2004-07-27
Azərbaycan Prezidenti İlham Əliyevin Xarici İşlər Nazirliyində Respublikamızın Xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin başçıları ilə görüşü, 27 iyul 2004 il

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

Hörmətli xanımlar və cənablar!
Hörmətli diplomatlar, Xarici İşlər Nazirliyinin əməkdaşları!

Mən bu gün Xarici İşlər Nazirliyinə sizinlə görüşə gəlmişəm. Bilirsiniz ki, belə müşavirənin çağırılmasının təşkili xalqımızın ümummilli lideri Heydər Əliyevin gündəliyində duran məsələ idi. Amma nazirin qeyd etdiyi kimi, onun səhhəti bu müşavirənin keçirilməsinə imkan yaratmadı.

Azərbaycan öz xarici siyasətini çox uğurla həyata keçirir. Əlbəttə, bu gün Azərbaycan diplomatiyası yeni bir mərhələdədir. Azərbaycanın Xarici İşlər Nazirliyində dəyişikliklər baş vermişdir, yeni nazir təyin edilmişdir. Güman edirəm ki, bundan sonra Xarici İşlər Nazirliyi, bütün səfirliklər daha da fəal işləyəcək, müasir zəmanənin tələblərinə uyğun şəkildə çalışacaqlar. Azərbaycanın milli maraqlarını beynəlxalq aləmdə daha da yüksək səviyyədə qoruyacaqlar.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmiz çox çətin vəziyyətdə fəaliyyət göstərirdi. Ölkə daxilində gedən proseslər, Azərbaycanın rəhbərliyində təmsil olunan insanların təcrübəsinin azlığı, səriştəsizliyi bir çox hallarda Azərbaycanı çox çətin vəziyyətə salmışdı. Ölkədə böhran yaşanırdı, iqtisadiyyat demək olar ki, dağılırdı. Azərbaycan ümumiyyətlə, parçalanma ərəfəsində idi.

Bildiyiniz kimi, xalqın tələbi ilə 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hakimiyyətə qayıdandan sonra ölkədə vəziyyət dəyişdi. Ölkəmiz inkişaf etməyə başladı və son on ilin ərzində Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edibdir.

Amma müstəqilliyimizin ilk illərində Azərbaycan xarici siyasət istiqamətində də böyük çətinliklərlə üzləşmişdi. Ölkə demək olar ki, təcrid edilmiş vəziyyətə salınmışdı. Azərbaycanın əleyhinə erməni təbliğatının aparılması Azərbaycan tərəfindən adekvat addımlarla müşayiət olunmurdu. Azərbaycan bu təbliğatın qarşısında çox aciz siyasət aparırdı. Ölkəmizdə, ümumiyyətlə, xarici siyasətlə məşğul olanların sayı çox az idi və əsas vəzifələrə təcrübəsi o qədər də böyük olmayan insanlar gətirilirdi.

Əlbəttə, təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyə bilmirdi, müxtəlif ölkələrdə Azərbaycana qarşı ədalətsiz, Azərbaycanın əleyhinə qərarlar qəbul olunurdu. Siz bunların hamısını yaxşı bilirsiniz. Beləliklə, ölkə xaricdə, beynəlxalq müstəvidə mənfi imicə malik idi. Bu vəziyyət 1993-cü ildən sonra dəyişməyə başladı. Heydər Əliyev diplomatiyası, onun siyasəti Azərbaycanı bu beynəlxalq təcriddən xilas etdi. Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmlətməyə başladı. Ölkəmiz ikitərəfli və çoxtərəfli formatlarda çox uğurlu xarici siyasət aparmağa başladı. Bu siyasətin nəticəsində bu gün Azərbaycan beynəlxalq aləmin çox dəyərli üzvünə çevrilibdir.

İkitərəfli münasibətlərimizdə mən heç bir problem görmürəm. Qonşu dövlətlərlə münasibətlərimiz inkişaf edir. Bu münasibətlər çox işgüzar zəmində, qarşılıqlı hörmət zəminində qurulubdur. Bilirsiniz ki, prezident seçkilərindən sonra mən müxtəlif ölkələrə rəsmi səfərlər etmişəm. Bu səfərlər bir daha onu göstərir ki, beynəlxalq strukturlarda, beynəlxalq aləmdə Azərbaycana olan münasibət çox müsbətdir. Azərbaycana hörmət edirlər, Azərbaycanla hesablaşırlar. Azərbaycan regional məsələlərdə lider dövlətə çevrilir. Təkcə qonşu dövlətlərlə deyil, digər dövlətlərlə də ikitərəfli münasibətlərimiz çox uğurludur və Azərbaycanın milli maraqlarına cavab verir. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, bütün ölkələrlə ikitərəfli münasibətlərimizi daha da gücləndirək.

Bilirsiniz ki, bu yaxınlarda yeni səfirliklərin açılması haqqında qərar qəbul edilmişdir. Bu, bizə imkan verəcək ki, öz siyasətimizi, öz sözümüzü daha geniş ictimaiyyətə çatdıra bilək. Bildiyiniz kimi, Azərbaycan beynəlxalq təşkilatlarda çox uğurla fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Azərbaycan Avropa Birliyi ilə çox səmərəli əməkdaşlıq edir. Bu yaxınlarda Avropa Birliyi Azərbaycanı yeni qonşuluq proqramına daxil edibdir və bu əməkdaşlıq bütün istiqamətlərdə - həm siyasi istiqamətdə, həm də enerji sahəsində aparılır. Mənim bu yaxınlarda Avropa Birliyinə etdiyim səfər bir də onu göstərir ki, bizim aramızda çox gözəl münasibətlər mövcuddur.

Avropa Şurası ilə Azərbaycanın əlaqələri güclənir. Bu təşkilat Azərbaycana böyük diqqətlə yanaşır. Azərbaycan da üç ildən artıqdır ki, bu təşkilatın üzvüdür və çox fəal üzvüdür. Avropa Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş sənədlər həqiqəti əks etdirir. Bu sənədlər beynəlxalq hüquq normaları əsasında qəbul edilmişdir və təbii ki, Azərbaycanın milli maraqlarına cavab verir.

Mən bu yaxınlarda Avropa Şurasına da səfər etmişdim və bu səfər çox uğurlu keçmişdir. Avropa Şurasının Azərbaycana münasibəti çox müsbətdir və təbii ki, əgər belə olmasaydı, Azərbaycan Prezidentinə Avropa Şurasında yüksək mükafatlar verilməzdi. Mən ümid edirəm ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində Avropa Şurasında müzakirəyə çıxarılacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə ədalətli məruzə olacaq, beynəlxalq hüquq normalarına əsaslanacaq və beləliklə, geniş Avropa auditoriyasına Ermənistan-Azərbaycan münaqişəsi haqqında bir daha doğru məlumat çatdıracaqdır. Ümid edirəm ki, Avropa Şurası bu məsələ ilə əlaqədar siyasi qərar verəcəkdir.

Bizim digər beynəlxalq təşkilatlarla əlaqələrimiz də inkişafdadır. Azərbaycan NATO ilə uğurlu əməkdaşlıq edir və biz artıq “Sülh naminə tərəfdaşlıq” proqramından hərbi əməkdaşlıq proqramına keçmişik. Bu yaxınlarda NATO-ya etdiyim səfər onu bir daha göstərir ki, bizim aramızda çox gözəl münasibətlər var.

Azərbaycan MDB çərçivəsində də uğurla fəaliyyət göstərir. İslam Konfransı Təşkilatında, GUÖAM təşkilatında və digər beynəlxalq təşkilatlarda bizim mövqelərimiz güclənir. Biz öz gələcək siyasətimizi bundan sonra da beynəlxalq strukturlara inteqrasiyada görürük. Bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun təməli 1993-cü ildə qoyulmuşdur və bu günə qədər Azərbaycana böyük uğurlar gətirir.

Bu gün Azərbaycan haqqında dünyada kifayət qədər ədalətli məlumatlar var. Biz hamımız çalışmalıyıq, əlbəttə, ilk növbədə, Azərbaycanı xaricdə təmsil edən səfirlər, səfirliklərin digər işçiləri çalışmalıdırlar ki, Azərbaycan haqqında reallıqlar o ölkələrdə yaşayan ictimaiyyətə çatdırılsın.

Bir sözlə, Azərbaycanın bütün istiqamətlərdə, qeyd etdiyim kimi, ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlarla əməkdaşlığımızda apardığı xarici siyasət uğurludur. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Mən əminəm ki, Azərbaycan regionda öz mövqelərini gələcəkdə daha da gücləndirəcəkdir. Artıq hamı bilir ki, regionda Azərbaycanın iştirakı olmadan nə siyasi, nə də iqtisadi sahələrdə əməkdaşlıq mümkün deyildir. Azərbaycan bölgənin çox vacib ölkəsinə çevrilibdir. Burada təkcə bizim coğrafi-siyasi vəziyyətimiz, yaxud enerji resurslarımız rol oynamır. Halbuki, bu amillər də çox vacibdir. Azərbaycanın siyasəti, beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq aləm üçün çox vacib ölkəyə çevrilməsi, Azərbaycanın daxilində gedən proseslər, ictimai-siyasi sabitlik, sabit inkişaf və digər amillər burada böyük rol oynayır.

Biz çalışmalıyıq ki, bundan sonra da həm Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdıraq, eyni zamanda, apardığımız xarici siyasət vasitəsilə Azərbaycanın dünyadakı mövqelərini möhkəmləndirək və milli maraqlarımızın daha yüksək səviyyədə qorunmasına nail olaq. Əlbəttə, səfirlərin və səfirliklərin bu istiqamətdə rolu çox mühümdür. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında xaricdə fəaliyyət göstərən diplomatlar daha da fəal olmalıdırlar.

Bilirsiniz ki, Azərbaycan bu məsələnin həllində sülh yolunun tərəfdarıdır. Biz bu məsələni danışıqlar yolu ilə həll etmək istəyirik. Ümid edirəm ki, bu danışıqlar yolu bizə uğur gətirəcəkdir. Amma eyni zamanda, mən dəfələrlə bildirmişəm ki, Azərbaycan heç vaxt öz torpaqlarının itirilməsi ilə barışmayacaqdır. Əgər danışıqlar yolu bir səmərə verməsə, Azərbaycan bütün başqa, o cümlədən hərbi yoldan istifadə edib öz torpaqlarını azad edəcəkdir.

Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bizim torpaqlarımız işğal olunubdur. Haqq-ədalət bizim tərəfimizdədir. İqtisadi potensial və digər məsələlər də Azərbaycanın xeyrinədir. Mən şübhə etmirəm ki, bu məsələ öz ədalətli həllini tapacaqdır. Bəzən güzəştlər haqqında təkliflər səslənir. Amma mən artıq bunu bir neçə dəfə demişəm ki, ərazi bütövlüyü məsələlərində güzəştdən söhbət gedə bilməz. Bu, o vaxt olur ki, hər bir tərəf nəyisə, hansısa məsələdəsə güzəştə gedir. Azərbaycanın əlində bir şey yoxdur ki, güzəştə getsin. Azərbaycanın torpaqları işğal altındadır. Bu işğaldan bir milyon adam əziyyət çəkir. Ona görə bu məsələdə bizim qətiyyətli mövqeyimiz dəyişməz olaraq qalacaqdır.

Sizin də vəzifəniz ondan ibarətdir ki, bu məsələnin mahiyyətini çalışdığınız ölkələrin rəsmi dairələrinə, ictimaiyyətinə daha dolğun şəkildə çatdırasınız. Təəssüflər olsun ki, bəzi hallarda bu məsələ ilə əlaqədar beynəlxalq aləmdə dəqiq təsəvvür yoxdur. Bunun müəyyən səbəbləri var. Əlbəttə, erməni təbliğatı burada böyük rol oynayır. Amma onu da etiraf etməliyik ki, biz də bəzi hallarda bu məsələni, onun mahiyyətini beynəlxalq aləmə lazımi səviyyədə çatdırmırıq. Burada ilk növbədə, səfirlər və səfirliklərin işçiləri daha fəal olmalıdırlar. Bu məsələni daim gündəliyə salmalıdırlar.

Mən bilirəm ki, diplomatiyada təkrara o qədər də çox yol verilmir. Ümumiyyətlə, mən də bir şeyin təkrar olunmasına o qədər də meylli deyiləm. Amma bu məsələ istisna təşkil edir. Bu məsələ daim təkrar olunmalıdır. Bütün tədbirlərdə yeri gəldi, gəlmədi, bu məsələ daim diqqət mərkəzində olmalıdır və rəsmi dairələrə, müxtəlif ölkələrin parlamentlərinə, ictimaiyyətə çatdırılmalıdır. Mən bununla əlaqədar ümid edirəm ki, Prezident Aparatı ilə birlikdə Xarici İşlər Nazirliyi tərəfindən xüsusi bir plan, proqramlar hazırlanmalı, tövsiyələr verilməlidir. Bu proqram çərçivəsində səfirlər öz fəaliyyətini qurmalıdır. Bütün beynəlxalq tədbirlərdə, konfranslarda, ictimai tədbirlərdə bu məsələ ilk növbədə yada salınmalıdır. Beləliklə, ümid edirəm, biz informasiya sahəsində daha böyük uğurlar əldə edəcəyik.

Biz informasiya hücumuna keçməliyik. Bəzən bizi günahlandırırlar ki, Azərbaycan bu baxımdan özünü çox davakar aparır. Ola bilər, amma bizim davakarlığımız hələ ki, yalnız informasiya sahəsində özünü büruzə verir. Bizim başqa yolumuz yoxdur. Əlbəttə, Ermənistan maraqlıdır ki, bu məsələyə ümumiyyətlə toxunulmasın. Ona görə mən xatırlayıram, Avropa Şurasında biz məsələ qaldıranda ki, bu barədə məruzə dinlənilsin, Ermənistan tərəfi bunun əleyhinə çıxırdı. Nə üçün? Bu məsələnin müzakirə olunmasını istəmirdi. Çünki bilirlər ki, əgər müzakirəyə çıxarılarsa, onda hər şey açıq-aydın görünəcəkdir. Hamı da görəcəkdir ki, işğalçı kimdir, işğalın qurbanı kimdir. Ona görə bütün tədbirlərdə, bütün sahələrdə bu məsələnin mahiyyəti açıqlanmalıdır və informasiya sahəsində də güclü olmalıyıq. Bütün imkanlardan istifadə etməliyik ki, Ermənistanın işğalçı siyasətini ifşa edək, onların bu təcavüzü haqqında bütün dairələrə məlumatı çatdıraq.

Əlbəttə, Azərbaycan üçün ən ağrılı problemlərdən olan qaçqınların və məcburi köçkünlərin vəziyyəti haqqında məlumatlar daha dolğun şəkildə yayılmalıdır. Məsəl üçün, mən fikir verirəm, xaricdən gələn bəzi rəsmi qonaqlar qaçqınlarla görüşəndə dəhşətə gəlirlər. Deyirlər, biz bilmirdik ki, Azərbaycanda bu qədər qaçqın var və onlar belə ağır vəziyyətdə yaşayırlar. Təbii ki, xaricdə bu məsələ ilə əlaqədar kifayət qədər informasiya yoxdur, məlumat yoxdur. Bunu biz bilirik və bizimlə sıx əlaqədə olan dairələr, qurumlar bilir. Amma geniş beynəlxalq ictimaiyyət bu haqda bilmir. Bu, bizim səhvimiz, nöqsanımızdır.

Mən bilirəm ki, bu haqda Dövlətqaçqınkomun sədri çıxış edəcək, məlumat verəcəkdir. Siz də bunu bilməlisiniz. Nəinki bilməlisiniz, çalışdığınız ölkələrdə gərək bu məsələni gündəlik fəaliyyətinizdə diqqət mərkəzinə çevirəsiniz. Orada fotosərgilər təşkil oluna bilər, seminarlar, müxtəlif konfranslar təşkil oluna bilər. Bu, humanitar fəlakətdir və bilirsiniz ki, dünyada qaçqınların probleminə çox böyük diqqət göstərilir. Müxtəlif xeyriyyə fondları mövcuddur. Onu da deməliyəm ki, əfsuslar olsun, beynəlxalq humanitar təşkilatlar Azərbaycana ayrılan vəsaitin həcmini azaldırlar. Mən bu məsələ ilə bağlı dəfələrlə görüşlər keçirmişəm. Bakıda keçirilmiş konfransda iştirak edib öz sözümü demişəm və onları da çağırmışam ki, bu yardımların həcmini azaltmayın. Belə olan halda, yeni mənbələr axtarılmalıdır. Xüsusilə, inkişaf etmiş ölkələrdə xeyriyyə fondları var. Amma bu fondların bəziləri, bəlkə də, böyük əksəriyyəti Azərbaycandakı problemin mövcudluğundan xəbərsizdir. Nə üçün?! Çünki onlara məlumat verilmir. Əgər onlara məlumat verilərsə, əlbəttə, onlar bu məsələni nəzərə alarlar. Yəni səfirliklər bu məsələyə çox böyük diqqət göstərməlidirlər. Xeyriyyə fondları ilə, digər humanitar təşkilatlarla işlər daha fəal şəkildə qurulmalıdır. Mən demək istəmirəm ki, bu işlər aparılmır. Amma lazımi səviyyədə deyil və bütün ölkələrdə bu işlər lazımi səviyyədə aparılmır. Siz gərək bu məsələyə daha da böyük diqqət yetirəsiniz.

Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Bilirsiniz ki, Heydər Əliyev tərəfindən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıbdır. 2001-ci ildə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirilibdir. Bu gün bizim müxtəlif diasporlarımız güclənir, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynayır. Biz də bunu dəstəkləyirik. Mən, demək olar, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər.

Ona görə də səfirliklər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olmalıdırlar və xaricdə yaşayan soydaşlarımızla işlər daha yüksək səviyyədə qurulmalıdır. Mən bilirəm ki, bu iş bir çox ölkədə gedir. Səfirliklər bu baxımdan işləyirlər. Mən bunu bilirəm. Amma əlbəttə, istərdik ki, bunun böyük nəticəsi, səmərəsi olsun.

Azərbaycan haqqında reallıqlar, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Ümumiyyətlə, mən xarici mətbuatı mütəmadi qaydada izləyirəm. Görürəm ki, Azərbaycan haqqında məlumatlar çox birtərəflidir. Azərbaycan yalnız neft ölkəsi kimi təqdim edilir, yaxud da ölkəmiz haqqında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar məlumatlar verilir. Amma Azərbaycanın qədim tarixi var, Azərbaycanın çox zəngin mədəniyyəti, mədəni irsi var. Bu haqda dünyada mövcud olan məlumatlar, informasiyalar çox azdır, çox aşağı səviyyədədir. Bu sahədə də böyük işlər görmək lazımdır. Müxtəlif ictimai-siyasi tədbirlər keçirilməlidir, Azərbaycandan nümayəndə heyətlərinin səfərləri təşkil olunmalıdır. Mədəniyyət xadimlərimizin səfərləri təşkil olunmalı, sərgilər keçirilməlidir. Mən demək istəmirəm ki, bu, yoxdur. Var, amma lazımi səviyyədə deyildir. Əgər bu tədbirlər varsa, yalnız hansısa bir məhdud çərçivə bundan xəbər tutur. Yəni bu məsələlər müxtəlif ölkələrin mətbuatında öz əksini tapmır. Amma siz bilirsiniz ki, bu gün mətbuat dünyada çox böyük rol oynayır. Əlbəttə, biz istərdik ki, Azərbaycan haqqında gedən məlumatlar reallığa əsaslansın.

Azərbaycan çox sürətlə inkişaf edən ölkədir. Azərbaycan beynəlxalq aləmdə çox güclü mövqelərə malik olan ölkədir. Azərbaycanda böyük, dünya əhəmiyyətli layihələr həyata keçirilir. Azərbaycanda sosial məsələlər öz həllini tapır. Əlbəttə, yaxşı olardı ki, bütün bu reallıqlar haqqında xarici mətbuata daha böyük həcmdə məlumatlar çatdırılsın.

Ümumiyyətlə, çalışdığınız ölkələrdə mətbuatla işlər çox güclü qurulmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Baxın, bəlkə, hansısa xüsusi bir diplomat yalnız bu məsələlərlə məşğul olmalıdır. Yaxud əgər buna imkan yoxdursa, biz baxaq, bəlkə, əlavə bir ştat açmaq haqqında fikirləşək. Mütləq sırf mətbuatla əlaqə saxlayan bir nəfər olmalıdır ki, bu məsələ ilə mütəmadi qaydada məşğul olsun. Əksər hallarda əgər Azərbaycan haqqında hansısa yalan, yaxud da həqiqəti əks etdirməyən məqalə çıxırsa, bundan sonra bizim səfirliklər buna reaksiya verirlər. Bəzi hallarda isə heç reaksiya da vermirlər. Mən bu yaxınlarda nazirə dedim ki, belə hallar olanda səfirliklər mütləq öz sözünü deməlidir. Ən yaxşı halda, buna reaksiya verilir, təkzib ötürülür.

Amma bilirsiniz ki, bir var məlumat getsin, bir də var təkzib getsin. Təkziblər də bəzi hallarda dərc olunmur. Dərc olunanda da, təkziblərə bir şərh də əlavə olunur və demək olar ki, o, təkzibin əhəmiyyətini tamamilə sıfıra endirir. Yəni biz fəal olmalıyıq. Məlumatı biz verməliyik. Həm ölkəmiz haqqında, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında, həm də digər məsələlər haqqında, Azərbaycanın gələcəyi, potensialı haqqında, dünyada, bölgədə rolu haqqında həqiqi məlumatı biz verməliyik, bunu biz etməliyik. Əlbəttə, səfirliklər bu məsələ ilə əlaqədar daha fəal olmalıdırlar.

Bildiyiniz kimi, Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. Bizim bütün iqtisadi göstəricilərimiz yüksəkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanda 1993-cü ildən 2003-cü ilə qədər aparılmış iqtisadi islahatlar siyasəti gözəl nəticələr vermişdir. Son 7 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 90 faiz artmışdır. Azərbaycana böyük həcmdə xarici sərmayə qoyulur. Adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan bölgədə birinci yerdədir. Bilirsiniz ki, Azərbaycanda çox gözəl sərmayə mühiti var və bu bizə imkan verir ki, xarici sərmayəçilər qorxmadan, çəkinmədən Azərbaycana vəsait qoysunlar.

Ölkə iqtisadiyyatı inkişafdadır. 2004-cü ilin birinci yarısında iqtisadiyyatımız 10 faiz artıbdır. Bilirsiniz ki, qəbul edilmiş sosial-iqtisadi və regional inkişaf proqramları uğurla icra olunur. Seçkilərdən keçən dövr ərzində Azərbaycanda 40 minə qədər yeni iş yerləri açılıbdır. Bilirsiniz ki, bu, bizim iqtisadi siyasətimizin əsas məsələlərindən biridir. Mən çox şadam ki, nəzərdə tutduğumuz bütün planlar yerinə yetirilir.

Mən şübhə etmirəm ki, Azərbaycan beş ildən sonra iqtisadi cəhətdən daha da güclü, qüdrətli dövlətə çevriləcəkdir. Həm neft sənayesi istiqamətində Heydər Əliyevin neft strategiyasının uğurlu icrası, həm də qeyri-neft sektorunun inkişafı bizə yeni imkanlar yaradacaqdır. Qeyri-neft sektorunun inkişafı bizim üçün, yəni hökumət üçün daha da önəmli olmalıdır.

Bizim neft sektorunda bütün işlər vaxtlı-vaxtında görülübdür. Bilirsiniz ki, bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla inşa edilir. Azərbaycanın qaz yataqları istismar olunur və bu yaxınlarda qaz kəmərinin tikintisinə başlayacağıq. Ümumiyyətlə, Azərbaycan Avropanın qaz istehlakçıları üçün çox önəmli ölkəyə çevriləcəkdir. Bütün bunların təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuşdur və uğurla icra edilir, qarşımızda heç bir problem yoxdur.

Qeyri-neft sektorunun inkişafına daha böyük diqqət göstərilməlidir. Çünki Azərbaycanın hərtərəfli inkişafı bu amildən asılıdır. Heç kəs üçün sirr deyil ki, hələ uzun illər Azərbaycanın iqtisadiyyatı neft amilinə söykənəcəkdir. Amma bu o demək deyil ki, buna arxayın olaq və gözləyək ki, nə qədər neft çıxarılacaq, nə qədər neft satılacaqdır. Qeyri-neft sektorunun inkişafı, bölgələrin inkişafı, ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatının saxələndirilməsi bizim prioritet məsələmizdir.

Yəqin ki, siz bunları bilirsiniz. Mən bunları nə üçün deyirəm. Yəni bizim xaricdəki nümayəndəliklər bu istiqamətdə də fəaliyyət göstərməlidirlər. Azərbaycanın iqtisadi maraqları həm ölkə daxilində, həm də ölkənin xaricində qorunmalıdır.

Bilirsiniz ki, Azərbaycana müxtəlif işgüzar dairələrdə böyük maraq var. Azərbaycanda bir çox sahələrdə iş görmək, sərmayə qoymaq istəyən çoxlu şirkətlər var. Onlar Azərbaycana gəlirlər, işləyirlər. Yaxşı olardı ki, bizim səfirlərimiz bu məsələ ilə əlaqədar daha da fəal olsunlar. Azərbaycanın iqtisadi maraqlarına uyğun şəkildə fəaliyyət göstərsinlər. Bu məsələ ilə əlaqədar müşavirədə söhbət aparılacaqdır. İqtisadi inkişaf naziri burada çıxış edəcək, öz tövsiyələrini əməli şəkildə verəcəkdir.

Mən sizə demək istəyirəm ki, ümumiyyətlə, bu məsələyə böyük diqqət göstərilməlidir. Azərbaycan iqtisadi potensialını gücləndirir. Əlbəttə, daxildə imkanlar bizə kifayətdir ki, ölkəmizi sürətlə inkişaf etdirək. Amma bu o demək deyil ki, biz bununla kifayətlənək və xaricdə olan imkanlardan istifadə etməyək. Böyük şirkətlərin Azərbaycana gəlməsi bizim üçün lazımdır və zəruridir. İri sərmayəçilərin, firmaların Azərbaycanda fəaliyyət göstərməsi ölkəmiz üçün çox vacibdir. Baxın, neft sektorunda dünyada elə bir tanınmış şirkət yoxdur ki, Azərbaycanda sərmayə qoymasın. Bu, ölkəmiz üçün çox faydalıdır. Çünki bu, etibarlı tərəfdaşlıqdır. Bu, bir gündə yaranmış firma deyil, böyük iqtisadi potensiala malik olan şirkətlər Azərbaycanın neft sənayesində işləyir. Yaxşı olardı ki, digər sahələrdə də dünyanın bir nömrəli şirkətləri, tanınmış, etibarlı firmalar Azərbaycanın qeyri-neft sektorunda da fəaliyyət göstərsinlər. Bunu etmək üçün, əlbəttə, onları cəlb etmək lazımdır.

1994-cü ildə buraya xarici şirkətləri cəlb etmək üçün nə qədər səylər göstərildi. Azərbaycan çox riskli bir zona idi, müharibə gedirdi, daxildə xoşagəlməz proseslər hələ mövcud idi. Sabitlik tam bərqərar olmamışdı. Ona görə xarici sərmayəçiləri cəlb etmək asan məsələ deyildi. Sonrakı dövrlərdə bu məsələ artıq başqa istiqamətdə inkişaf etdi. Əksinə, daha çox tələbat var idi, nəinki imkan. Amma ilk illərdə xarici sərmayəçiləri Azərbaycanın neft sektoruna cəlb etmək bizdən böyük səylər tələb edirdi. Qeyri-neft sektoru da belədir. Gərək böyük şirkətləri biz buraya cəlb edək. Bu sahədə səfirliklərin fəaliyyəti çox önəmli ola bilər.

Bir sözlə, mən bir daha demək istəyirəm ki, Azərbaycanın xarici siyasəti çox uğurludur. Bu siyasətin təməli 1993-cü ildə qoyulmuşdur və xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın xarici siyasətinə, Azərbaycanın xaricdə olan imicinə çox böyük diqqət yetirirdi.

Azərbaycan beynəlxalq aləmin üzvüdür, müxtəlif təşkilatlarda fəal iştirak edir.

Mən qeyd etdim ki, bizim dünya birliyinə inteqrasiya siyasətimiz dəyişməz olaraq qalır və son müddət ərzində bu istiqamətdə Azərbaycan çox önəmli addımlar atmışdır. Biz dünyaya açıq bir ölkəyik. Belə olan halda, əlbəttə, bizim xarici siyasətimiz, xaricdə Azərbaycanın imici daha da güclənməlidir. Əlbəttə, bunu etmək üçün ölkə daxilində proseslər getməlidir, ölkə inkişaf etməlidir, demokratikləşmə prosesi daha da sürətlə getməlidir, iqtisadiyyat inkişaf etməlidir. Əlbəttə, əgər bunlar olmasa, nə istəyirsən et, Azərbaycan haqqında müsbət imic yaratmaq mümkün olmayacaqdır. Amma bütün bunlar olan halda, Azərbaycan dünya birliyi üçün çox önəmli bölgəyə çevrilir.

Bilirsiniz ki, Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılıbdır. Avropa Şurası ilə əlaqədar məsələlər öz həllini tapır. Baxmayaraq ki, hələ bizim maliyyə imkanlarımız məhduddur, amma sosial məsələlər öz həllini tapır. Azərbaycanın Neft Fondundan qaçqınların, məcburi köçkünlərin yerləşdirilməsinə, onların həyat səviyyəsinin yaxşılaşdırılmasına böyük vəsaitlər ayrılır. Digər sosial məsələlər öz həllini tapır, minimum əmək haqqı qaldırılıbdır. Büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların əmək haqları qaldırılır. Bu proseslər bundan sonra da gedəcəkdir. Mən demişəm ki, Azərbaycan bazar iqtisadiyyatına sadiqdir və bilirsiniz ki, ümumi daxili məhsulun 74 faizi özəl sektorun fəaliyyəti nəticəsində formalaşır. Eyni zamanda, biz sosial məsələlərə biganə qala bilmərik. Ən çətin vəziyyətdə yaşayanlar, təqaüdçülər, büdcədən maliyyələşən təşkilatlar haqqında fikirləşirik və imkan daxilində onların həyat səviyyəsi ildən-ilə yaxşılaşacaqdır. Mən bunu bəyan etmişəm, bu, mənim proqramımdır və mən bunu icra edəcəyəm. Yəni demək istəyirəm ki, Azərbaycanda bütün sahələrdə gedən proseslər - həm xarici, həm də daxili siyasətdə gedən proseslər imkan verir ki, Azərbaycan özünü daha da yaxşı tanıtsın, dünya ictimaiyyəti qarşısında özünü daha da gözəl təqdim etsin. Bunu hər birimiz etməliyik. Buradakı vəzifəli şəxslər, ictimaiyyət, digər qurumlar və əlbəttə, Azərbaycanı xaricdə təmsil edən səfirlər, səfirliklərin işçiləri.

Mən ümid edirəm ki, biz qarşımızda duran bütün məqsədlərə çatacağıq. Azərbaycanın xarici siyasəti bundan sonra da ölkəmizin milli maraqlarına xidmət edəcəkdir. Siz səfirlər ölkəmizi xaricdə təmsil edirsiniz və Azərbaycan haqqında rəylər, fikirlər xeyli dərəcədə sizin fəaliyyətinizin nəticəsində yaranır, formalaşır. Əlbəttə, bu, böyük şərəfdir. Amma eyni zamanda, böyük məsuliyyətdir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və bundan sonra da doğma Vətənimizi xaricdə ləyaqətlə təmsil edəcəksiniz. Bu işlərdə sizə uğurlar arzulayıram. Sağ olun.

Görüşdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

27 iyul 2004 il

növbəti xəbər əvvəlki xəbər