2004-09-24
BMT Baş Məclisi 59-cu Sessiyasının ümumi müzakirələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı, 24 sentyabr 2004 il

Hörmətli cənab Sədr,
Xanımlar və cənablar,

Əvvəlki natiqlərə qoşularaq, cənab Jan Penqi BMT Baş Məclisi 59-cu sessiyasının sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edirəm. Mən həmçinin onun sələfi cənab Julian Robert Hanteyə 58-ci sessiyaya sədrliyi dövründə Məclisi nümunəvi idarə etməsi münasibətilə təbriklərimi çatdırmaq istərdim.

Cənab Sədr,

Üzv dövlətlər Minilliyin Zirvə Toplantısında özlərinin qlobal həmrəyliyə və ümumi təhlükəsizliyə şərikli baxışlarına sadiqliyini ifadə etmişlər. Biz daha sülhsevər, təhlükəsiz və ədalətli dünya üçün çox zəruri olan BMT və onun Nizamnaməsinə inamımızı bir daha təsdiqləmişdik.

Yeni əsrə qədəm qoyan zaman bütün dövlətlərin lazım olan anda bu təşkilata güvənməsi və öz növbəsində, BMT-nin dünyanın ondan gözlədiyini həyata keçirməsi məqsədi ilə beynəlxalq hüququn ümdə vacibliyini təmin etmək üçün əlimizdən gələni etmişik.

Fəaliyyətimizin bir qismi qəddar silahlı münaqişələrin qurbanlarına çevrilmiş milyonlarla günahsız insanların, xüsusilə qadın və uşaqların müdafiə edilməsi məqsədini daşıyır. Fəaliyyətimizin digər qismi isə, bütün dövlətlərin doğru rəqabəti üçün bərabər imkanları təmin edən daha ədalətli dünya iqtisadiyyatının qurulmasına yönəlmişdir.

Azərbaycan qlobal və regional təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verməkdədir.Ölkəmiz beynəlxalq terrorizmə qarşı qlobal koalisiyanın fəal üzvlərindən biri olaraq, günahsız insanlara ölüm və məşəqqət gətirməkdə davam edən bəlanın qarşısını almaq məqsədi ilə həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə etibarlı əməkdaşlıq həyata keçirir.

Azərbaycan öz ərazisində mövcud olan silahlı münaqişələrin nəticələrindən birbaşa əziyyət çəkən ölkələrdəndir.

Əslində, bu münaqişələr bir-birinə bağlıdır və bizim bu münaqişələri birgə əməkdaşlıq əsasında kompleks şəkildə aradan qaldırmaqdan başqa yolumuz yoxdur. Bu işdə heç bir “ikili standart”lara yol vermək olmaz.

Cənab Sədr,

Azərbaycan BMT-yə üzv olduğu ilk günlərdən daim beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağ ilə bağlı Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması məsələsinə yönəltmişdir. Ölkəmiz BMT-dən təcavüzkarı işğal olunmuş torpaqlardan geri çəkilməyə məcbur edəcəyini və beləliklə, öz yurdlarından qovulmuş Azərbaycan vətəndaşlarının daimi yaşayış yerlərinə qayıtması üçün imkan yaradılacağını gözləyirdi.

Suveren Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə 822, 853, 874, 884 nömrəli 4 qətnaməni yekdilliklə qəbul etdiyini bir daha yada salmaq istərdim. Bu qətnamələr Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olmasını təsdiqləmiş və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət edilməsinə qəti şəkildə çağırmış və ərazilərin əldə edilməsi məqsədi ilə güc işlədilməsinin yolverilməz olduğunu vurğulamışdır. BMT qətnamələri Azərbaycanın zəbt olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını və köçkün düşmüş insanların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin olunmasını tələb etmişdir.

Sülhün, ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağıran qətnamələrin heç biri münaqişənin həlli üçün əsas təşkil edən beynəlxalq hüququn fundamental prinsiplərini heç zaman tanımayan və onlara hörmət etməyən Ermənistan tərəfindən yerinə yetirilməmişdir.

Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və Azərbaycanın 7 digər rayonu on ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Cənab Sədr,

Təhlükəsizlik Şurasının biganəliyi münaqişənin həlli prosesinə dağıdıcı təsir göstərir. Qətnamələrə məhəl qoymayan, hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə çalışan və bu hərəkətlərinə görə cəzasız qalan Ermənistan nəticə etibarilə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əhalisinin kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırılması kimi qəddar siyasət həyata keçirmişdir ki, bu da beynəlxalq hüququn, xüsusilə Müharibə Zamanı Mülki Şəxslərin Müdafiəsi üzrə 1949-cu ildə qəbul edilmiş 4-cü Cenevrə Konvensiyasının müddəalarının açıq şəkildə növbəti pozulmasıdır.

Bundan əlavə, həmin ərazilərdən narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, silah ötürülməsi, qeyri-qanuni iqtisadi fəaliyyət, qaçaqmalçılıq məqsədi ilə istifadə edilməsi, bu ərazilərin terrorçu yuvasına çevrilməsi vəziyyəti daha da gərginləşdirir.

İşğal olunmuş Azərbaycan torpaqları Azərbaycan hökumətinin nəzarətindən kənarda qalan “boz əraziyə” və beynəlxalq monitorinqdən azad bir əraziyə çevrilmişdir.

Özü-özünü elan etmiş və heç kim tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası” bölgədə sülh və təhlükəsizlik üçün daimi təhlükə mənbəyidir.

Təcavüzkar Ermənistan və Dağlıq Qarabağ separatçıları xarici şirkətləri də qeyri-qanuni biznesə cəlb etməyə çalışaraq, işğal olunmuş Azərbaycan ərazilərində təbii sərvətləri də istismar edirlər. Mən üzv dövlətləri öz vətəndaşlarını və şirkətlərini beynəlxalq hüquq normalarına hörmət bəsləməyə məcbur etməyə və onların ölkəmizin ərazisində qeyri-qanuni fəaliyyət göstərməsinin qarşısını almağa çağırıram.

Öz növbəsində, Azərbaycan suveren dövlətimizə məxsus olan təbii sərvətlərin mənimsənilməsində iştirak etdiklərinə görə bu şirkətlərin məsuliyyət daşıması üçün bütün lazımi hüquqi və praktiki tədbirləri həyata keçirəcəkdir.

Bundan başqa, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini saxtalaşdırır, mədəni və arxitektura irsinə qeyri-qanuni şəkildə yiyələnir.

Dini və tarixi abidələrimiz, qədim əlyazmalarımız və digər mədəni sərvətlərimiz dağıdılmış, özününküləşdirilmiş və talanıb aparılmışdır.

Münaqişənin siyasi yolla həlli prosesi son 12 il ərzində ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilmiş, lakin bu günədək heç bir nəticə verməmişdir. Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi, vəziyyətin yerində qiymətləndirilməsi və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələlərinə ATƏT-in Minsk qrupu ciddi diqqət yetirməmişdir.

Aydın məsələdir ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT və onun Minsk qrupunun problemə hazırkı passiv və biganə yanaşması və beynəlxalq birlik tərəfindən ciddi təzyiqin göstərilmədiyi indiki şəraitdə Ermənistan özünün təcavüzkar və destruktiv mövqeyindən geri çəkilməyəcəkdir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti və onun danışıqlar prosesində tutduğu mövqe bir daha sübut edir ki, Ermənistan münaqişəni baş vermiş fakt əsasında zorla qəbul etdirməyə çalışaraq, nəinki problemin nizamlanması yollarını axtarmır, hətta danışıqların daha da uzadılması və təcavüzün nəticələrini möhkəmləndirmək məqsədi güdür.

Mən bu yüksək tribunadan vurğulamaq istəyirəm ki, münaqişə etnik təmizləmə və de-fakto suveren dövlətin ərazilərinin ilhaq olunması əsasında deyil, beynəlxalq hüquq və demokratiya normaları əsasında həll edilə bilər.

Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç zaman barışmayacaqdır.

Cənab Sədr,

Azərbaycanın məcburi köçkün düşmüş vətəndaşlarının öz doğma yurdlarına qayıtması münaqişənin həlli prosesində bizim üçün ən əsas prioritetlərdən birini təşkil edir. Lakin öz yurdlarından qovulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanlarımız öz yurdlarına qayıdana qədər bütün müvafiq BMT təsisatlarının, donor ölkələrin və beynəlxalq humanitar təşkilatların ən çox zərər çəkmiş əhalinin iztirablarının aradan qaldırılması işinə daha fəal cəlb olunmasına təcili zərurət vardır.

Azərbaycan hökuməti bu işdə bütün vaxtını, səylərini və maliyyə imkanlarını əsirgəmir, lakin məcburi köçkünlərin sayı nəzərə alınarsa, bu, kifayət etmir. Bu işdə müvafiq beynəlxalq təşkilatların hökumətimizə yardımı vacib bir məsələdir.

Bu sahədə sırf maddi yardımdan başqa, problemə beynəlxalq diqqətin yenidən artırılmasına, həmçinin BMT və onun müvafiq təsisatları tərəfindən bütün beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirmək üçün daha yaxşı şəraitin təmin edilməsinə ehtiyac duyulur. Biz Azərbaycandakı “unudulmuş humanitar böhran”la bağlı BMT-dən daha məsuliyyətli strategiya gözləyirik.

Cənab Sədr,

Azərbaycan yoxsulluğun aradan qaldırılması və yaxşı idarəçilik məqsədlərinə sadiqdir. Bu mövqeyə və həyata keçirilən tədbirlərə əsaslanaraq, biz Azərbaycanda iqtisadi fəaliyyətin və artımın genişlənməsini müşahidə edirik. Azərbaycan transregional əməkdaşlığın inkişafı işinə öz töhfəsini verir və TRASECA, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru xətləri kimi nəqliyyat və kommunikasiya şəbəkələrinin inkişafında böyük rol oynayır.

Bu layihələr açıq dənizə çıxışı olmayan ölkələrin ixrac üçün dünya bazarlarına və regional bazarlara sabit çıxışını təmin edəcəkdir. İştirakçı dövlətlərin ən kasıb təbəqələri bundan bəhrələnəcəkdir.

Cənab Sədr,

Bütün təhdidlərin öhdəsindən uğurla gəlmək üçün BMT özünü yeni şəraitə uyğunlaşdırmalıdır. BMT-də uzun müddət söhbəti gedən islahatlar məsələsi, nəhayət, öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının problemləri, xüsusilə də silahlı münaqişələrə aid olan problemləri həll etməyə qadir olmaması etiraf edilməlidir.

Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ şəkildə cavab verməlidir.

Ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasından ibarətdir.

Cənab Sədr,

Hazırkı problemlərin həllinə səmərəli yanaşmanı kollektiv şəkildə tətbiq etmək hər birimizin borcudur. Belə ki, bu, millətlərin davamlı və demokratik inkişafı üçün sabit mühitin yaradılmasına xidmət edə bilər. Buna yalnız beynəlxalq hüququn normaları və prinsiplərinin həyata keçirilməsi, dövlətlər arasında dostluq münasibətləri və qarşılıqlı surətdə faydalı əməkdaşlıq vasitəsilə nail olmaq mümkündür.

Diqqətinizə görə çox sağ olun.

24 sentyabr 2004 il

növbəti xəbər əvvəlki xəbər