2013-06-11
Nazir Elmar Məmmədyarovun Fələstinə dəstək üçün İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin Konfransında nitqi

Qeyri- rəsmi tərcümə

Zati-aliləri,
 
Xanımlar və cənablar, hörmətli həmkarlar,
 
Ölkəm adından sizi bir daha salamlamaqdan böyük şərəf və məmnuniyyət duyuram. Bügünkü konfrans Fələstinin BMT-də statusunun yüksəlməsindən sonra Fələstin Dövlətinin qarşılaşdığı maliyyə çətinliklərinin yaratdığı böhranlı vəziyyətlə bağlı xüsusi tədbirdir.
 
Bu fonda, 6-7 fevralda Qahirədə keçirilmiş İƏT Hökumət və Dövlət başçılarının fövqəladə zirvə toplantısında qəbul edilmiş yekun kommunike Fələstinə dəstək üçün İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına səsləmişdir.
 
Müxtəlif səbəblərə görə Fələstinin bəzi maliyyə problemləri ilə üzləşməsindən sonra  başlıca qurumların fəaliyyəti, səhiyyə, təhsil, nəqliyyat da daxil olmaqla zəruri xidmətlərin göstərilməsində çətinliklər yaranmağa başlamışdır. Nəticədə, Fələstin bu gün ağır maliyyə böhranı keçirir. Vəziyyət o qədər ağırdır ki, dövlət öz işçilərinə aylıq maaşlarını ödəmək və özəl sector qarşısındakı həyati öhdəliklərini yerinə yetirmək imkanlarından məhrumdur. Aydındır ki, hal-hazırda bizim dəstək və ətraflı beynəlxalq maliyyə müdaxiləmiz Fələstin dövlətçilik imkanlarının qorunması üçün həlledicidir. Bu vacib məsələ təxirəsalınmaz fəaliyyət tələb edir, çünki vaxtında edilən müdaxilə böhranın dərinləşməsinin qarşısını alacaqdır.
 
Azərbaycan qardaş Fələstin xalqına sülhə, sabitliyə nail olunmasında və şərqi Qüds paytaxt olmaqla müstəqil və suveren dövlətini qurmaqda dəstəyini təkrarən ifadə edir. Biz Fələstin xalqına ehtiyac duyulan yardımın göstərilməsi üçün təşkilatımızın rolunun möhkəmləndirilməsində İƏT Baş katibinin fəaliyyətini yüksək qiymətləndiririk.
 
Beləliklə. Fələstin xalqının möhkəmliyini dəstəkləmək və onun qarşısında vəzifələrinin yerinə yetirilməsinə nail olmaq üçün Fələstin Dövlətinin Hökumətinə dəstək göstərilməsi lazımdır.
 
Bu baxımdan, Fələstin üçün maliyyə təhlükəsizliyi şəbəkəsi yaratmaq təşəbbüsü Fələstin Hökumətinin qarşılacağı çətinliklərin zərərsizləşdirilməsi üçün lazımi himayə təmin edərdi. Biz inanırıq ki, bu şəbəkə Fələstinin maliyyə sıxıntıları ilə effektiv mübarizə aparmaq üçün uğurlu vasitə olacaqdır.
 
İƏT tərəfindən bildirildiyi kimi, Fələstin Hökumətinin illik büdcə kəsiri 1,3 milyard dolları əhatə edir. Beynəlxalq yardımda isə İƏT üzv dövlətləri tərəfindən töhfə edilməsinə ümid edilən 300 milyon dollar miqdarında çatışmazlıq mövcuddur. 
 
İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi Azərbaycanın Fələstinə onun dövlət qurumlarının imkanlarının artırılmasını nəzərdə tutan hərtərəfli dəstəyi üçün əsas təsisat olacaqdır. 
 
Xanımlar və cənablar,
 
Azərbaycan adından mən İƏT Baş katibi professor İkmələddin İhsanoğlu və onun sadiq komandasına təşkilatımızın məqsəd və prinsiplərinin uğurla həyata keçirilməsi üçün minnətdarlığımı bildirirəm. İnanıram ki, qardaş Fələstin xalqına yardım göstərməyi hədəfləyən bu şərəfli missiyada konfrans iştirakçıları İslam dünyasına xas həmrəylik nümayiş etdirəcəkdirlər.
 
Sonda, məhsuldar fikir mübadiləsi və bu önəmli tədbirin uğurla nəticələnməsi üçün ən xoş arzularımı çatdırmaq istərdim.
 
Təşəkkür edirəm.
növbəti xəbər əvvəlki xəbər