2015-12-01
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun NATO Qətiyyətli Dəstək Nazirlər toplantısında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı
NATO Qətiyyətli Dəstək Nazirlər toplantısı, Brüssel, 1-2 dekabr 2015-ci il

Cənab Baş katib,
Generallar,
Həmkarlar və dostlar,

İlk növbədə mən cənab nazir Rəbbanini ürəkdən salamlamaq istərdim. O, Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri ilə birgə Əfqanıstanın uğurlu gələcəyi üçün həlledici rola malik Milli Birlik Hökumətini təmsil edir.

Bu gün Əfqanıstanda problemlər qalmaqdadır və biz əfqan dostlarımızla daha çox işlər görməliyik. Azərbaycan bu məqsədlə öz səylərini davam etdirmək və qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına (QDM) əhəmiyyətli dərəcədə töhfə vermək əzmindədir.

Bu baxımdan, mən ölkəmin QDM-ə eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfəsinin 2016-cı il ərzində də davam etdiriləcəyini bir daha bildirirəm. Əlavə olaraq, Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım etmişdir və 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcəkdir. İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülmüşdür.

Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim.

Son olaraq bildirmək istərdim ki, ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir. Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı özü-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir.

Təşəkkür edirəm.

növbəti xəbər əvvəlki xəbər