2013-06-11
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin Donor Konfransının rəsmi açılış mərasimində çıxışı

Qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin Donor Konfransının rəsmi açılış mərasimində çıxışı

Bakı, 11 iyun 2013-cü il

Hörmətli nazirlər,

Hörmətli cənab Baş Katib,

Hörmətli Şeyx Həzrətləri,

Hörmətli qonaqlar,

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin adından hər birinizi Azərbaycanın paytaxtı Bakı şəhərində salamlamaq və sizə məhsuldar konfrans və yaddaqalan vaxt keçirməyi arzulamaq istərdim. İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin bu cür əhəmiyyətli və nəcib qayəli konfranslarına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.

“Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” yalnız Fələstin xalqı üçün yox, həm də bütün İslam dünyası üçün böyük əhəmiyyət daşıyır.

Xanımlar və cənablar,

Əziz qonaqlar,

Bir çox illərdir müstəqillik yolunda Fələstin xalqının üzləşdiyi çətinliklərə baxmayaraq, bu məqsədlə bir çox nailiyyətlər əldə olunmuşdur. Fələstinin YUNESKO-ya tamhüquqlu üzv kimi qəbul edilməsi və BMT-də müşahidəçi dövlət statusunu əldə etməsi bu baxımdan tarixi mərhələdir. Biz iki-dövlət həll yolunu dəstəkləyir və qəti şəkildə inanırıq ki, yaxın gələcəkdə Fələstin Dövlətinin BMT-yə tamhüquqlu üzvlüyünə şahid olacağıq. Azərbaycan Respublikası Fələstini beynəlxalq təşkilatlar çərçivəsində həmişə dəstəkləmişdir. Biz bu məsələdə qəti və dönməz mövqeyimizi qorumuşuq. Həmin mövqe bu yaxınlarda Ramallaha rəsmi səfərim zamanı Fələstin rəsmiləri ilə keçirilmiş görüşlərdə yenidən bildirilmişdir. Azərbaycan Respublikasının Hökuməti qardaş Fələstin xalqına şərqi Qüds paytaxt olmaqla öz müstəqil dövlətinin qurulması uğrunda mübarizədə öz hərtərəfli dəstəyini bir daha rəsmən ifadə edir.

Hörmətli qonaqlar,

Bildiyiniz kimi, Azərbaycan ərazilərinin təqribən 20%-i artıq 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Həmçinin Ermənistan etnik təmizləmə siyasəti aparmış və nəticədə hal-hazırda Azərbaycanda hər 9 nəfərdən biri ya qaçqın ya da məcburi köçkündür. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri, eləcə də erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tamamilə və şərtsiz çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında erkən həllinə çalışırıq.
İƏT bir sıra digər beynəlxalq təşkilatlarla yanaşı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir sıra qətnamələr qəbul etmiş və İƏT üzv dövlətlərinin bizim nüfuzlu təşkilatımız, həmçinin BMT-də daxil olmaqla digər beynəlxalq təşkilatlar çərçivəsində bu məsələdə qəti mövqeyinə görə onlara xüsusilə minnətdarıq.

Əziz konfrans iştirakçıları,

“Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi” təşəbbüsü Fələstin xalqına dəstək üçün həyati rol oynayan şərqi Qüdsün sosial-iqtisadi sahələrinin inkişafını sürətləndirməyi hədəfləyir. Əl-Qüds şəhərinin Strateji Sektor Planı davamlı inkişaf sahələrini ehtiva edir və nəhayətdə, müqəddəs şəhərin mədəni və tarixi irsini qoruyur. Eyni zamanda, Planda nəzərdə tutulan layihələr şərqi Qüdsü Fələstinin paytaxtı kimi qoruyub saxlanması və əhalinin yaşayış şəraitini inkişaf etdirmək məqsədi daşıyır. İnanıram ki, biz hamımız şəhərin islami kimliyinin qorunmasının bütün İslam dünyasının şərəfli və müqəddəs vəzifəsi olduğu fikrini bölüşürsünüz.

Bu baxımdan, Azərbaycan Əl-Qüds şəhərinin Strateji Sektor Planının reallaşmasına sosial və infrastruktur layihələri irəli sürmək və yerinə yetirməklə töhfə vermək qərarına gəlmişdir.

Sonda, mən İƏT Baş katibi professor Ekmələddin İhsanoğluya təşkilatın beynəlxalq nüfuzunu möhkəmləndirməsi naminə o və komandası tərəfindən aparılan uğurlu işə görə öz minnətdarlığımı ifadə etmək istərdim.

Təşəkkür edirəm.

növbəti xəbər əvvəlki xəbər