2006-08-14
Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanları Rəhbərlərinin İkinci Müşavirəsində xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı

Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanları Rəhbərlərinin İkinci Müşavirəsində xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı

Bakı, 14 avqust 2006-cı il

Möhtərəm cənab Prezident,

Hörmətli müşavirə iştirakçıları,

Artıq mütəmadi xarakter almış Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirələri görülən işlərə qiymət vermək, fəaliyyətimizin daha keyfiyyətli təşkilini təmin etmək, müvafiq dövlət qurumları ilə mövcud əlaqələrin səviyyəsini yüksəltmək nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidirlər.

Möhtərəm cənab Prezident,

Birinci müşavirədə Sizin göstərişlərinizin diplomatik xidmət orqanları tərəfindən yerinə yetirilməsinə xüsusi əhəmiyyət verilmiş, müşavirədə səslənmiş təklif və fikirlər ciddi təhlil olunmuş, fəaliyyətimizin planlaşdırılması və praktiki işimizdə nəzərə alınmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həlli məsələsi hesabat dövründə də diplomatik xidmət orqanlarının işinin ən başlıca istiqaməti olaraq qalmışdır.

Azərbaycanın işğal olunmuş bütün ərazilərinin azad edilməsinin zəruriliyinə, didərgin salınmış əhalinin doğma yerlərinə qayıtmasına və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasına əsaslanan strategiya Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ardıcıl surətdə həyata keçirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların diqqətində qalmaqda davam etmişdir. Belə ki, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul edilmiş qətnamədə Azərbaycan ərazilərinin işğal edilməsi və orada etnik təmizləmə aparılması faktı öz təsdiqini tapmışdır. İslam Konfransı Təşkilatının 3-cü fövqəladə zirvə görüşü və xarici işlər nazirlərinin 32-ci və 33-cü konfransları zamanı təşkilata üzv olan dövlətlər Ermənistanın davam edən təcavüzünü pisləyərək, ölkəmizlə həmrəy olduqlarını bir daha təsdiqləmişlər.

Hesabat dövründə xarici siyasətimizin prioritetlərindən biri olan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq üzrə fəaliyyətimiz davam etdirilib.

BMT çərçivəsində səylərimizin daha da artırılması öz bəhrəsini verməyə başlamışdır. Belə ki, Azərbaycan yeni yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının tərkibinə cari ildə keçirilən ilk seçkilərdə bu nüfuzlu qurumun üzvü seçilmişdir.

Ötən dövr ərzində Azərbaycan terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və digər növ təhlükəli cinayətlərə qarşı BMT və Avro-Atlantika tərəfdaşlığı çərçivəsində beynəlxalq mübarizədə iştirakını davam etdirmişdir.

Hazırda uğurla həyata keçirilən Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı Azərbaycanın NATO ilə inteqrasiya əlaqələrinin inkişafı prosesində mühüm amilə çevrilmişdir.

Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının işlənib hazırlanması Avropa İttifaqı ilə tərəfdaşlığımızın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Keçirilmiş danışıqlar nəticəsində Fəaliyyət Planının razılaşdırılması artıq son mərhələyə çatmışdır.

ATƏT ilə əməkdaşlıq ardıcıl surətdə davam etdirilmiş, hərbi-siyasi, iqtisadi-ekoloji və insan ölçüləri üzrə ATƏT-lə ölkəmiz arasında sıx əlaqələrin təmin olunması istiqamətində iş aparılmışdır.

Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində fəaliyyətini daim diqqət mərkəzində saxlayır. İKT-nın Bakıda keçirilmiş xarici işlər nazirlərinin 33-cü konfransından sonra Azərbaycan öz sədrliyi çərçivəsində artıq işə başlayıb, öz İKT həmkarları ilə məsləhətləşmələr aparır və sıx əlaqələr qurur. Azərbaycan Livanda baş verən son hadisələr ilə bağlı BMT və İKT çərçivəsində fəal səylər göstərmişdir.

Azərbaycan ilə YUNESKO arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksələrək ölkəmizin humanitar siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Ölkəmiz YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilmiş, bir sıra tarixi və mədəni abidələrimizin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində məqsədyönlü iş aparılır.

Bu il keçirilmiş zirvə görüşündə beynəlxalq regional təşkilat statusuna malik olmuş GUAM-ın üzv dövlətləri arasında onların ərazilərində mövcud münaqişələrin həlli ilə bağlı yekdil mövqeyin formalaşdırılması, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin təmin edilməsi sahələrdə əməkdaşlıq inkişaf edir.

Hesabat dövründə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünə dair danışıqlar davam etdirilmiş, İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə və nazirlər görüşləri, eləcə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər iqtisadi yönümlü beynəlxalq təşkilatların mühüm tədbirləri təşkil edilmişdir.

İkitərəfli münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi XİN-in daim diqqət mərkəzində saxlanılmışdır.

Dövlət və hökumət başçıları, parlamentlərin və xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilmiş, birgə hökumətlərarası komissiyaların və işçi qrupların iclasları təşkil olunmuş və dövlətlərarası müqavilə-hüquq bazasının genişləndirilməsi prosesi davam etdirilmişdir. Hesabat dövründə Azərbaycanın 39 beynəlxalq konvensiyaya qoşulması təmin edilmiş, ölkəmizin digər dövlətlərlə müxtəlif sahələri əhatə edən 300 müqavilənin hazırlanması və imzalanması təşkil edilmişdir.

Son iki il ərzində Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı daha da möhkəmlənmiş və genişlənmişdir. Azərbaycan Respublikasının Prezidentinin ABŞ-a 2006-cı ildəki səfəri ölkələrimizin münasibətlərində yeni səhifə açmış və əlaqələrimizin inkişafına təkan vermişdir.

Rusiya ilə Azərbaycan arasında olan strateji tərəfdaşlıq münasibətləri üçün yüksək səviyyədə intensiv dialoq, ticarət-iqtisadi əlaqələrin artan templə inkişafı, humanitar və başqa sahələrdə aktiv qarşılıqlı əməkdaşlıq səciyyəvidir.

Türkiyə Azərbaycanın ən etibarlı strateji tərəfdarı olaraq, qlobal enerji-nəqliyyat layihələri, dünya siyasətinin və iqtisadiyyatının aktual məsələlər üzrə ölkəmiz ilə eyni mövqedən çıxış edir.

Son iki ildə ölkəmiz ilə Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Latviya, Litva, Macarıstan, Polşa və Rumıniya arasında iqtisadi əməkdaşlıq və siyasi dialoq intensiv şəkildə inkişaf etməkdədir.

Azərbaycanın İran ilə də əlaqələri inkişaf etmişdir. İki ölkənin prezidentləri səviyyəsində keçirilmiş səfərlərin nəticəsində ölkələrimiz arasında olan münasibətlər yeni mərhələyə qaldırılmış, ikitərəfli əlaqələrimizin inkişafına təkan verilmişdir.

Çin, Yaponiya və Cənubi Koreya ilə siyasi, iqtisadi, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Bir sıra yüksək səviyyəli səfərlər təşkil olunub, çoxsaylı sənədlər imzalanmışdır.

Azərbaycan ilə Səudiyyə Ərəbistan, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar və Oman arasında əlaqələr inkişaf olmaqda qalır, bir çox sahələrdə fəal dialoq mövcuddur.

İndoneziya, Pakistan, Malayziya və Bruney ilə əlaqələr genişlənir, onların inkişafı istiqamətində konkret addımlar atılmışdır.

Mərkəzi Asiya ölkələri ilə olan ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz Azərbaycan Prezidentinin 2004-cü ildə Qazaxıstana, 2005-ci ildə isə Özbəkistana rəsmi səfərləri zamanı bir daha nümayiş olunmuşdur.

Azərbaycan ilə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlara malik olan Latın Amerika bölgəsi arasında əlaqələr ötən müddət ərzində genişlənmiş, təkmilləşdirilən müqavilə-hüquq baza münasibətlərin inkişafına əlverişli şərait yaratmışdır.

Xarici siyasətin əsas istiqamətlərindən olan iqtisadi meyar üzrə XİN-in davamlı fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi potensialını və işgüzar mühitini, azad biznesin inkişafı üçün yaradılmış münbit şəraiti tərənnüm edən investisiya və biznes forumlar, habelə xarici ölkələrin hökumət və özəl sektorunun nümayəndələrinin ölkəmizə səfərləri təşkil edilmişdir.

Ötən dövr ərzində insan hüquqları və demokratikləşmə sahələrində XİN-in fəaliyyəti davam etdirilmişdir. Belə ki, keçən il ölkəmizdə keçirilmiş parlament seçkiləri ilə bağlı XİN-in apardığı məqsədyönlü fəaliyyət nəticəsində seçkilər haqda düzgün və obyektiv məlumat beynəlxalq ictimaiyyətə çatdırılmışdır.

Xarici İşlər Nazirliyi mətbuat, informasiya və təbliğat sahəsində də bir sıra irəliləyişlərə nail olmuşdur. Yüksək səviyyəli xarici qonaqların ölkəmizə səfərləri və keçirilmiş görüşlər barədə mütəmadi olaraq mətbuat konfransları və brifinqlər təşkil edilir, bu görüşlər mətbuatda işıqlandırılır, müxtəlif ölkədaxili, regional və beynəlxalq məsələlərə dair XİN-in mövqeyi press-relizlərdə əks etdirilir. Diplomatik nümayəndəliklərimiz mütəmadi olaraq XİN tərəfindən təmin edildiyi təbliğat materialları və ölkəmiz haqqında məlumatı xaricdə yayırlar. Bir sıra xarici kütləvi informasiya vasitələrində, jurnal və qəzetlərində Azərbaycan haqda məlumatlar öz əksini tapmış, televiziya kanallarında ölkəmizə dair verilişlər nümayiş etdirilmişdir.

Konsulluq-hüquq məsələləri Xarici İşlər Nazirliyinin işinin mühüm tərkib hissəsini təşkil edir. Hesabat dövründə bir sıra ölkələrlə müvafiq sənədlər imzalanmış, bir çox saziş layihələri Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bəzi Qanunlara və Konsulluq Nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanıb. 2005-ci ildə konsulluq əməliyyatlarına görə 5,172,840 ABŞ dolları, cari ilin birinci yarısında isə 2,500,000 ABŞ dollardan artıq məbləğində rüsum tutularaq, dövlət büdcəsinə köçürülüb.

Möhtərəm cənab Prezident,

Ölkəmizin beynəlxalq əlaqələr sistemində tutduğu yerini nümayiş etdirmək üçün qeyd etmək istərdim ki, bu günə olan vəziyyətə görə 160 ölkə Azərbaycan Respublikası ilə diplomatik əlaqə qurmuşdur. Azərbaycanda Bakıda iqamətgahı olan 30 səfirlik, 2 baş konsulluq, beynəlxalq təşkilatların 12 nümayəndəliyi, 7 fəxri konsulluq fəaliyyət göstərir. İqamətgahları digər şəhərlərdə olan 43 diplomatik nümayəndəliyin rəhbərləri də Azərbaycanda akkreditə olunub.

Hal-hazırda, Azərbaycanın xaricdə 49 diplomatik nümayəndəliyi və konsulluğu fəaliyyət göstərir, o cümlədən 37 səfirliyi, beynəlxalq təşkilatlar yanında 4 nümayəndəliyi, 5 baş konsulluğu, 1 konsulluğu, 2 fəxri konsulluğu. Onlardan 20-si 2004–2006-cı illərdə fəaliyyətə başlayıb. Hazırda Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında 278 diplomat çalışır.

Normativ-hüquq bazanın təkmilləşdirilməsi məqsədilə səfirliklər və daimi nümayəndəliklər haqqında əsasnamələr, XİN-ə işə qəbul qaydaları təsdiq edilmiş, konsulluqlar haqqında əsasnamə, diplomatik xidmət işçilərinin attestasiya qaydaları və diplomatik nümayəndəliklərin maliyyə təminatı qaydaları üzrə iş yekun mərhələsindədir. “Diplomatik xidmət haqqında” Qanunun və “Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin yeni variantları üzrə iş gedir. Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsində Xarici İşlər Nazirliyinin əlaqələndirici rolunun gücləndirilməsi haqqında Fərman layihəsi Azərbaycan Respublikası Prezidentinə təqdim edilib.

Diplomatik xidmət orqanlarının sisteminə rəhbərliyin və nəzarətin lazımi səviyyədə təşkili məqsədilə onların işinin uzunmüddətli planlaşdırılması və müvafiq hesabatların təqdim olunması təmin edilmişdir.

Diplomatik xidməti layiqli kadrlarla təmin etmək məqsədilə hesabat dövründə diplomatik xidmətə qəbul artıq iki dəfə müsabiqə əsasında keçirilmişdir. Mövcud kadrlarımızın peşəkarlığının artırılması məqsədilə Nazirlikdə təlim və ixtisasartırma kursları təşkil edilmişdir.

Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Ötən iki illik müddət ərzində Nazirliyin Kollegiyası və bir sıra yeni struktur bölmələri yaradılmış, Nazirliyin Diplomatik Akademiyası təsis edilmişdir. Belə ki, XİN-də 21 struktur bölmə (17 idarə, 4 şöbə) fəaliyyət göstərir.

Möhtərəm cənab Prezident,

Çıxışımın sonunda qeyd etmək istərdim ki, Azərbaycan diplomatik xidmət orqanlarının qarşısında həyata keçirilməsi zəruri hələ çox vəzifələr durur.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları Sizin tərəfinizdən onlara tapşırılan vəzifələrin yerinə yetirilməsində öz əməklərini əsirgəməyəcəklər.

Diqqətinizə görə sağ olun.

növbəti xəbər əvvəlki xəbər