2014-06-23
Azərbaycan Respublikasının xarici işlər naziri və Avropa Şurasının Nazirlər Komitəsinin Sədri cənab Elmar Məmmədyarovun AŞ Parlament Assambleyasında çıxışı
Möhtərəm Prezident,
Baş Katib,
Parlament Assambleyasının üzvləri,
Xanımlar və cənablar,
 
Ötən ay Daimi Komitənin Bakı şəhərində keçirilmiş iclası zamanı sizlərin bir qismi ilə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq, beynəlxalq və regional hadisələr kimi qədər bir çox məsələlər barəsində açıq və səmimi fikir mübadiləsi apardıqdan sonra Assambleya qarşısında çıxış etməkdən böyük məmnunluq duyuram. Bu gün də qarşılıqlı maraq və narahatlıq doğuran bir sıra məsələlər ətrafında daha bir maraqlı müzakirələr aparacağımızdan əminəm.
 
Sizi Azərbaycan sədrliyinin əsas prioritetləri və ötən ay bu şərəfli vəzifəni təhvil aldıqdan sonra görülən işlər, eyni zamanda, sizin sonuncu sessiyanızdan sonra Nazirlər Komitəsində baş verən yeniliklər barədə məlumatlandırmaq istərdim. 
 
Sədrliyimizin əsas prioritetləri insan haqları, demokratiya və qanunun aliliyi  sahəsindən seçilmişdir. Bu sahələr Avropa Şurasının gündəliyində duran ən vacib məsələlərdən bəziləri, eləcə də Azərbaycanın bu sahədə malik olduğu spesifik təcrübə əsasında verə biləcəyi töhfə nəzərə alınaraq müəyyən edilmişdir. 
 
Korrupsiya ilə mübarizə qarşımızda duran prioritet tapşırıqlardan biridir. Bu istiqamətdə beynəlxalq səviyyədə ciddi addımlar atmış bir ölkə olaraq, təşkilatın bu sahədəki səylərinə töhfə vermək məqsədi ilə Korrupsiyaya qarşı Dövlətlər Qrupu – GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyasının dəstəyi ilə bu ayın sonunda Bakı şəhərində yüksək səviyyəli konfrans təşkil etməyi planlaşdırırıq. Konfrans milli təcrübələr və antikorrupsiya qanunları və qabaqlayıcı tədbirlərin tətbiqi sahəsində qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparmaq üçün unikal imkan yaradacaqdır. 
 
Futbol yarışları da daxil olmaqla, müxtəlif idman müsabiqələrinin manipulyasiyası korrupsiya fenomeninin önəmli aspektlərindən və yeni təhlükələrindən hesab olunur. Bununla bağlı olaraq, Assambleyanın ötən ay bu qurumun adından fəaliyyət göstərən Daimi Komitənin Bakıdakı iclasında qəbul edilmiş 287 saylı Rəy (2014) vasitəsilə İdman yarışlarının manipulyasiyası haqqında Konvensiyanın layihəsinə razılığını verməsi və öz şərhlərini bildirməsindən olduqca məmnunam. Hazırda mətn yuxarıda qeyd olunan rəy əsasında Nazirlər Komitəsi tərəfindən nəzərdən keçirilir. 
 
Azərbaycanın sədrliyi Konvensiyanın ən qısa zamanda qəbulu üçün əlindən gələni əsirgəməyəcəkdir. Konvensiyanın məhz 2015-ci il Avropa oyunlarına ev sahibliyi edəcək Azərbaycanın sədrliyi zamanı qəbulu bizim üçün məmnunluq və qürur mənbəyi olacaqdır.  
 
Bundan başqa, Azərbaycan bu prioritet xətti Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişə – EPAS maliyyə yardımı ayıraraq, onu dəstəkləyəcəkdir.
 
Müxtəlif etnik və dini icmaların əsrlərdir sülh içərisində yaşadığı bir dövlət olan Azərbaycan mədəniyyətlər və dinlər arası dialoqun təşviqini özünün xarici siyasətinin prioritetinə çevirmişdir. Son illərdə, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi bir çox mötəbər beynəlxalq təşəbbüs və tədbirlərin ev sahibi olmuşdur. Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan hökumətinin bu sahədə beynəlxalq səylərə dəstəyini daha da gücləndirmək məqsədi daşıyır. Bundan başqa, biz 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi daha bir mötəbər tədbirə də ev sahibliyi etməyi planlaşdırırıq. 
 
Bununla yanaşı, Azərbaycan sədrliyi zamanı çoxmədəniyyətli cəmiyyətlərin qarşılıqlı anlayış və hörmət mühitində birliyi istiqamətində çalışacaqdır. Bu məqsədlə, bu ilin 1-2 sentyabr tarixlərində Bakıda Avropa Şurasının mədəniyyətlər arası dialoqun dini aspektləri mövzusunda illik iclası keçiriləcəkdir. Bu görüş dini və qeyri-dini şəxsiyyətlərin iştirakı ilə debatların keçirilməsinə imkan yaradacaqdır. Görüşün əsas mövzusu çoxmədəniyyətli cəmiyyətlərdə din və qeyri-dini inancların tolerantlığı, onların bütün növ ayrı-seçkilik, dözümsüzlük və zorakılıqla mübarizəyə verdiyi töhfələri, eyni zamanda dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa töhfəsi olacaqdır. 
 
Assambleya nümayəndələrinin bu vacib tədbirə qatılaraq fəal iştirakına ümid edirəm. 
 
Bu prioritet xəttə uyğun olaraq, Azərbaycanın sədrliyi mədəniyyətlə bağlı daha bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. Bunların sırasında iyul ayının əvvəllərində keçiriləcək Mədəniyyət və Rəqəmsallaşmada Platforma Mübadiləsi, hər ikisi oktyabr ayında Bakı şəhərində keçiriləcək 2014-cü il Mədəni Marşrutlar üzrə Məşvərətçi Forumu və İrs günlərinə həsr olunmuş tədbir  və oktyabr ayında Qəbələdə keçiriləcək “Nifrət Nitqinə Yox Hərəkatı” Gənclər Forumu daxildir. 
 
Azərbaycan sosial vəhdətin sabit, çiçəklənən və çoxmədəniyyətli cəmiyyətlərin inkişaf və davamlılığının əsas zəmini olduğu qənaətindədir. Sədrliyimiz Avropa Şurasının hər bir insanın ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlardan istifadə etməsi istiqamətində gördüyü işləri dəstəkləyəcəkdir. Xüsusilə risk qrupunda olan insanlar Avropa Şurasının müxtəlif alətlərinin təmin etdiyi hüquqlardan tam istifadə edə bilməlidir. Xarici işğal nəticəsində irimiqyaslı daxili köçkünlük təcrübəsi yaşamalı olan Azərbaycan şübhəsiz ki, əhalinin ən zəif seqmenti olan məcburi köçkünlərin hüquqlarının müdafiəsinə sədrliyə aid müvafiq fəaliyyətlər çərçivəsində böyük diqqət ayıracaqdır. 
 
Eyni zamanda, gənclərin sosial hüquqlardan istifadə imkanlarının artırılmasına olan diqqət də gücləndirilməlidir. Bununla bağlı olaraq, Azərbaycan hökuməti gənclərə qarşı kənarlaşdırma, ayrı-seçkilik və zorakılıqla mübarizə istiqamətində görüləcək tədbirlərin təkmilləşdirilməsinə hədəflənən Enter-2 layihəsinə maliyyə dəstəyi ayırmaq qərarı vermişdir. 
 
Qadın haqları da heç bir halda diqqətdən kənarda qalmamalıdır. Bununla bağlı, bir neçə gün öncə Bakı şəhərində keçirilmiş Avropa Ombudsmanlarının Konfransında milli insan haqları institutlarının qadın haqlarının təmin edilməsi istiqamətində rolu mövzusunda geniş müzakirələr aparılmışdır. 
 
Sosial vəhdət ilə bağlı sədrlik prioritetlərimiz çərçivəsində cari ilin sentyabr ayında Bakıda Avropa Şurasının Sosial Vəhdət Strategiyası və Fəaliyyət Planı müzakirə olunacaqdır. 
 
Bundan başqa, Azərbaycanın Avropa Şurası ilə bu xüsusi sahədə əməkdaşlığının daha da dərinləşdirilməsi səylərinin məntiqi davamı olaraq, Sosial Vəhdətə məsul olan Avropa Şurası Nazirlər Konfransının Bakıda keçirilməsinə dair niyyətimizi ifadə etmişik. 
 
Xanımlar və cənablar,
 
Biz təhsilli və məsuliyyətli gəncliyin tərbiyə olunması ehtiyacına xüsusi əhəmiyyət verərək diqqətimizi gənclər və təhsil üzərində cəmləşdirəcəyik. Azərbaycan Hökumətinin milli səviyyədə yeritdiyi siyasət gənclər yönümlü olaraq təhsilə xüsusi diqqət ayırır.
 
Milli səviyyədə Azərbaycan Hökumətinin yeritdiyi siyasət gənclər yönümlü olaraq onların təhsilinə xüsusi diqqət ayırır. ÜDM-də təhsil üçün dövlət xərclərinin payı dayanmadan artır və bu təhsilin keyfiyyətinə və Avropa təhsil sisteminə sıx inteqrasiyasına təsir edir. Eyni zamanda təhsili dövlət tərəfindən maliyyələşdirilən azərbaycanlı tələbələrin aparıcı xarici, xüsusilə Avropa universitetlərində sayı 2015-cü ildə 5000-ə çatacaqdır.
 
Azərbaycanın sədrliyi ilə Bakı şəhərində ev sahibliyi etdiyimiz birinci tədbir təhsilə aid olan Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Avropa Şurası Təhsil Xartiyası üzrə üçün əlaqələndiricilər görüşü olmuşdur. Görüş vətəndaşlıq və insan hüquqları sahəsində təhsil vasitəsi ilə həssas vəziyyətlərdə olan uşaqların həyatında dəyişikliklərin edilməsinin əhəmiyyətinə həsr olunmuşdur.
 
Yaxşı təhsilli gənclərin təşviqi digər sədrlik tədbirində - keçən həftə Bakı şəhərində Avropa Yerli və Regional Qurumlar Konqresi ilə birlikdə təşkil olunan “Yerli demokratiya və gənclik” üzrə Beynəlxalq Konfransda geniş müzakirə edilmişdir. Müzakirələr zamanı gənclərin təhsili, onların qərar qəbuletmədə və həmin qərarların idarəetmənin bütün səviyyələrində həyata keçirilməsində aktiv iştirakına xüsusi diqqət ayrılmışdır. Bu toplantı üzv dövlətlərin bu sahədə böyük əhəmiyyət kəsb edən qabaqcıl təcrübə mübadiləsinə imkan yaratmışdır.
 
Gələn oktyabr ayında biz iki əhəmiyyətli tədbirə - Avropa Ali Təhsil Zonasının həyata keçirilməsi üzrə 4-cü regional nazirlər görüşü və Gənclər Siyasəti üzrə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcəyik.
 
Bizim sədrlik fəaliyyətlərimiz üzrə qeydlərimi tamamlayaraq Belçika və Bosniya və Herseqovinanın qarşıdan gələn Nazirlər Komitəsindəki sədrlikləri zamanı bir çox prioritetlərimizə şərik çıxmalarını görməkdən böyük məmnunluğumuzu bildirmək istəyirəm. Hər üç ölkə təşkilatın üç əsas sütunu ilə bağlı bir sıra sahələrdə və Avropa İttifaqı və ATƏT kimi digər beynəlxalq təşkilatlarda müvafiq fəaliyyətləri arasında əməkdaşlıq və birgə fəaliyyətlərini gücləndirmək üçün birgə çalışacaqlar.
 
Xanımlar və cənablar,
 
Çıxışımın bu hissəsində mən Nazirlər Komitəsinin 6 may 2014-cü il tarixində Vyana şəhərində keçirilmiş 124-cü sessiyasına istinad etmək istərdim. Mən Avstriyanın keçən sədrliyinə ev sahibliyinə və bu əhəmiyyətli görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən əlavə etməliyəm ki, sessiyanın istənilən şəxs tərəfindən izlənilməsi üçün şəffaflıq naminə Nazirlər Komitəsi onları açıqlamaq qərarına gəldi. 
 
Nazirlər Vyanada Azərbaycan sədrliyinin xüsusi önəm verdiyi Avropa Şurasının qonşu ölkələr və regionlar istiqamətindəki siyasəti kimi sahələrdə bir sıra qərarlar qəbul etdilər. Nazirlər Avropa Şurasının dəyərləri əsasında bu siyasətin inkişafını davam etdirməyə dair qətiyyətlərini ifadə etdilər. Avrasiya dövlətləri güclü tarixi münasibətlərə malik olan və iki qitənin kəsişməsində yerləşən ölkə kimi Azərbaycan təşkilatın bu sahədəki səylərini dəstəkləmək niyyətindədir. Bu məqsədlə biz, sentyabr ayında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli Nazirlər Konfransı təşkil edəcəyik. Konfrans Nazirlər Komitəsi çərçivəsində bu ölkələrlə siyasi dialoqu necə gücləndirməyə dair davam edən dialoqu tam nəzərə alaraq, Avropa Şurasının qonşuluq siyasətinə daxil olan ölkələrdə uzunmüddətli öhdəliklərinin araşdırılması üçün əhəmiyyətli forum rolunu oynayacaqdır. 
 
Vyana Nazirlər Sessiyasında Nazirlər həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq üzrə hesabatı nəzərdən keçirdilər və belə əməkdaşlığın inkişafından məmnunluqlarını bildirdilər. Azərbaycanın sədrliyi ATƏT və BMT kimi digər beynəlxalq təşkilatlarla bu əməkdaşlığı gücləndirməyə çalışacaqdır.
 
İki məsələ Nazirlər Komitəsinin sessiyasının gündəliyində xüsusilə əhəmiyyətli olmuş və növbəti aylarda prioritet təşkil edəcəkdir: birincisi Ukraynadakı vəziyyət, ikincisi Baş katibin Nazirlər səviyyəsində indiyədək ilk dəfə nəzərdən keçirilən Avropada demokratiya, insan hüquqları və qanunun aliliyi haqqında hesabat. Avropa Şurasının monitorinq qurumlarının gəldiyi nəticələrə əsasən Baş katibin hesabatı üzv dövlətlərin qarşılaşdığı bir sıra əhəmiyyətli problemləri müəyyənləşdirmişdir. Hesabat həmçinin artıq nazir müavinləri tərəfindən nəzərdən keçiriləcək çox faydalı fəaliyyət təkliflərini ehtiva edir. İki həftə ərzində nazir müavinləri mövzu üzrə müzakirələr aparacaqlar ki, bu da müvafiq növbəti tədbirlər üçün qərarların qəbuluna imkan yaradacaqdır. 
 
Ukraynadakı vəziyyətlə bağlı olaraq Vyanadakı bütün iştirakçılar gərginliyin azaldılması və dialoq və birbaşa danışıqlar vasitəsi ilə münaqişənin sülh yolu ilə həllinə çağırdılar. Həmkarların çoxu Ukraynanın ərazi bütövlüyü, birliyi, suverenliyi və müstəqilliyinə hörmətə qəti sadiqliklərini ifadə etdilər. Nazirlər həmçinin Avropa Şurası tərəfindən Ukraynada seçkilərin təşkili, konstitusional və məhkəmə islahatlarına və eləcə də böhranın başlanmasından sonra Ukraynada olan zorakılıq hallarının araşdırılmasında nəzarət etmək üçün təşkil olunan Beynəlxalq Məsləhət Panelinin işinə yardımı dəstəklədilər. Seçkilərə gəldikdə isə, keçən ay Prezident seçkilərinin beynəlxalq öhdəliklərə uyğun olaraq, sülh şəraitində yüksək iştirak səviyyəsi ilə keçirilməsi məmnunluq doğurur. Bununla əlaqədar olaraq seçkiləri müşahidə etmək üçün nümayəndə heyəti göndərmək daxil olmaqla, Assambleyanın töhfəsi yüksək qiymətləndirilir.
 
Nazirlər Komitəsi ölkənin demokratik inkişafını gücləndirmək məqsədilə Ukrayna qurumları tərəfindən sorğu edilən bütün dəstəyi göstərməkdə davam edəcəkdir. O həmçinin regiondakı inkişafı nəzarətdə saxlamaqda davam edəcəkdir.
 
Sonuncu sessiyadan sonra nazir müavinləri tərəfindən Ukraynadan kənar üzv dövlətlərdəki digər inkişaf müzakirə edilmişdir. Keçən aprel ayında onlar Baş katibin Gürcüstandakı münaqişə haqqında hesabatını nəzərdən keçirmişlər. Hesabat əsnasında onlar münaqişə zonalarnda davamlı olaraq pozulan insan haqlarından narahatlıqlarını ifadə etdilər və Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə qəti dəstəklərini bir daha ifadə etdilər. 
 
Həmçinin aprel ayında Nazirlər Komitəsi ölüm hökmünə qəti etirazını bir daha təsdiq etdi və Avropada ölüm hökmündən azad zona yaratmaq məqsədini bildirdi. 28 may tarixində qəbul edilən bəyannamədə Nazirlər Komitəsi Belarusda baş tutan ən sonuncu ölüm hökmünü böyük təəssüf hissi ilə qarşıladı və qurumlara 2013-cü ildə ölüm hökmünə məhkum edilmiş digər iki şəxsin hökmünün dəyişdirilməsi üçün müraciət etdi.
 
Son olaraq iyun ayının əvvəlində Nazirlər Komitəsi səs verməklə Kosovanın Venesiya Komissiyasına üzvlüklə bağlı sorğusuna razılığını bildirdi. Bildiyiniz kimi üzv dövlətlərin Kosovanın beynəlxalq hüquqi statusuna dair fərqli fikirləri vardır. Bununla bağlı olaraq, Nazirlər Komitəsi Venesiya Komissiyasına üzvlüyün Avropa Şurası üzv dövlətlərinin Kosovaya dair fərdi mövqelərinə xələl gətirməməsini xatırlatdı. Avropa Şurası öz fəaliyyətini BMT-nin 1244 nömrəli qətnaməsinə uyğun olaraq neytral statusla həyata keçirməkdə davam etdirəcəkdir.
 
Xanım Prezident, hörmətli xanımlar və cənablar, bunlar mənim sizi məlumatlandırmaq istədiyim proseslərdir. Əlavə etməliyəm ki, Nazirlər Komitəsinin Assambleya ilə açıq və konstruktiv dialoqu qoruyub saxlamasına böyük əhəmiyyət verirəm. Mən indi Assambleyanın hörmətli üzvlərinin vermək istədikləri suallara böyük məmnuniyyətlə cavab verəcəyəm. 
 
Təşəkkür edirəm.
növbəti xəbər əvvəlki xəbər