2015-05-13
NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərinin xarici işlər nazirlərinin iclasında Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı

Hörmətli cənab Baş katib,

Hörmətli nazir Çavuşoğlu və nazir Rəbbani,

Həmkarlar və dostlar,

Ev sahibi olaraq ecazkar Antalya şəhərində göstərdiyi heyrətamiz qonaqpərvərliyə görə Türkiyəyə təşəkkürümüzün ifadə olunmasında hamının mənimlə razı olacağına əmin olaraq, Türkiyə hökumətinə və dostum nazir Çavuşoğluna minnətdarlığımı ifadə edirəm.

Burada olmağıma görə ikiqat sevinc hissi keçirirəm, belə ki, qardaş Türkiyədəm və Qətiyyətli dəstək missiyasında qoşunlarımız Türkiyənin kontingenti tərkibində xidmət edirlər.

Azərbaycan qoşunlar, çoxtəyinatlı tranzit imkanları, təlim və maliyyə yardımı ilə nəzərəçarpacaq dərəcədə Qətiyyətli dəstək missiyasına töhfə verir. 2012-ci ildə Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun etimad fonduna bir milyon avro dəyərində töhfə vermiş və 2017-ci ilin sonuna qədər bu etimad fonduna əlavə iki milyon avro töhfə verəcəkdir.

Amma əvvəlki illərin təcrübəsi göstərir ki, yalnız hərbi yardım Əfqanıstanda davamlı sülhün bərqərar olması üçün kifayət deyildir. Ona görə də ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarına cəlb olunmaqdan daha genişdir. Təhsil, təlim, infrastrukturun inkişafı, sərmayələr və maliyyə yardımı sahəsində praktiki töhfələri artıraraq, Əfqanıstanın özünə güvənini dəstəkləyirik. 

Azərbaycanda ADA Universiteti NATO təlim kurslarına əlavə olaraq, Əfqanıstandan olan rəsmilər üçün illik idarəçilik təlimləri keçirir, Minalardan Təmizləmə Agentliyi minalar üzrə maarifləndirici layihələr icra edir, Fövqəladə Hallar Nazirliyi Nazirliyin Akademiyasında Əfqanıstan vətəndaşlarının dörd illik təhsil almalarını təmin edəcək memorandum imzalanma ərəfəsindədir və tərəfimizdən Əfqanıstanda məktəb tikintisi həyata keçirilir. Bütün xərclər Azərbaycan tərəfindən ödənilir. 

Biz həmçinin Əfqan hökumətinə müfəssəl islahatlar gündəliyinin reallaşmasında kömək etməliyik. Bu gündəliyin ən mühüm tərkib hissəsi nəqliyyat infrastrukturudur. Biz mümkün ən qısa yol vasitəsilə Əfqanıstan və Avropanı birləşdirməliyik. Xəzər dənizinin Azərbaycan hissəsindəki yeni Ələt dəniz limanı və Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu bu baxımdan, eləcə də tarixi İpək Yolunun bərpası baxımından çox önəmlidir.

Çıxışımın sonunda onu əlavə edim ki, Əfqanıstanın gələcəyi böyük ölçüdə qonşu dövlətlərdən asılıdır və biz bunun uğurlu alınması prosesinə birlikdə yardımçı olmalıyıq.

növbəti xəbər əvvəlki xəbər