2011-09-27
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində çıxışı

Nyu-York, 27 sentyabr 2011-ci il

Cənab Prezident,

Xanımlar və cənablar,

Zati-Aliləri cənab Nasir Əbdüləziz Əl Naserin BMT Baş Assambleyasının 66-cı Sessiyasının Prezidenti seçilməsi ilə əlaqədar səslənmiş təbriklərə qoşuluram və ona bu yüksək məsuliyyətli vəzifədə uğurlar arzulayıram. Mən, eyni zamanda, onun sələfi Zati-Aliləri cənab Cozef Deysə də sonuncu Sessiyanın işi zamanı məhsuldar fəaliyyətinə görə təşəkkür edirəm.

Mən, həmçinin BMT-nin Baş katibi Zati-Aliləri cənab Ban Ki-Muna BMT-nin yenidən canlanmasına həsr olunmuş fəaliyyətinə və rəhbərliyinə görə öz dərin hörmət və minnətdarlığımı bildirirəm.

Cənab Sədr,

Bu ilki Ümumi Müzakirələrin mövzusu ilə əlaqədar bildiririk ki, biz Baş Assambleyanın 65-ci Sessiyasında münaqişələrin sülh yolu ilə nizamlanması, münaqişələrin qarşısının alınması və həlli üçün vasitəçilik rolunun gücləndirilməsinə dair qəbul edilmiş qətnaməni alqışlayırıq. Bu sənəddə Baş Assambleyanın bütün üzv ölkələrin BMT Xartiyasında qeyd olunduğu kimi öz öhdəliklərinə ciddi şəkildə sadiq qalmalı olduğu bir daha bəyan edilmiş və beləliklə də, bütün ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət öhdəliyi bir daha təsdiq edilmişdir.

Azərbaycan qətnamədə qeyd olunduğu kimi, daha effektiv vasitəçilik üçün müvafiq təlimata ümid edir və biz bunun işlənib hazırlanmasına tövhə vermək üçün hazırıq.

Təəssüflə etiraf etməliyik ki, heç də bütün ölkələr öz beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmır və beynəlxalq hüququn hamı tərəfdən qəbul edilmiş norma və prinsiplərinə əməl etmirlər.

Təqribən 20 ildir ki, biz BMT Xartiyasının və beynəlxalq hüququn digər sənədlərinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı zorakılıq tətbiq etmiş Ermənistan Respublikası tərəfindən kobud şəkildə pozulması ilə qarşı-qarşıyayıq. Bu zorakılığın nəticəsi olaraq, Azərbaycan torpaqlarının 20%-i hələ də işğal altındadır və təqribən 1 milyon Azərbaycanlı qaçqın və köçkün öz torpaqlarına qayıda bilmir.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam şəkildə və şərtsiz olaraq çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq etdi. Bu kimi müraciətlər həmçinin digər beynəlxalq təşkilatlar tərəfindən də edilmişdi. Təəssüf ki, Ermənistan dünya ictimaiyyətinin çağırışlarına məhəl qoymamaqda davam edir.

Ən narahatedici məqam odur ki, öz xalqını sülh, rifahlı və stabil gələcəyə, qonşu ölkələrlə əməkdaşlığa hazırlamaq əvəzinə, Ermənistan rəhbərliyi gənc nəsilləri yeni müharibələrə, zorakılıq və təcavüzə açıq şəkildə təhrik edir, eyni zamanda, tək Azərbaycana deyil, regionun digər xalqlarına qarşı da düşmənçilik və nifrətin təhlükəli ideyalarını bütün vasitələrlə yayır.

Azərbaycanın işğal edilmiş ərazilərində etnik ermənilərin köçürülərək yerləşdirilməsi, eyni zamanda, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi kimi qanunsuz fəaliyyətlər daha bir ciddi narahatlıq mənbəyidir. Bu kimi fəaliyyətlər işğalın mövcud vəziyyətini daha da möhkəmləndirmək və etnik təmizləmənin nəticələrini və işğal edilmiş ərazilərin kaloniyalaşdırılmasını təmin etmək məqsədi daşımaqla yanaşı, münaqişənin həlli perspektivlərinə də ciddi maneçilik törədir. Daha əvvəl biz Ermənistan Prezidentinin çox aqressiv və qeyri-konstruktiv çıxışının şahidi olduq. O, Ermənistanın destruktiv siyasətini açıq şəkildə təsdiq etdi.

Azərbaycanın işğal edilmiş ərazilərində ötən ilin oktyabrında ATƏT-in Minsk Qrupu tərəfindən keçirilmiş Sahə Dəyərləndirmə Missiyası xüsusilə vurğuladı ki, işğalın mövcud vəziyyəti qəbuledilməzdir və Ermənistan bu ərazilərdə qanunsuz işlərə son qoymalıdır.

Ərazisinin işğalından və yüz minlərlə vətəndaşının zor gücünə köçürülməsindən əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan münaqişənin ən qısa zamanda danışıqlar yolu ilə nizamlanmasında ən çox maraqlı olan tərəfdir. Bizim mövqeyimiz beynəlxalq ictimaiyyətə məlumdur və beynəlxalq hüququn ərazinin güclə alınmasının yolverilməz olduğu, eyni zamanda, qəti və şərtsiz şəkildə rədd olunduğu vurğulanan norma və prinsiplərinə ciddi bağlılıq üzərində qurulmuşdur.

Həm Azərbaycanın işğal edilmiş ərazilərində, həm də öz ərazilərində azərbaycanlıların tam etnik təmizlənməsini həyata keçirmiş Ermənistan rəhbərliyinin öz müqəddəratını təyin etmə prinsipini tətbiq etmək cəhdləri tamamilə məntiqsizdir. Aydın məsələdir ki, etnik əsasda əhalini öz evindən qovan heç kəs yerdə qalan əhalinin öz müqəddəratını təyin etməsindən danışa bilməz.

Azərbaycan qəbul edir ki, xalqların öz müqəddəratını təyin etmək hüququ yalnız və yalnız BMT Xartiyasının məqsəd və prinsiplərinə, eyni zamanda, Helsinki Yekun Aktında öz əksini tapdığı kimi, dövlətlərin ərazi bütövlüyünün də daxil olduğu beynəlxalq hüququn müvafiq normalarına uyğun şəkildə tətbiq edilə bilər.

Biz əminik ki, münaqişənin nizamlanması Ermənistan silahlı qüvvələrinin müəyyən olunmuş vaxt çərçivəsində işğal edilmiş ərazilərdən çıxarılması ilə başlamalıdır və kommunikasiyaların bərpası, qaçqın və köçkünlərin öz torpaqlarına geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin sülh şəraitində birgə yaşamaları üçün şərtlərin yaradılması ilə davam etdirilməlidir. Vasitəçilər tərəfindən təklif olunmuş və təəssüf ki, Ermənistan rəhbərliyindən başqa beynəlxalq ictimaiyyətin digər üzvləri tərəfindən qəbul edilmiş bu mərhələli yanaşma regiona davamlı sülh, sabitlik və müəyyənlik gətirə bilər.

Azərbaycan hələ də bu çox çətin və həssas danışıqlar prosesinə olan marağını, stimulunu və səbrini qoruyub saxlayır. Biz inanırıq ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfini beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyə və azərbaycanlıların Dağlıq Qarabağ regionu da daxil olmaqla öz torpaqlarında yaşamaq hüquqlarını pozmalarını dayandırmağa inandıracaqdır. Biz öz növbəmizdə bu regiona Azərbaycan Respublikasının tərkibində olmaqla, özünü idarənin ən yüksək formasını təmin etməyə hazırıq.

Cənab Prezident,

Mən çıxışımda beynəlxalq gündəlikdə olan digər bir mühüm məsələyə - Fələstin məsələsinə də toxunmaq istəyirəm. Azərbaycan BMT-yə üzv ölkələrin əksəriyyəti tərəfindən ifadə olunmuş mövqeyə bağlılığını bir daha bəyan edir. Biz Fələstin xalqı və rəhbərliyi ilə davamlı həmrəy olduğumuzu bir daha bəyan edirik və inanırıq ki, çox vacib və uzun müddətdir davam edən bu məsələdə nailiyyət əldə olunmasının vaxtı çatmışdır. Fələstinin BMT-də tam şəkildə təmsil olunmasının vaxtı yetişmişdir.

Cənab Prezident,

Azərbaycan BMT çərçivəsində razılaşdırılmış məqsəd və vəzifələrin reallaşdırılmasına bundan sonra da tövhə verməkdə qərarlıdır. Son illərdə Azərbaycan yoxsulluğun aradan qaldırılması, davamlı inkişafın təşviq edilməsi və qlobal rifahın dəstəklənməsinə yönəlmiş beynəlxalq və milli səyləri dəstəkləmək məqsədilə humanitar yardımları artırmışdır. Biz inkişaf etməkdə olan və ən az inkişaf etmiş, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına, xüsusilə də iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətlərin problemlərinə xüsusi diqqət yetiririk.

Afrika buynuzunda baş vermiş sonuncu böhran bir daha qlobal həmrəyliyin əhəmiyyətini nümayiş etdirdi. Azərbaycan bu regionda aclığın aradan qaldırılması istiqamətində göstərilən səyləri dəstəkləmək məqsədilə təcili yardım etmişdir. Azərbaycan Hökuməti Afrika Buynuzundakı böhranın orta və uzun müddətli davamlı həllinə nail olmaq istiqamətində beynəlxalq ictimaiyyətin humanitar yardım sahəsində səylərinin artırılmasını dəstəkləmək üçün əlavə vəsaitin ayrılması məsələsini nəzərdən keçirir.

BMT ilə Azərbaycan Hökuməti arasında mövcud olan məhsuldar əməkdaşlığın nəticəsi olaraq, Azərbaycan tərəfindən irəli sürülmüş “Trans-Avrasiya İnformasiya Magistralı vasitəsilə əlaqənin qurulması” adlı qətnamə BMT BA-nın 21 dekabr 2009-cu il tarixində keçirilmiş 64-cü Sessiyasında qəbul edilmişdir (A/RES/64/186).

Layihənin əsas əlaqələndiricisi olan Azərbaycan layihənin həyata keçirilməsi mümkünlüyü barədə araşdırma aparmış və Katibliyin maliyyələşdirilməsini təmin etmişdir. Biz regionun əsas böyük telekommunikasiya operatorlarından ibarət konsorsiumun yaradılması istiqamətində bir sıra addımlar atmışıq.
Cənab Prezident,

Azərbaycanda hər zaman müxtəlif inancların, etnik qrupların və fəlsəfələrin tolerant formada birgə mövcud olması ilə yanaşı, Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların Şimalla Cənubun və Şərqlə Qərbin kəsişməsində görüşdüyü unikal yerlərdən biridir.

Mədəniyyətlər arasında körpü rolunu oynayan və Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun aktiv bir üzvü kimi Azərbaycan, qarşılıqlı hörmət və anlayışa söykənən dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq olunmasında məsuliyyət hiss edir. Belə ki, biz son illərdə Dünya Dini Liderlərinin Sammiti (aprel 2010), Dünya Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel 2011) kimi bir sıra yüksək səviyyəli və fəaliyyətyönümlü tədbirlərə ev sahibliyi etmişik.

Cənab Prezident,

Beynəlxalq sülh, təhlükəsizlik, sabitlik və inkişafın qorunub saxlanılması üçün bundan sonra da tövhə vermək arzusunda olan Azərbaycan BMT TŞ-da 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyə öz namizədliyini irəli sürmüşdür. Seçkilər cari ilin 21 oktyabr tarixində BMT BA-da keçiriləcəkdir.

2012-ci il Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü olması ilə əlamətdardır, lakin buna baxmayaraq, digər Şərqi Avropa ölkələri Qrupunun namizədlərindən fərqli olaraq, Azərbaycan heç vaxt TŞ-nın üzvü olmaq imkanını əldə etməmişdir.

Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsi kiçik və inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcək və bu BMT orqanına daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcəkdir.

Azərbaycan Respublikası Hökuməti BMT-nin bütün üzv ölkələrinə Azərbaycanın BMT TŞ-da qeyri-daimi üzvlük üçün irəli sürdüyü namizədliyə göstərəcəkləri dəstəyə görə minnətdar olacaqdır.

Sağ olun.

növbəti xəbər əvvəlki xəbər