2013-09-27
Nazir Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasının 7036-cı iclasında çıxışı
Xanım Prezident,
 
Zati-aliləri,
 
Hörmətli Həmkarlar, 
 
İcazənizlə çıxışıma çox mühüm məsələ olan “Yüngül və atıcı silahlara” dair toplantını təşkil etdiyi üçün BMT Təhlükəsizlik Şurasının sədri olan Avstraliyaya öz dərin minnətdarlığımı izhar edərək başlamaq istəyirəm. Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin bugünkü yüksək səviyyədə iştirakı onlar tərəfindən dünyanın bir çox yerlərində üzləşilən bu kəskin problemə verilən əhəmiyyətin sübutudur.
 
Mən, həmçinin BMT-nin Baş katibinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidentinə belə dolğun və aydın təqdimata görə öz minnətdarlığımı bildirmək istəyirəm.
 
Xanım Prezident,
 
Belə bir görüşün təşkili vaxtında edilmiş təşəbbüsdür. Bu bizə Şuranın öz səlahiyyətlərinə aid olan münaqişə və post-münaqişə vəziyyətlərində yüngül və atıcı üzrə qəbul etdiyi qərarlarının səmərəliliyini qiymətləndirməyə, onun cavab tədbirlərinin gücləndirilməsi naminə praktiki addımların atılmasının nəzərə keçirilməsinə və bu sahədə müvafiq beynəlxalq öhdəliklərin həyata keçirilməsinə təkan verməsinə imkan yaradır.
 
Yüngül və atıcı silahların qeyri-qanuni istifadəsi, toplanması və ötürülməsinin nəticələri ciddi və ölçüyə gəlməzdir. Bununla belə, dünya boyunca doğurduğu mənfi fəsadları olduqca aydındır. Mahiyyət etibarilə, yüngül və atıcı silahlar münaqişəyə səbəb ola bilməsə də, amma onların hədsiz toplanılması və nəzarətdən kənarda geniş şəkildə mövcudluğu gərginliyin artmasına, silahlı münaqişənin pisləşməsinə, münaqişələrin uzanmasına və terrorizm və cinayət aktlarının təşviq edilməsinə səbəb olur.
 
Ölkə daxilində və daha geniş kontekstdə  yüngül və atıcı silahların qanunsuz dövriyyəsinin təsiri oxşar təhlükəsizlik, siyasi və sosial aspektlərə malikdir. Bunun nəticələri çox vaxt ölkələrin və ümumilikdə regionların iqtisadi və demokratik inkişafına əngəllər yaradır.
 
Baş katibin son hesabatı (S/2013/503) bir sıra regionlarda beynəlxalq sülh və təhlükəsizliyə yüngül və atıcı silahların zərərverici təsirinin miqyasını, çəkisini və həcmini müvafiq olaraq müəyyən edir. Ən əsası budur ki, bu hesabat problemin bəzi aspektləri üzrə bir sıra müvafiq müşahidələri  və tövsiyələri təklif edir. Biz inanırıq ki, TŞ-nin yüngül və atıcı silahlar ilə bağlı faəliyyətinə dair tövsiyələri nəzərə alınmalı və gələcək qərarlarda da düzgün olaraq öz əksini tapmalıdır.
 
Ümumilikdə biz, 2001-ci ilə aid yüngül və atıcı silahlara dair fəaliyyət proqramının, o cümlədən 2005-ci il Beynəlxalq təqib üsulunun davamlı və tam şəkildə həyata keçirilməsinin yüngül və atıcı silahların bütün formada olan qeyri-qanuni ticarətinin qarşısının alınması, mübarizə aparılması və aradan qaldırılması üçün əsas beynəlxalq çərçivə kimi mühüm əhəmiyyətini vurğulayırıq. Güclü milli imkanların qurulması dövlətlər tərəfindən onların müvafiq öhdəliklərinin effektiv həyata keçirilməsi üçün əsaslı dərəcədə əhəmiyyət kəsb edir. Müxtəlif çoxtərəfli mexanizm və proseslər dövlətlərə olan yardıma və beynəlxalq əməkdaşlığı təşviq etməli, milli və regional səyləri tamamlamalıdır.
 
Xanım Prezident,
 
Azərbaycan yüngül və atıcı silahların qeyri-qanuni istehsalı, ötürülməsi və dövriyyəsi, o cümlədən hədsiz toplanması və nəzarətsiz yayılmasının aradan qaldırılması və qarşısının alınması üçün nəzərdə tutulmuş beynəlxalq təşəbbüsləri və üsulları tam dəstəkləyir. Eyni mövqe ilk növbədə 2001-ci il üzrə yüngül və atıcı silahların fəaliyyət proqramına aiddir. Regional səviyyədə isə biz ATƏT-in yüngül və atıcı silahlar üzrə sənədinin müvafiqliyini və bunun ATƏT ərazisində bu problemin həll olunmasına olan mühüm töhfəsini vurğulayırıq.
 
Azərbaycan milli, regional və qlobal səviyyələrdə öz öhdəliklərini yerinə yetirmək və bu üsulların məqsədlərinə nail olmaq üçün bütün lazımı tədbirləri görür. Biz, səmərəli qurumlararası əməkdaşlıq və informasiya mübadiləsi, elecə də özündə ən yaxşı təcrübələri təcəssüm edən güclü milli ixraca nəzarət sistemi yaratmışıq. Azərbaycan yüngül və atıcı silahların və adi silahların qlobal ticarətində məsuliyyətli davranışı və gücləndirilmiş şəffaflığı dəstəkləyir. 
 
Buna baxmayaraq, milli və beynəlxalq səviyyədə göstərdiyimiz cəhdlər qonşu Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davamlı işğalı ilə çətinləşdirilir. Beynəlxalq hüquq və onun tərəfdar çıxdığı müvafiq sənədlərin kobud şəkildə pozulması ilə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi imkanlarını artırma səylərini davam etdirir. Yüngül və atıcı silahlar və adi silahların beynəlxalq nəzarətdən kənarda həmin ərazilərə böyük miqdarda ötürülməsi davam etdirilir.
 
Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistan tərəfindən ölkəmin işğal olunmuş ərazilərinə yüngül və atıcı silahlar və ənənəvi silahların qeyri-qanuni ötürülməsini çatdırmışdır. Biz, bütün dövlətləri bundan çəkinməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan və regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-qanuni fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq.
 
Son olaraq, xanım Prezident, mən bugünkü müşavirənin nəticəsi olaraq 2117 saylı qətnamənin qəbul edilməsini alqışlamaq istərdim. Bu sənəd təkcə yüngül və atıcı silahlara dair Şuranın fəaliyyətinin gücləndirilməsi üçün əsas vermir, həmçinin BMT-nin üzv dövlətlərinin və müvafiq qurumların bu problemə dair Şura qərarlarının icrası üçün səylərini yönləndirir. Bununla bağlı çəkdiyi zəhmətə görə Avstraliyanı alqışlayıram.
 
Minnətdaram! 
növbəti xəbər əvvəlki xəbər