2015-04-20
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxışı

Qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun

Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxışı,

20 aprel 2015-ci il, Lüksemburq

 

Xanım Moqerini,
Komissar Han,
Hörmətli həmkarlar,
Xanımlar və cənablar,

Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, çoxsaylı münaqişələrin başlanmasına səbəb olmaqla yanaşı, bütün  Şərq Tərəfdaşlığı regionunda nisbi sabitliyi pozmuşdur. Şərq Tərəfdaşlığı məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan etmiş və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarmışdır. Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır.

Ermənistan-Azərbaycan münaqişəsi Şərq Tərəfdaşlığının bütün imkanlarından  tam istifadə edilməsinə maneə yaradır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir. Bununla əlaqədar, biz Aİ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyü , suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına dair öhdəliyindən çıxış edərək, regionda təhlükəsizliyin pozulması hallarına qarşı cavab verilməsini gözləyirik və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq.

Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq, regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini hər zaman müsbət qarşılayıb.

Təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyiş qeydə alınmışdır. Enerji sahəsində strateji tərəfdaşlıq Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Cənub Qaz Dəhlizinin Bakıda və daha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatın qətiyyətli öhdəliyinin aydın təzahürü idi. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti cənab Maroş Şefçoviçin dəstəyi ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası 12 fevral 2015-ci il tarixində Bakı şəhərində keçirildi. Növbəti iclasın yaxın zamanda Türkiyədə keçirilməsi planlaşdırılır.

Hörmətli həmkarlar,

Vilnüs sammiti zamanı və ondan sonra mobillik üzrə tərəfdaşlıq, viza sadələşdirilməsi və readmissiya sazişlərinin imzalanması ümumi məqsədlərimizin praktik icrası üçün zəruri əsas yaratmışdır.

Azərbaycan Aİ tərəfindən Avropa Qonşuluq Siyasətinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirir.

Bununla əlaqədar olaraq, mən AQS-in nəzərdən keçirilməsində 4 mühüm məqam – fərqləndirmə, sahiblik, fokuslaşma və çeviklik üzrə müşahidələrimi bölüşmək istərdim.

Azərbaycan Şərq Tərəfdaşlığının ikitərəfli səviyyədə daha böyük fərqləndirmə siyasətinin ilkin şərti kimi prioritet-verilən və layihə-əsaslı əməkdaşlığın qarşılıqlı fayda üçün müsbət nəticə vəd etməsindən əmindir. Bu prioritetlər Azərbaycanın geo-iqtisadi əhəmiyyəti və geosiyasi mövqeyi, eləcə də, onun xarici siyasətinin əsas prinsipləri nəzərə alınaraq işlənib hazırlanmalıdır.

Sahiblik bərabər tərəfdaşlıq və tərəflərin universal dəyərlərin və beynəlxalq hüququn əsas prinsiplərinə qarşılıqlı sadiqliyindən başlamalıdır, çünki onlar tərəflər arasında etibarlı münasibətlərin qurulmasının özülünü təşkil edir. Bu amil tərəfdaşlara münasibətdə seçici yanaşmaların istifadəsi nəticəsində tərəfdaşların Aİ-yə yaxınlaşmasına mənfi təsir göstərdiyi Şərq Tərəfdaşlığı coğrafiyasında Aİ-nin iştirakının müvəffəqiyyəti üçün həyati əhəmiyyətə malikdir.

Azərbaycan Aİ-nin diqqətini tərəfdaş ölkələrin inkişaf etdirmək istədiyi xüsusi əməkdaşlıq sahələri üzərində cəmləşdirməsi məsələsinə sadiqliyini dəstəkləyir. Bu Azərbaycan-Aİ əməkdaşlığında maraqların birləşdirilməsi və faydaların müəyyən edilməsinə kömək edəcəkdir. Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır. Eyni zamanda Aİ-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır.

Azərbaycan hər iki tərəfin əvvəlki prinsiplərin tələblərini yerinə yetirə bildikləri halda çevikliyin asanlıqla icra edilə biləcəyinə inanır. AQS tarixi göstərmişdir ki, Aİ siyasətinin tərəfdaşlara uyğunlaşdırılmasında çətinliklər davamlı olaraq “bir ölçü hamıya uyğundur” siyasəti, fərdi ehtiyacların səhv hesablanması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın təhkim edilməsindən qaynaqlanır.

Bütün bunları nəzərə alaraq, Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır.

Azərbaycan iyun ayında Avropa tarixində əsas idman hadisələrindən biri olan və qitə üçün çox maraqlı və idmanın çox növünü əhatə edən innovativ tədbirə, ilk Avropa oyunlarına ev sahibliyi edəcəkdir.

Təşəkkür edirəm!

növbəti xəbər