanitar və sosial proqramlar icra etmişdir.

Son zamanlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanın aclıqla mübarizədəki uğurlarını təqdir etmiş və etiraf etmişdir ki, Azərbaycan Minilliyin İnkişaf Hədəflərinin birincisini, yəni zəif qidalanma ilə bağlı hədəfə nail olmuşdur. Bununla yanaşı, Azərbaycanın gender bərabərliyi, qadınların hüquqlarının genişləndirilməsi və QİÇS/HİV-lə mübarizə sahələrində də tərəqqinin əldə edildiyi vurğulanmışdır.

2015-ci ildən sonrakı dövr üçün Azərbaycanın nəzərdən keçirdiyi əsas sahələrdən biri informasiya və kommunikasiya texnologiyaları sahəsidir ki, bu sahə inkişaf və tərəqqinin hərəkətverici qüvvəsidir. İKT-yə çıxış səviyyəsinin artırılması hədəfinə nail olmaq məqsədilə, İKT sahəsində investisiyaların təşviq olunması, əhalinin xüsusi ehtiyaclarını nəzərə almaqla, yeni vasitələrin yaradılması və beləliklə də, İKT-nin imkanlarından davamlı inkişafın əldə edilməsində daha yaxşı istifadə olunmasına ehtiyac vardır. Bu çərçivədə, Azərbaycan regional Avrasiya Rabitə İttifaqının təsis edilməsi ilə bağlı təklif irəli sürmüşdür ki, bu regional platforma internetə çıxışın dəstəklənməsi və İKT sahəsində geniş əməkdaşlıq üçün regional platforma rolunu oynaya bilər. BMT-yə üzv dövlətlərin cari ilin sentyabr ayında qəbul etdikləri 67/298 saylı qətnamə ilə bu təklifimizə verdiyi dəstək bizi daha da həvəsləndirir. Biz gələcəkdə maraq göstərən hökumətlər və digər qurumlarla bu istiqamətdə əməkdaşlıqda maraqlıyıq.

Xanım Sədr,

Dünya hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması ilə üzləşir. Dünya boyunca yüz minlərlə insan təcavüz, hərbi işğal, etnik təmizləmə, beynəlxalq ictimaiyyət üçün ən ciddi narahatlıq doğuran cinayətlərin müqabilində güclənməkdə olan cəzasızlıq mədəniyyətindən əziyyət çəkir.

20 il bundan öncə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləmişdir. Bu qətnamələrdə TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə etmiş və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq etmiş və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.

Bu qətnamələr eləcə də beynəlxalq humanitar hüququn pozulması hallarını, xüsusilə Azərbaycanda böyük sayda mülki əhalinin zorakılıqla qovulmasını, mülki əhaliyə qarşı olan hücumları və onun ərazisinin bombardman edilməsini qabartmışdır.

TŞ-nın sədri tərəfindən 1992-1995-ci illər arasında qəbul edilmiş çoxsaylı bəyanatlar da bu mətnlər boyunca tərtib edilmişdir. Ümumiyyətlə, yuxarıda qeyd olunan qətnamələr bu problem üzrə açıq şəkildə ifadə olunmuş ən kəsərli və icbari qərarlar olaraq, qəbul edir ki, Azərbaycana qarşı hərbi güc əməlləri törədilmiş və bu kimi əməllər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Dərin təəssüf doğurur ki, ilk növbədə işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi TŞ-nın qəti tələbləri hələ də icra olunmamış və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməmişdir.

Bunun müqabilində Azərbaycana qarşı davam edən təcavüzün səbəb olduğu əsas problemlərin təcili həllindən beynəlxalq birliyin diqqətini yayındırmaq məqsədilə Ermənistan tərəfindən mövcud vəziyyətin təhrif edilməsi istiqamətində addımlar atılır, TŞ-nın qətnamələrinin əhəmiyyəti aşağı salınır və onların müddəaları təhrif olunur.

Bundan əlavə, Ermənistanın davam edən işğalçılıq iddiaları və işğal nəticəsində formalaşmış cari status kvonu möhkəmləndirmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi davamlı əməlləri və yüz minlərlə məcburi köşkünün öz yurd-yuvalarına qayıtmasına maneə olması həll prosesinə açıq təhdid yaradır və beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhlükə doğurur.

BMT-də irəli sürdüyümüz təşəbbüsümüz ilə 2005 və 2010-cu illərdə ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyaları işğal olunmuş ərazilərə səfər etmişlər. Hər iki missiya tərəfindən bu ərazilərdə məskunlaşma, sərhədlərin geniş şəkildə yenidən cızılması, ilkin coğrafi adların dəyişdirilməsi və mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə ayrı-seçkili münasibətin bəslənilməsi kimi qeyri-qanuni əməllər sənədləşdirilmişdir.

Amma, bu missiyaların hazırladıqları tövsiyələr kağız üzərində qalmışdır. Bundan əlavə, Suriya ermənilərinin Dağlıq Qarabağ və işğal edilmiş yeddi ətraf Azərbaycan rayonlarına yerləşdirilməsi barəsində son məlumatlar və bu ərazilərə və oradan uçuşların təşkil edilməsi cəhdləri və digər bu kimi qeyri-qanuni əməllər Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan torpaqlarını işğal etmək siyasəti yürütdüyü barəsində sübutları ortaya qoyur.

Bu baxımdan, beynəlxalq birliyin münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törədən bütün əməlləri dərhal və qeyd-şərtsiz dayandırılmasının zəruriliyi israrla tələb etməsi olduqca vacibdir.

Ermənistanın işğalçı siyasətinin uğurla nəticələnməsi mütləq şəkildə qeyri-mümkündür. Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olmuş, vardır və olacaqdır. Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köşkünlərin ayrılmaz hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır.

Beynəlxalq hüquq və TŞ-nın müvafiq qətnamələri də elə bunları tələb edir və bunlar da münaqişənin həll olunması prosesində heç bir vaxt sövdələşmə məsələsi ola bilməzlər. Ən başlıcası isə Azərbaycan heç vaxt öz ərazi bütövlüyünə və ya öz vətəndaşlarının hüquq və azadlıqlarına xələl gətirə bilməz.

BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına, xüsusilə 51-ci maddədə əks olunmuş müddəalara xələl gətirmədən Azərbaycan münaqişənin həll olunması prosesinə başlamış və buna etibarlı qalmaqda davam edir.

Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlı və ləyaqətli şəkidə Azərbaycanın bu regionunda yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi vacib və həyati əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk.

Azərbaycan BMT üzv dövlətlərinin müxtəlif formatlarda Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən və onun ərazi bütövlüyü və suverenliyinə aid olan məsələlər münasibətdə nümayiş etdirdikləri prinsipial mövqelərini yüksək qiymətləndirir. Biz BMT Nİzamnaməsinin məqsəd və prinsiplərinin qorunmasında beynəlxalq birliyin davamlı qətiyyətinə və onun Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyinə güvənirik.

Xanım Sədr,

Biz İsrail ilə Fələstin arasında birbaşa danışıqların bərpa olunması ilə Yaxın Şərq sülh prosesində ruhlandırıcı inkişafı qeyd etmək istərdik. Bütün regionu bürümüş mövcud təhlükəli vəziyyət sülh prosesinin müvəffəqiyyətli olmasını əvvəlkilərdən də artıq dərəcədə zəruri edir. Tərəflərin iki dövlət əsasında həllə nail olmaları üçün atılan beynəlxalq səylərə münasibətdə məsuliyyətli yanaşma nümayiş etdirmələri və bu məqsədi təhlükə altına qoya biləcək əməllərdən çəkinmələri mütləq şəkildə vacibdir.

Fələstindəki iqtisadi, maliyyə və humanitar vəziyyət, xüsusilə regiona humanitar yardımın çatdırılmasının təmin edilməsi kimi davamlı beynəlxalq diqqətin və yardım davam etdirilməsini tələb edir. Bu ilin iyun ayında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfranslarına ev sahibliyi etmişdir. Konfransa qatılan İƏT üzv ölkələri və beynəlxalq təşkilatlar Fələstinin iqtisadiyyatı, səhiyyə və təhsil sistemi və infrastruktur layihələrinin təkmilləşdirilməsinə töhfə vermək üçün maliyyə öhdəlikləri ilə çıxışlar etmişdilər.

Biz Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsi və məhv edilməsi üzrə dünən BMT TŞ-da qəbul olunmuş 2118 (2013) saylı qətnaməni müsbət qarşılayırıq. Ümid edirik ki, BMT TŞ-da nümayiş etdirilən bu yekdil və qəti mövqe Suriya münaqişənin aradan qaldırılması üçün siyasi həllin tapılmasına, Suriya xalqının üzərinə düşən əzab-əziyyətlərə son qoyulmasına və tərəflərin beynəlxalq hüquqa uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsinin təmin olunmasına töhfəsini verəcəkdir.

Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə edilməsini və xüsusilə mülki insanların qətlə yetirilməsini kəskin şəkildə pisləyir. 2118 (2013) saylı qətnamə kimyəvi silahların istifadəsinin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu təsdiq etmiş və onu beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan əməl kimi qəbul etmişdir.

30 iyun 2012-ci il tarixli Cenevrə kommunikesini təsdiq etməklə və Suriya üzrə beynəlxalq konfrans çağırmaqla, TŞ sülh yolu ilə keçid prosesi, sabitlik və barışığa nail olmaq üçün zəmin yaratmışdır. Amma bütün tərəflərin silahlı zorakılığı dayandırması, siyasi proseslərdə konstruktiv şəkildə iştirak etməsi və Cenevrə kommunikesinin həyata keçirilməsinə öhdəlik daşıması mütləq şəkildə vacibdir.

Xanım Sədr,

Yekunda ümidvarlığımı bildirmək istərdim ki, daha güclü və səmərəli BMT naminə üzv dövlətlər 68-ci sessiyada uğurlu addımlar atmağa müvəffəq olacaqlar. Biz fərdi dövlətlərin milli inkişaf hədəflərinin həyata keçirilməsinin gücləndirilməsində və bu təşkilat tərəfindən qəbul olunmuş qərar və qətnamələrin həyata keçirilməsinin təmin olunmasında BMT sisteminin davamlı öhdəliyini və fəaliyyətini səbirsizliklə gözləyirik.

Sağ olun.

növbəti xəbər əvvəlki xəbər