2004-12-01
İslam Konfransı Gənclər Forumunun Təsis Qurultayında Xarici İşlər Nazirinin müavini Vaqif Sadıqovun çıxışı, 1 dekabr 2004-cü il

Hörmətli Forum nümayəndələri!
Hörmətli cənab səfirlər!
Hörmətli xanımlar və cənablar!

Mən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından Sizi salamlayıram və işinizdə uğurlar arzulayıram.

Qloballaşan dünyamızda mövcud olan mürəkkəb problemlərin birgə həll edilməsi, dünyada davamlı sülhə nail olunması, millətlərarası dostluq münasibətlərinin bərqərar olması, dinlərarası və sivilizasiyalararası dialoqa nail olunması istiqamətində bu gün gənclik qarşısında böyük vəzifələr durur.

Bu vəzifələrin həlli üçün və konkret nəticələr əldə etmək məqsədilə İslam Konfransı Gənclər Forumunun yaradılması təklifi irəli sürülmüşdür. Eyni zamanda, belə bir Forum İKT üzv dövlətlərinin gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və İKT-nın gündəliyində duran məsələlərin beynəlxalq təşkilat və forumlarda müdafiə etmək imkanını yaradır.

Azərbaycan hökuməti bu təşəbbüsünü ilk gündən dəstəkləmiş və bu Forumun yaradılması istiqamətində İKT çərçivəsində müvafiq qətnaməni irəli sürmüşdür. Böyük səylər nəticəsində bu qətnamə 2004-cü il iyun ayının 14-16-da İstanbulda keçirilmiş İKT xarici işlər nazirlərinin 31-ci iclası zamanı yekdilliklə qəbul olunmuşdur. Fürsətdən istifadə edərək, qətnaməyə verilmiş dəstəyə görə bütün islam dövlətlərinə Azərbaycan hökuməti adından bir daha dərin təşəkkür bildirmək istərdim.

Bildiyiniz kimi, bir sıra beynəlxalq və regional təşkilatların çərçivəsində gəncləri təmsil edən bir sıra qeyri hökumət təşkilatlar mövcuddur. Məsələn, Avropa Gənclər Forumu Avropa İttifaqının və Avropa Şurasının gənclər platformasıdır. Bu Forum nəinki regional gənclər məsələləri ilə məşğul olur, hətta ümumavropa gündəliyində duran məsələləri BMT konfransları kimi qlobal forumlarda müdafiə edir.

Bir çox müsəlman ölkələrində də gənclər hərəkatı mövcuddur. Bu təşkilatların fəaliyyətini daha da mütəşəkkil şəkildə əlaqələndirilməsində, müsəlman cəmiyyətlərində mövcud olan vacib məsələlərin müzakirə edilməsi və dünya ictimaiyyətinə çatdırılmasında İslam Konfransı Gənclər Forumu mühüm rol oynaya bilər.

Əminliklə qeyd etmək istərdim ki, müsəlman ölkələrini təmsil edən gənclərin Bakıda Azərbaycan gənclərinin təşəbbüsü ilə bir araya gəlməsi və əməkdaşlıq etmələri, Sizin dünyada gedən proseslərdə daha fəal rol oynaması, ədalətin və haqq işinin qalib gəlməsi üçün yeni bir gənclər hərəkatının başlanğıcını qoyacaqdır. Ümidvaram ki, Sizin yaradacağınız Forum daha firavan və ədalətli dünya düzəmi uğrunda beynəlxalq gənclər hərəkatının tərkib hissəsi olacaq. Bu işdə Sizə uğurlar arzulayıram.

Diqqətinizə görə sağ olun.

növbəti xəbər əvvəlki xəbər