2005-04-22
İlk növbədə, görüşlərimizin gözəl hazırlandığına və əla təşkil olunduğuna görə ev sahiblərinə və təşkilatçılara dərin minnətdarlığımı bildirmək istərdim. Qonaqpərvərliyinə görə Moldova Prezidenti Vladimir Voroninə də şəxsən təşəkkür etmək istərdim.

Hörmətli cənab Sədr!
Hörmətli həmkarlar!
Xanımlar və cənablar!

İlk növbədə, görüşlərimizin gözəl hazırlandığına və əla təşkil olunduğuna görə ev sahiblərinə və təşkilatçılara dərin minnətdarlığımı bildirmək istərdim. Qonaqpərvərliyinə görə Moldova Prezidenti Vladimir Voroninə də şəxsən təşəkkür etmək istərdim.

Qeyd etmək istəyirəm ki, mən dünəndən Moldovadayam. Dünən mən Moldovaya rəsmi səfərə gəldim və deməliyəm ki, bu səfərin yekunlarından çox məmnunam. Bir çox mühüm sazişlər imzalandı, regional təşkilatlar çərçivəsində və Avropaya inteqrasiya prosesində ikitərəfli əsasda əməkdaşlığa yönəldilmiş strateji xəttimiz bir daha təsdiq olundu. Mən sədr funksiyasının öhdəsindən layiqincə gələn bizim tərəfi də tərifləmək istərdim. Onun fəallığından və əzmkarlığından çox şey asılıdır. İndi təşkilatımız öz inkişafının yeni mərhələsini yaşayır. Düşünürəm ki, bu, ən mühüm mərhələlərdən biridir. Təşkilatımızın dünyada rolu və yeri, habelə onun səmərəliliyi də bu gün işimizi necə səmərəli quracağımızdan asılı olacaqdır. Elə etmək lazımdır ki, təşkilatımız konkret məsələləri həll etməyə qadir olsun, GUÖAM-ın ciddi regional təşkilata çevrilməsi üçün inteqrasiya proseslərinə, ikitərəfli əsasda, çoxtərəfli əsasda əməkdaşlığa təkan versin. Zənnimcə, GUÖAM-ı həqiqətən belə sanballı regional təşkilata çevirmək arzumuz tamamilə təbiidir. Bunun üçün bütün əsaslar, obyektiv səbəblər, habelə ölkələrimizin Xəzər dənizi–Qara dəniz regionunda təhlükəsizlik tədbirlərini möhkəmlətmək üzrə əməkdaşlıq etmək, Avropaya inteqrasiya proseslərinə qoşulmaq niyyəti var.

Bizi çox şey birləşdirir. Ölkələrimiz arasında ikitərəfli əsasda ən səmimi, ən mehriban münasibətlər, qardaşlıq münasibətləri mövcuddur. Odur ki, bu münasibətləri regional və beynəlxalq əməkdaşlıq formatında da möhkəmlətmək və inkişaf etdirmək arzumuz təbiidir. Mən təşkilatımızın işində dostlarımızın – dost ölkələr olan Rumıniya və Litva prezidentlərinin də iştirak etməsindən çox məmnunam. Bu, təşkilatımızın əhəmiyyətinin və sanbalının artmasının daha bir göstəricisidir, habelə düşünürəm ki, daha geniş məkanda gələcək regional əməkdaşlıq üçün çox yaxşı zəmindir. Əminəm ki, qarşıya qoyulmuş bütün məqsədlərə çatsaq, planlarımızı həyata keçirə bilsək, şübhəsiz, GUÖAM regional planda çox mühüm rol oynayacaqdır.

Bizi həm də Avratlantik inteqrasiya prosesləri birləşdirir. Bir çox illər ərzində ölkələrimiz bu prosesləri əsas tutur və inteqrasiyaya doğru uğurla irəliləyirlər. Əlbəttə, heç kimə sirr deyil ki, birgə səylərlə inteqrasiya edilsə, bu, daha əlverişli, daha asan və tez olar. Bu məsələdə aramızda heç bir fikir ayrılığı olmadığına, ancaq ümumi yanaşma olduğuna görə, düşünürəm ki, Avropa və Avratlantik strukturlarına inteqrasiya məsələsində səylərimizi necə birləşdirmək üzərində işləmək olar. Ölkələrimizin hamısı NATO, Avropa Birliyi ilə inteqrasiya proseslərinin fəal iştirakçısıdır, antiterror koalisiyasının üzvüdür. Buna görə də bizi birləşdirən olduqca çox amillər var və biz onlardan, əlbəttə, çox səmərəli istifadə etməliyik.

Təəssüf ki, bizi heç də təkcə xoş anlar bəxş edən, bizi ruhlandıran və müstəqilliyimizi möhkəmləndirən amillər birləşdirmir, bizi ağrı-acımız da birləşdirir. Söhbət ölkələrimizin ərazilərindəki münaqişələrdən gedir. İş elə gətirmişdir ki, postsovet məkanındakı bütün münaqişələr GUÖAM ölkələrinin ərazilərində baş verir. Onların hamısının mənşəyi eynidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Abxaziyadakı münaqişə, Cənubi Osetiyadakı münaqişə və Dnestryanı bölgədəki münaqişə - bütün bunlar təcavüzkar separatizmdən, ölkələrimizin ərazi bütövlüyünün pozulmasından, təcavüzkar separatçı niyyətlərin qurbanları olan milyonlarla qaçqın-köçkünü əziyyətlərə və müsibətlərə düçar etmiş siyasi etnik təmizləmələrdən yaranmışdır. Bizi bu da birləşdirir.

Ona görə də hesab edirəm ki, səylərimizi bu münaqişələrin həllində də birləşdirmək məqsədəuyğun olardı, çünki onların hamısının eyni təbiəti və eyni nizamasalma mexanizmi var. Zənnimcə, biz bu problemlərin nizama salınması üçün çox fəal işləməli və çərçivə prosesləri hazırlamalıyıq. Bu dörd çox kəskin münaqişənin həllinə vahid yanaşmaya malik ola bilməyimiz üçün həmin çərçivə proseslərini fəal əməkdaşlıq etdiyimiz təşkilatların – ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının da təsdiqləməsi çox vacibdir. Bu münaqişələr bizə normal inkişaf etməyə imkan vermir. Bu münaqişələr Avropaya inteqrasiya proseslərini ləngidir. Başa düşürük ki, bu yük Avropaya inteqrasiyamız üzrə prosesi çətinləşdirəcəkdir. Biz ondan azad olmalıyıq. Bunu ancaq və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək olar və lazımdır. Biz belə yanaşmaya tərəfdarıq. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə də əminəm ki, bu münaqişələr öz həllini tapacaqdır. İstərdik ki, bu, mümkün qədər tez baş versin. Ölkələrimizə qarşı təcavüz edən separatçı qüvvələr və təcavüzkarlar da başa düşməlidirlər ki, indi dünyanın yolu tamam başqa istiqamətdədir. Dünya inteqrasiya, əməkdaşlıq, regional təhlükəsizliyin möhkəmləndirilməsi, qloballaşma istiqamətində gedir. Belə şəraitdə problemlərin həllinə mağara psixologiyası ilə yanaşmanın heç bir gələcəyi olmayacaqdır. Zənnimcə, bu, nə qədər tez başa düşülərsə, həmin münaqişələrin ağır nəticələrindən qurtarmaq bir o qədər asan olacaqdır.

Regionumuzdakı separatizm problemlərinə beynəlxalq təşkilatların diqqətinin artmasını da müsbət addım kimi qeyd etmək istəyirəm. Avropa Şurasının bu məsələyə fəal qoşulması buna sübutdur. Bu ilin yanvarında Avropa Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamə qəbul etmişdir. Burada hər şey öz adları ilə dəqiq və aydın şəkildə göstərilmişdir. Yəni göstərilmişdir ki, Ermənistan Azərbaycana qarşı təcavüz etmişdir, etnik təmizləmələr aparmışdır. Etnik təmizləmələr siyasəti nəticəsində bir milyon adam qaçqın və məcburi köçkünə çevrilmiş, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur.

Dünyada, o cümlədən də Avropada ölkələrin, xalqların normal yanaşı yaşamasına gözəl nümunələr var, yüksək muxtariyyət statusu vermək üçün bütün lazımi elementlər var. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət statusu verməyə hazırdır. Lakin biz ərazi bütövlüyümüzün pozulması ilə heç zaman razılaşmayacağıq. Düşünürəm ki, Avropadakı müsbət muxtariyyət təcrübəsi əsas kimi götürülməlidir. Təbii ki, bu məsələlərin həllinə vahid yanaşma olmalıdır. Biz belə ədalətsizliyə və insanın ən adi hüquqlarının və beynəlxalq hüquq normalarının çox kobudcasına pozulmasına yalnız bu halda son qoya bilərik.

Təşkilatımız kommunikasiya, nəqliyyat məsələlərində çox səmərəli əməkdaşlıq edir. Əminəm ki, bu məsələlərin əhəmiyyəti daha da artacaqdır. Əlbəttə, münasibətlərimizin tərkib hissəsi olan nəqliyyat məsələsini ölkələrimizin coğrafi mövqeyinin özü əvvəlcədən müəyyənləşdirir. Biz bu proseslərə regional əməkdaşlığın tərkib hissəsi kimi, regionumuzda dərin inteqrasiya proseslərinə təkan verəcək, habelə ölkələrimizin iqtisadi vəziyyətinə də çox ciddi təsir göstərəcək amil kimi baxırıq. Yeri gəlmişkən, bizi birləşdirən daha bir cəhət var: ölkələrimizin hamısı çox dinamik inkişaf edir. Onlarda iqtisadi artım - ümumi daxili məhsulun artımı çox yüksəkdir, iqtisadi islahatlar aparılması, azad bazar prinsiplərinin bərqərar olması sürətlə gedir. Odur ki, bu məsələnin də, əlbəttə, çox ciddi əhəmiyyəti olacaqdır. TRASEKA proqramı, beynəlxalq təşkilatların diqqətini çəkən proqramlar, habelə GUÖAM-ABŞ proqramı və onun həyata keçirilməsi dövlətlərimizə informasiya mübadiləsinin və təhlükəli cinayətlərə operativ münasibət göstərilməsinin tamamilə nadir sisteminə malik olmağa imkan verəcəkdir. Axı, nəqliyyat layihələrindən təkcə xeyir gətirən qurumlar deyil, təəssüflər olsun ki, həm də cinayətkar ünsürlər, beynəlxalq cinayətkarlıq, narkotrafik istifadə edəcəkdir. Ona görə də özümüzü bütün xoşagəlməz hallardan qorumaq üçün kompleks tədbirlər görmək lazımdır. Biz Smart Dicit GUÖAM təşəbbüsünü də dəstəkləyirik. Bu təşəbbüs elektron ticarət, teletəbabət və məsafədən təhsil sahələri də daxil olmaqla, yüksək texnologiyalar sahəsində ABŞ ilə GUÖAM ölkələri arasında daha sıx əlaqələr yaranmasına kömək etməlidir. GUÖAM ölkələri bu layihəni əməkdaşlığımızın daha da dərinləşməsi yolunda mühüm addım kimi qiymətləndirir.

Bugünkü sammit təşkilatımızın tarixinə bir sıra mühüm sənədlərin imzalanması ilə də daxil olacaqdır ki, onların da ən başlıcası, şübhəsiz, Kişinyov Bəyannaməsidir. Bu sənədlər ölkələrimizin, dövlətlərimizin demokratiya dəyərlərinə sadiqliyini, ölkəni və cəmiyyəti inkişaf etdirməyə çalışdığını bir daha təsdiqləyir, Avropa və Avratlantik inteqrasiyası istiqamətində getmək əzmində olduğumuzu göstərir. Əminəm ki, bütün xeyirxah təşəbbüslərimiz həyata keçiriləcək, təşkilatımız öz varlığını möhkəmləndirəcək və gələcək inteqrasiya proseslərinə fəal kömək edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

22 aprel 2005 il

növbəti xəbər əvvəlki xəbər