2015-09-30
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin qüvvəyə minməsinin asanlaşdırılmasına dair IX konfransda çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin qüvvəyə minməsinin asanlaşdırılmasına dair IX konfransda çıxışı

Nyu-York, 29 sentyabr 2015-ci il

Zati-aliləri,

Hörmətli həmkarlar,

Xanımlar və cənablar,

 

İlk öncə, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə müqavilənin (NSHQM) erkən qüvvəyə minməsi üzrə davamlı fəaliyyəti və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Təşkilatın Hazırlıq Komissiyasının fəaliyyətinin səmərəliliyinin təmin edilməsinə görə Hazırlıq Komissiyasının icraçı katibi Zati-aliləri cənab Lassina Zerboya təşəkkürümüzü bildirmək istərdim. Biz həmçinin, belə önəmli Konfransın ərsəyə gəlməsi üçün  hazırlıq işlərinin tezləşdirilməsi istiqamətində xüsusi səylərinə görə Konfransın Prezidentlərinə də təşəkkürümüzü bildiririk.

Biz NSHQM-nin 183 ölkə tərəfindən imzalanması və 164 ölkə tərəfindən ratifikasiya edilməsi ilə müqavilədən irəli gələn öhdəliklərə qoşunlmanın universallığa yaxınlaşması faktını alqışlayırıq. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən müqavilənin erkən zamanda qüvvəyə minməsi üzrə niyyətin dəfələrlə müxtəlif tədbirlərdə aydın şəkildə ifadə olunmasına baxmayaraq, NSHQM-nın və dünyada nüvə təhlükəsizliyinin universallığının təmin edilməsi istiqamətində daha çox işlər görülməlidir.

Biz müqavilənin bəndlərinin tətbiq edilməsi, xüsusilə Vyanada Beynəlxalq Monitorinq Sistemi, Yerində Təftiş elementləri  və Beynəlxalq Məlumat Mərkəzinin yaradılması üzrə Hazırlıq Komissiyasının və Müvəqqəti Texniki katibliyin bu günə qədər göstərdiyi səyləri təqdir edirik.

Əsas funksiyasına əlavə olaraq, müqavilənin icrasının yoxlanılma sisteminin dalğaötürücü və radioaktiv izotop texnologiyaları və məlumat sisteminin istifadəsinin elmi və mülki tətbiq edilməsi, eləcə də fəlakət zamanı həyəcan siqnalı daxil olmaqla, elmi və mülki faydası vardır. NSHQM-nin icrasının yoxlanılması rejimi müqaviləyə qoşulan dövlətləri zəlzələ, sunami və nüvə qəzaları və digər elmi-mülki zərurətlər üçün real vaxt rejimində dəqiq məlumatla təmin etməklə öz faydalılığını nümayiş etdirmişdir.

Beynəlxalq Məlumat Mərkəzində toplanılmış məlumatların mülki və elmi məqsədlər üçün istifadə olunduğunu nəzərə alsaq, beynəlxalq ictimaiyyətin bu imkanlardan geniş şəkildə faydalanması üçün yolların axtarılması önəmlidir.

Biz Müvəqqəti Texniki Katiblik tərəfindən müqaviləyə tərəf ölkələr üçün müvafiq təlim kurslarının və seminarların təşkilini, müqavilənin bəndlərinin effektiv şəkildə icrasını təmin etmək üçün bu ölkələrə öz imkanlarının təkmilləşdirilməsi istiqamətində göstərilən yardımı yüksək qiymətləndiririk.

Qeyd olunanlarının fonunda, biz üç il bundan öncə İmkanların Yaradılması Proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu nəzdində yaradılmış Milli Məlumat Mərkəzinin müvafiq əsas avadanlıq və texnologiyalarla təmin edilməsi üzrə texniki yardımı təqdir edirik. Bu yardım Azərbaycanda Milli Məlumat Mərkəzinin imkanlarına əhəmiyyətli dərəcədə öz töhfəsini vermişdir. Mərkəzin işlərini və fəaliyyətini canlandırmaq,  həmçinin potensialının inkişafının təmin edilməsi üçün daha çox səy göstərilməsi lazımdır.

Azərbaycan bundan sonra da müasir texnologiyaların əldə edilməsi, texnologiyalara nəzarət üzrə mütəxəssislər üçün təlim proqramları imkanlarının genişləndirilməsi və NSHQT-nın fəaliyyətinin digər istiqamətləri üzrə milli potensialının gücləndirilməsində maraqlıdır.

Təşəkkür edirəm!

növbəti xəbər əvvəlki xəbər