2006-08-14
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsi, 14 avqust 2006-cı il

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ DİPLOMATİK XİDMƏT ORQANLARI RƏHBƏRLƏRİNİN İKİNCİ MÜŞAVİRƏSİNDƏ PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ

Bakı, 14 avqust 2006-cı il


– Hörmətli xanımlar və cənablar,

Səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları!

Bugünkü toplantı artıq ənənəvi xarakter daşıyır. İki il bundan əvvəl ilk dəfə olaraq, Azərbaycanı xaricdə təmsil edən səfirlərlə geniş müşavirə keçirilmişdir. Bugünkü müşavirədə biz, əlbəttə ki, son iki il ərzində görülmüş işləri təhlil edəcəyik. Eyni zamanda, şübhəsiz ki, gələcək planlar haqqında da fikir mübadiləsi aparılacaqdır.

Bu müşavirədə Azərbaycan hökumətinin digər üzvləri də iştirak edəcək və bir neçə gün ərzində səfirlər Azərbaycanda gedən proseslər barədə dolğun məlumat alacaqlar. Əlbəttə ki, hər bir nazirliyin fəaliyyəti xaricdə Azərbaycanı təmsil edən səfirlər üçün çox maraqlı olmalıdır. Siz Azərbaycanda gedən proseslərdən, aparılan işlərdən, əlbəttə ki, xəbərdarsınız. Ancaq, eyni zamanda, bu məsələlərin çox geniş şəkildə müzakirəsi sizin üçün də həm maraqlı olacaq, həm də ümumi işimizə çox böyük töhfə olacaqdır.

Son iki il ərzində Azərbaycanın xarici siyasəti uğurla davam etdirilir. Azərbaycan həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlarda öz mövqelərini çox inamla müdafiə edir. Deyə bilərəm ki, son iki il ərzində Azərbaycanın bölgədəki və dünyadakı mövqeləri çox kəskin şəkildə möhkəmlənmişdir. Bizim bütün ölkələrlə ikitərəfli formatda münasibətlərimiz çox müsbət zəmində, qarşılıqlı hörmət, etimad əsasında qurulur və Azərbaycan Prezidentinin müxtəlif xarici səfərləri bunun əyani göstəricisidir.

Onu da deyə bilərəm ki, son iki il yarım ərzində Azərbaycan Prezidenti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrə rəsmi səfərlər etmişdir. Bu, özlüyündə çox gözəl göstəricidir. Azərbaycan həm əhali baxımından, həm də ərazi baxımından böyük ölkə deyil. Dünyanın aparıcı ölkələri ilə bizim çox səmərəli münasibətlərimiz, bir tərəfdən, əlbəttə ki, Azərbaycanın önəmindən xəbər verir, digər tərəfdən, şübhəsiz ki, Azərbaycanın düşünülmüş xarici siyasət prinsiplərindən irəli gəlir. Bir daha demək istəyirəm ki, bütün ölkələrlə münasibətlərimiz qarşılıqlı surətdə faydalı şəkildə aparılır və biz bu prinsiplərə sadiqik.

Qonşu ölkələrlə Azərbaycanın münasibətləri son iki il ərzində daha da möhkəmlənibdir. Biz bu bölgədə yaşayırıq və əlbəttə ki, bölgədə gedən proseslər, istər-istəməz, müəyyən dərəcədə Azərbaycana da təsir edir. Azərbaycanda gedən işlər, Azərbaycanın mövqeyi artıq bölgədə gedən proseslərə də çox önəmli dərəcədə təsir göstərir. Qonşu dövlətlərlə münasibətlərin sağlam şəkildə saxlanması və möhkəmlənməsi bizim mövqelərimizi möhkəmləndirir və eyni zamanda, Azərbaycanın bölgədə olan rolunu artırır. Bir də demək istəyirəm ki, bu münasibətlər çox müsbət zəmində qurulubdur və bizim milli maraqlarımıza cavab verir. Qonşu dövlətlərlə münasibətlərimiz bundan sonra da bizim üçün prioritet xarakter daşımalıdır və siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr daha da möhkəmlənməlidir. Nəzərə alsaq ki, bizi qonşu dövlətlərlə çox sıx iqtisadi əlaqələr bağlayır, onda görərik ki, Azərbaycanın hərtərəfli inkişafı üçün bu münasibətlərin yüksək səviyyədə olması çox önəmli və zəruridir.

Beynəlxalq təşkilatlarla bizim əməkdaşlığımız uğurla davam etdirilir. Azərbaycan bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. Nazir artıq bunu qeyd etdi ki, müxtəlif beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz güclənir. Son müddət ərzində Azərbaycanda iki mötəbər beynəlxalq tədbir keçirilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin zirvə görüşü və İslam Konfransı Təşkilatının xarici işlər nazirləri səviyyəsində toplantı keçirilmişdir. Hər iki görüş, toplantı çox yüksək səviyyədə keçirilmişdir və şübhəsiz ki, Azərbaycan bunların keçirilməsində özü haqqında artıq əyani şəkildə təqdimat tədbirlərini də həyata keçirmişdir. Çünki biz hələ ki, gənc müstəqil dövlətik. Biz özümüzü tanıtmalıyıq, özümüzü təqdim etməliyik. Azərbaycan haqqında, əlbəttə ki, dünyada informasiya artır. Ancaq siz də bunu bilirsiniz ki, hələ kifayət qədər deyildir. Ona görə hər bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi iki məqsədi güdür. Bir tərəfdən, tədbirin Azərbaycanda keçirilməsi, əlbəttə, Azərbaycanın artan rolundan xəbər verir. Digər tərəfdən, bizə imkan verir ki, xarici nümayəndələr Azərbaycan reallıqlarını öz gözləri ilə görsünlər.

Bizim digər beynəlxalq təşkilatlarla da əməkdaşlığımız müsbətdir. Avropa İttifaqı və NATO ilə işimiz artıq proqramlar çərçivəsində keçirilir və keçiriləcəkdir. NATO ilə “Fərdi tərəfdaşlığın fəaliyyət planı” həyata keçirilir. Avropa İttifaqı ilə isə qonşuluq siyasətinin əsas konturları müəyyən olunub və Azərbaycan bu istiqamətdə öz işlərini davam etdirəcəkdir. Avropa İttifaqı ilə, eyni zamanda, energetika sahəsində geniş əməkdaşlıq gözlənilir. Artıq bu barədə danışıqlar aparılıbdır. Azərbaycan bütövlükdə Avropa üçün çox önəmli ölkəyə çevrilir. Çünki, həm coğrafi vəziyyətimiz, eyni zamanda, təbii sərvətlərlə zəngin olmağımız, son müddət ərzində dünyada enerji təhlükəsizliyi məsələlərinin kəskinləşməsi və ön plana çıxması, şübhəsiz ki, Azərbaycanın nə qədər önəmli ölkə olduğunu bir daha sübut edir.

Digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq müsbətdir. MDB, GUAM, Avropa Şurası və başqa təşkilatlarla Azərbaycan çox səmərəli işbirliyi, əməkdaşlıq edir. Biz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və bu təşkilatlarda fəaliyyətimiz, əlbəttə, Azərbaycanın milli maraqlarının müdafiə olunmasına xidmət göstərir. Eyni zamanda, müxtəlif təşkilatlara üzv olmağımız, əlbəttə, Azərbaycanda gedən proseslərə də müsbət təsir göstərir. Misal üçün, Avropa Şurasında bizim fəaliyyətimiz, bir tərəfdən, Azərbaycanın maraqlarını müdafiə edir, digər tərəfdən, Azərbaycanda demokratik proseslərin sürətlənməsinə xidmət göstərir.

Bir sözlə, Azərbaycanın xarici siyasəti həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çox uğurludur, düşünülmüş siyasətdir. Bizim strateji xəttimiz var və bu xəttə sadiqik. Son illər ərzində aparılan işlər onu göstərir ki, Azərbaycanın dünyadakı mövqeləri daha da möhkəmlənir.

Bununla bərabər, bizim diplomatiyamız çox çevik olmalıdır. Biz bölgədə və dünyada baş verən proseslərə çox operativ şəkildə reaksiya verməliyik. Eyni zamanda, öz təkliflərimizi verməliyik. Azərbaycan artıq dünyada gedən proseslərin fəal iştirakçısıdır. Bir çox hallarda bölgə və Avropa üçün önəmli tədbirlərin təşəbbüskarıdır. Bölgədə Azərbaycanın mövqeyindən artıq çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə, - nə siyasi, nə iqtisadi, nə nəqliyyat, nə də başqa, - həyata keçirilə bilməz. Ona görə bu, bizim ölkəmizi möhkəmləndirir.

Bir tərəfdən, Azərbaycanın daxilində gedən müsbət proseslər, iqtisadi artım, sosial məsələlərin həlli, regionların sosial-iqtisadi inkişaf proqramı – bütün bunlar Azərbaycanın iqtisadiyyatını möhkəmləndirir və bunun nəticəsində ölkə iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə artır. Azərbaycan bu göstəriciyə görə bu gün dünyada lider dövlətdir. Digər tərəfdən, bizim xaricdəki mövqelərimiz, beynəlxalq təşkilatlarda, ikitərəfli müstəvidə olan fəaliyyətimiz, əlbəttə ki, ölkəmizi daha da möhkəmləndirir, müəyyən risklərdən qoruyur. Bu da çox önəmlidir. Çünki dünyada gedən prosesləri biz hamımız izləyirik və görürük. Həm bölgədə, həm də başqa yerlərdə çox xoşagəlməz hadisələr baş verir. İnsanların təhlükəsizliyinə təsir göstərən proseslər gedir. Azərbaycanda bunların heç biri yoxdur. Biz ölkəmizi qorumalıyıq.

Bizim xarici siyasətimiz o cümlədən bu məqsədi güdməlidir və güdür. Azərbaycanda mümkün olan risklərin maksimum dərəcədə azaldılması xarici siyasət istiqamətində bizim əsas vəzifələrimizdən biridir. Görürsünüz ki, Azərbaycanda həm daxili vəziyyət, həm də ictimai-siyasi vəziyyət çox sabitdir, sosial vəziyyət yaxşılaşır və mümkün olan risklər minimum səviyyədədir. Bu, çox vacib məsələdir.

Əlbəttə, xaricdə Azərbaycanı təmsil edən insanlar həmişə bunu bilməli və öz fəaliyyətində unutmamalıdırlar. Bizim məqsədimiz ölkəmizi hərtərəfli inkişaf etdirmək, Azərbaycanı zəngin dövlətə çevirməkdir. Daxildə gedən proseslər, bizim bütün iqtisadi proqramlarımız bunu tezliklə reallığa çevirəcəkdir. Çünki son iki il yarım ərzində Azərbaycanda iqtisadi artım, yeni iş yerlərinin açılması sürətlə gedir. Azərbaycanda son iki ildə 435 min yeni iş yeri açılmışdır. Azərbaycan miqyaslı hansı ölkədə biz bunu görürük? Bu, heç bir ölkədə yoxdur. Ona görə, bizim iqtisadi potensialımız artdıqca, əlbəttə, ölkə də zənginləşir.

Bununla bərabər, xarici siyasətin uğurlu olması və daxili siyasətlə uzlaşması, şübhəsiz ki, ölkəmizi hərtərəfli inkişaf etdirəcək, çox güclü regional dövlətə çevirəcəkdir. Beləliklə, Azərbaycan daha da sürətlə inkişaf edəcəkdir. Ona görə bütün bu məsələlər bir-biri ilə çox bağlıdır. Bir daha demək istəyirəm ki, bu müşavirənin keçirilməsi bu məqsədi güdür. Çünki xaricdə Azərbaycanı təmsil edən diplomatlar daxili vəziyyəti ilk mənbədən, birinci əldən bilməlidirlər. Bu baxımdan indiki müşavirənin önəmi, əlbəttə, çox böyükdür.

Bir daha demək istəyirəm ki, bütövlükdə, bizim xarici siyasətimiz çox uğurludur. Bunu biz özümüz də bilirik, tərəfdaşlarımız da bilirlər. Bəzən sual da verilir, necə olur ki, Azərbaycan bütün ölkələrlə ən yüksək səviyyədə münasibətlər qurub, ancaq heç bir güzəştə getmir? Adətən, yenə də deyirəm, böyük olmayan ölkələr nəyisə güzəştə verib, hansısa imtiyazlar əldə edirlər, yaxud da, hansısa xüsusi münasibətlərə meyilli olurlar. Azərbaycanın mövqeyi həmişə birmənalı olubdur. Biz öz milli maraqlarımızı heç kimə güzəştə getmərik. Azərbaycanın milli maraqları birinci məsələdir. Ancaq bizim təcrübəmiz, siyasətimiz onu göstərir ki, milli maraqların tam şəkildə müdafiə olunması ilə bərabər, bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlığın yaradılması mümkündür. Azərbaycanın timsalında biz bunu görürük.

Mən bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm, biz imkan verməyəcəyik ki, Azərbaycan rəqabət meydanına çevrilsin və buna imkan vermirik. Artıq bu, reallıqdır və hamı bu reallıqla barışır. Əksinə, Azərbaycan əməkdaşlıq meydanıdır. Bizim imkanlarımız, potensialımız, dünyaya açıq olmağımız, əlbəttə, tərəfdaşlarımız üçün də yeni imkanlar yaradır. Biz bundan səmərəli istifadə etməliyik. Biz Azərbaycana xarici sərmayələri daha da geniş şəkildə cəlb etməliyik və cəlb edirik də. Adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan bölgədə birinci dövlətdir. Bu, onu göstərir ki, Azərbaycanda çox gözəl sərmayə mühiti var. Qanunvericilik imkan verir ki, investorlar Azərbaycana inamla işləməyə gəlsinlər. Digər tərəfdən, bu, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirən amillərdən biridir. Xüsusilə ilk illərdə, müstəqilliyimizin ilk illərində. Bu gün də vacibdir, baxmayaraq ki, indi bizim öz imkanlarımız artır və Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərir.

Bir sözlə, mən gələcəkdə Azərbaycan üçün hər hansı bir ciddi problem, yaxud da ki, təhlükə görmürəm. Düzdür, dünyada gedən proseslər dəyişir, dünya dəyişir və heç kim özünü heç nədən sığortalı hesab edə bilməz. Amma əgər bugünkü günü götürsək, biz görərik ki, Azərbaycanın qarşısında çox gözəl perspektivlər var və bu perspektivlərdən çox səmərəli şəkildə istifadə etməliyik.

Bizim nadir şansımız var, bundan maksimum dərəcədə istifadə etməliyik. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin işə düşməsi, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi, ondan sonra digər önəmli layihələrin həyata keçirilməsi, o cümlədən Qars-Tbilisi-Bakı dəmir yolunun tikintisi, əlbəttə ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən edir və bundan sonra uzun illər ərzində, on illiklər ərzində Azərbaycanın iqtisadi potensialını gücləndirən amillərdir. Biz bu gözəl imkanlardan çox səmərəli istifadə etməliyik. Bir tərəfdən, Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkədir. Bilirsiniz ki, keçmişdə də qonşularla və MDB-nin digər ölkələri ilə müqayisədə ən az xarici yardım alan ölkə həmişə Azərbaycan olubdur. Buna baxmayaraq, bütün bu çətinliklərə baxmayaraq, biz öz ölkəmizi inkişaf etdirə bilmişik.

Bu gün isə iqtisadi inkişaf baxımından biz birinci ölkəyik. Bildiyiniz kimi, enerji təhlükəsizliyi məsələləri bu gün ön plana çıxıbdır. Azərbaycan da bu baxımdan özünü çox arxayın hiss edir. Ölkədə gedən digər proseslər, siyasi vəziyyət çox sabitdir. İqtidarla xalq arasında olan münasibətlər ən yüksək zirvədədir və bu, bizə əlavə imkanlar, əlavə güc verir. Məhz buna görə Azərbaycan bu gün müstəqil siyasət aparmaq iqtidarında olan bir ölkədir. Bir daha demək istəyirəm ki, müstəqillik təkcə dövlət atributları ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin, öz xalqının maraqlarını tam şəkildə müdafiə edə və dünyada olan öz mövqelərini möhkəmləndirə bilsin. Budur müstəqillik.

Azərbaycan bu gün müstəqil siyasət aparan ölkədir və bu, bizim üçün ən böyük dəyərdir, ən böyük nemətdir. Yəni bu sahədə də müsbət imkanlar var. Biz bu gözəl imkanlardan səmərəli istifadə etməliyik. Çünki Azərbaycanın artan önəmi, iqtisadi potensialı, uğurlu xarici siyasəti, böyük dövlətlərlə olan strateji tərəfdaşlığımız - bütün bunlar ölkəmiz üçün çox gözəl perspektivlər açır. Biz də bunlardan səmərəli istifadə edirik və edəcəyik. Bu sahədə səfirliklərin də çox böyük rolu var. Çünki Azərbaycan haqqında həqiqətləri dünya birliyinə çatdırmaq çox önəmlidir. Yenə deyirəm, hələ ki, dünya ictimaiyyəti bizi geniş şəkildə, olduğumuz qədər tanımır. Bunun müəyyən təbii səbəbləri var. Çünki biz gənc dövlətik.

Digər tərəfdən, Azərbaycan əleyhinə işləyən güclü erməni lobbi təşkilatları var. Hansı ki, gündəlik fəaliyyətində Azərbaycana qarşı yalan, böhtan kampaniyası aparırlar. Bu da reallıqdır. Ona görə bizim nümayəndəliklərimiz bu məsələdə çox fəal olmalıdırlar. İşlədikləri ölkələrin müxtəlif qurumları ilə, təkcə dövlət qurumları ilə yox, parlament üzvləri ilə, qeyri-hökumət təşkilatları ilə, mətbuatla, geniş şəkildə ictimaiyyətlə təmasda olmalıdırlar ki, Azərbaycan haqqında reallıqlar dünya birliyinə olduğu kimi çatdırılsın. Bu, bizi daha da möhkəmləndirəcəkdir.

 Bu barədə keçən dəfə mən öz tövsiyələrimi vermişdim. Bəzi ölkələrdə bu tövsiyələr yerinə yetirilibdir. Bəzi ölkələrdə, - mən indi ad çəkmək istəmirəm, - hələ ki, passivlik nümayiş etdirilir. Mən tələb edirəm ki, bütün səfirliklər bu praktikanı öz gündəlik fəaliyyətində tətbiq etsinlər və fəal olsunlar. Bizim artıq 46 ölkədə səfirliyimiz təsis edilibdir. Bəzi ölkələrdə hələ səfirlik yaranmayıb, onlarda da yaranacaqdır. Son iki il ərzində 21 ölkədə səfirlik təsis olunubdur. Biz bunu nə üçün edirik? Baxmayaraq ki, çox böyük maliyyə vəsaiti tələb edir, ona görə edirik ki, Azərbaycanı tanısınlar. Azərbaycan müxtəlif ölkələrdə öz mövqelərini möhkəmləndirə bilsin. Bizim imkanlarımız artsın və dünyada gedən proseslərdə Azərbaycanın rolu artsın. Bu istiqamətdə hələ böyük işlər görmək lazımdır.

Mən qeyd etdim ki, erməni lobbisi bizim əleyhimizə çox fəal kampaniya aparır və bunu hiss edirik, görürük. Bəzi hallarda müxtəlif xarici mətbuat orqanlarında Azərbaycana qarşı qərəzli məqalələrin arxasında da məhz erməni lobbisi dayanır. Biz bunu bilirik, öz mübarizəmizi aparmalıyıq və daha fəal olmalıyıq. Bu istiqamətdə öz siyasətimizi daha da güclü aparmalıyıq. Mən bir neçə dəfə demişəm, bir də demək istəyirəm, biz informasiya hücumuna keçməliyik. Biz Ermənistanın işğalçı siyasətini ifşa etməliyik. Çünki reallıq da bundan ibarətdir. Ermənistan Azərbaycan torpaqlarını zəbt edibdir və Ermənistanın təcavüzkar, etnik təmizləmə siyasəti nəticəsində bizim 1 milyondan çox soydaşımız qaçqın, köçkün vəziyyətinə düşübdür. Amma erməni lobbisi tərəfindən aparılan təbliğat bəzi ölkələrdə tam fərqli bir mənzərə yaradıbdır. Baxmayaraq ki, bir ölkə kimi Ermənistanın diplomatik imkanları çox məhduddur. Baxmayaraq ki, ölkə öz iqtisadi potensialına görə, əlbəttə, bizdən çox geridədir və imkanı yoxdur ki, müxtəlif ölkələrdə səfirliklər açsın. Amma erməni lobbisi onların, elə bil ki, səfirlikləridir və onlar bir nöqtəyə vururlar. Onların bir hədəfi var, o da Azərbaycandır. Biz bu sahədə çox ciddi işlər aparmalıyıq və aparırıq.

O ki qaldı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə, bilirsiniz ki, danışıqlar Praqa prosesi çərçivəsində aparılmışdır. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Biz hesab edirik ki, bu məsələ, bu münaqişə yalnız mərhələli yollarla öz həllini tapa bilər və Praqa prosesi, əslində, məsələnin mərhələli həlli deməkdir. Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunmalıdır. Qaçqınlar, köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın statusu məsələsi müzakirə oluna bilər. Status müzakirə ediləndə, əlbəttə ki, ilk növbədə, beynəlxalq hüquq normaları tətbiq olunmalı və dünyada mövcud olan müsbət praktika, təcrübə də tətbiq olunmalıdır. Bilirik ki, müxtəlif ölkələrdə milli azlıqlar var, muxtariyyətlər var. Milli azlıq olmaq hələ o demək deyil ki, separatizm yolu ilə ölkənin bir hissəsini ondan ayırıb hansısa müstəqil dövlət qurasan. Azərbaycan heç vaxt imkan verməyəcək ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın. Bu, bizim birmənalı mövqeyimizdir və istəyirəm ki, siz də bunu biləsiniz.

Ermənistan tərəfi danışıqların gedişatı zamanı təxribat xarakterli müxtəlif uydurmalar, bəzi fərziyyələr irəli sürür. Bu, onların arzuları ola bilər, amma reallığı əks etdirmir. Reallıq da tam başqadır. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Beynəlxalq hüquq normaları onu tələb edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Dağlıq Qarabağ həm tarixi, mədəni baxımdan, eyni zamanda, hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına Dağlıq Qarabağla birlikdə üzv olmuşdur. Azərbaycanın ərazi bütövlüyünü bütün ölkələr, o cümlədən Minsk qrupunun həmsədr ölkələri də tanıyırlar. Belə olan halda, Dağlıq Qarabağın Azərbaycandan hansı ayrılmasından söhbət gedə bilər?! Tamamilə mümkün olan məsələ deyildir.

Azərbaycanın mövqeləri günü-gündən möhkəmlənir. Bir də demək istəyirəm ki, hüquqi cəhətdən bizim mövqelərimiz sarsılmazdır. Ermənistanın mövqeyi çox zəifdir. Yəni, deyirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyin etməlidirlər. Belə olan halda, başqa ölkələrdə də ermənilər var. Mən bunu həmişə demişəm, onlar başqa ölkələrdə də öz müqəddəratlarını təyin edəcəklər?! Amerikada, Los-Ancelesdə erməni dövləti yaradacaqlar? Yoxsa, Fransada, Marseldə, yoxsa Krasnodar vilayətində, yoxsa Gürcüstanda? Əgər onlar bu məntiqlə yanaşırlarsa, dünyada neçə erməni dövləti yaranacaqdır?! Bu, mümkün olan şey deyil. Nə üçün burada Azərbaycan istisna olmalıdır? Nə üçün ikinci erməni dövləti məhz Azərbaycan ərazisində yaradılmalıdır? Hansı məntiqdən söhbət gedir? Mən bütün başqa məsələləri kənara qoyuram. Biz buna heç vaxt imkan verməyəcəyik və bir daha bunu bəyan edirəm. Amma, sadəcə, məntiqdən söhbət gedir. Ona görə onların hüquqi mövqeləri çox zəifdir.

Gəlin, tarixi götürək. Tarixi baxımdan da Qarabağ həmişə Azərbaycan torpağı olubdur, bizim torpağımızdır. Yəqin, onu da yaxşı bilirsiniz ki, İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır.

Gəlin, iqtisadi cəhətdən baxaq. Bu gün Azərbaycanı və Ermənistanı müqayisə etmək mümkün deyil. Bizim iqtisadiyyatımız bu gün Ermənistan iqtisadiyyatından beş-altı dəfə böyükdür. Nəzərə alsaq ki, bizim əsas layihələrimiz indi başlanğıc mərhələsindədir, gəlin, bir az uzağa baxaq. Gəlin, üç il, beş il irəliyə baxaq ki, nə olacaq? Ermənistan Azərbaycanla rəqabət apara biləcəkmi? Yox! Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər də faydalı olar. Əgər onlar Azərbaycanın indiki təkliflərinə razı olmasalar, Azərbaycanın ondan sonrakı təklifləri daha da sərt olacaqdır. Onu da yaddan çıxartmamalıdırlar. Ona görə, bütün istiqamətlərdə üstünlük bizim tərəfimizdədir.

Yenə də demək istəyirəm ki, siyasi proseslər baxımından Azərbaycan tam şəkildə müstəqil siyasət aparmaq iqtidarında olan bir ölkədir və bunu edir. Bununla bərabər, dünyanın aparıcı ölkələri ilə çox səmimi, işgüzar münasibətlər qura bilibdir. Bu münasibətlər bərabərlik prinsipi, qarşılıqlı hörmət əsasında, daxili işlərə qarışmamaq şərti ilə qurulubdur.

Azərbaycanın torpaqlarını zəbt edən və daim narahatlıq hissləri keçirən Ermənistan, istər-istəməz, özünə haradasa sığınacaq, hami axtarır. Belə olan halda, təbii ki, ölkənin müstəqil siyasət aparmaq gücü tükənir. Nəzərə alsaq ki, iqtisadi cəhətdən, coğrafi vəziyyətdən, dünya üçün önəmi baxımından Azərbaycanla müqayisə edilməz səviyyədədir, əlbəttə ki, bu münaqişənin həll olunmaması nəticəsində Ermənistanın gələcəyi çətin olacaqdır.

Bildiyiniz kimi, son illər ərzində ordu quruculuğuna böyük diqqət göstərilir. Bu da təbiidir. Birinci növbədə ona görə ki, Azərbaycanın bütövlükdə büdcəsi artır. Son üç il ərzində Azərbaycanın büdcəsi dörd dəfə artmışdır, yenə də artacaq, gələn il daha da artacaqdır. Təbii ki, bununla bərabər, bütün başqa xərclər artdıqca, hərbi xərclər də artır. Bu, məsələnin bir tərəfidir. Yəni, burada heç bir fövqəladə məsələ yoxdur. Bəzi hallarda müəyyən xarici dairələrdə belə bir fikir yaranır ki, Azərbaycanın hərbi xərcləri artır, bu, regionda təhlükə yarada bilər. Biz ancaq hərbi xərcləri artırsaydıq, deyə bilərdik ki, bəli, məntiq var. Amma bütün xərclər artır, o cümlədən hərbi xərclər. Amma bununla bərabər, Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Atəşkəs rejiminin mövcud olması o demək deyil ki, müharibə qurtarıbdır. Müharibə qurtarmayıbdır. Müharibənin birinci dövrü müvəqqəti olaraq dayandırılıb, atəşkəs rejimi yaranıbdır. Amma o demək deyil ki, müharibə qurtarıbdır. Biz müharibə şəraitində yaşayan, torpaqlarımız işğal altında olan ölkəyik. Belə olan halda, müdafiə xərclərinin artması zəruridir. Bu, bu gün də var, sabah da olacaq və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Bir sözlə, mən bir daha demək istəyirəm ki, biz sülh danışıqlarına sadiqik. Biz hesab edirik ki, Praqa prosesi çox müsbət bir çərçivədir və Azərbaycan bu çərçivədə razılaşmanın əldə olunmasında maraqlıdır və buna hazırdır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi imkan vermir ki, Praqa prosesinin əsas müddəaları həyata keçsin. Ancaq biz hələ ki, ümidlərimizi üzməmişik. Hələ ümidlərimiz var ki, bu məsələ danışıqlar yolu ilə həll oluna bilər. Amma bunu həll etmək üçün birinci növbədə, Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Digər tərəfdən, bu məsələ ilə məşğul olan vasitəçilər də daha da fəal olmalıdırlar. Ermənistanla Azərbaycanı bir müstəviyə qoymaq olmaz. Biz zərərçəkən ölkəyik. Nəyimiz var ki, biz onu Ermənistana güzəştə gedək? Biz onların torpağını zəbt etməmişik ki, onu qaytaraq. Ona görə gərək bu yanaşmaya düzəliş edilsin. Burada açıq-aydın göstərilməlidir ki, müharibənin təşəbbüskarı kim olub və zərərçəkən tərəf kim olubdur.

Hesab edirəm ki, mən bu barədə fikirlərimi kifayət qədər sizə çatdırdım. Bir də demək istəyirəm ki, Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapa bilər. Siz də çalışdığınız ölkələrdə bu məsələni gündəliyin birinci məsələsi kimi həmişə nəzərdə saxlamalısınız.

Mən bilirəm ki, bu, belədir. Bilirəm ki, Xarici İşlər Nazirliyi tərəfindən təlimatlar verilibdir. Səfirlərin özləri də bu məsələdə çox fəaldırlar. Bizim bu məsələdən başqa ciddi problemimiz yoxdur və gələcəkdə də olmayacaqdır. Bu məsələ Azərbaycanın inkişafına da mənfi təsir göstərir. Baxmayaraq ki, bu gün iqtisadi inkişaf sürətinə, siyasi proseslərin müsbət olmasına görə iqtisadi potensialın artması onsuz da gedir. Ancaq təsəvvür edin, əgər bu məsələ öz həllini taparsa, Azərbaycan nə qədər daha da sürətlə irəliyə gedəcəkdir. Nə qədər yeni imkanlar yaranacaq, nə qədər xarici investorlar daha da inamla Azərbaycanla işləyəcəklər. Ona görə bu məsələdə hamımız çox fəal olmalıyıq. Təkcə səfirlər, yaxud da səfirliklərin işçiləri deyil, bütün ictimaiyyət, bütün Azərbaycan xalqı. Bu, ümummilli məsələdir. Ümummilli məsələdə hamı birləşməlidir və hamı bir nöqtəyə vurmalıdır.

Bir məsələyə də diqqət yetirmək istərdim. Mən qeyd etdim ki, həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlarla olan münasibətlərdə bizim işlərimiz yaxşı gedir. İstərdim, siz bir sahəni də həmişə yadda saxlayasınız. Qeyri-hökumət təşkilatları ilə münasibətlər səfirliklər tərəfindən qurulmalıdır. Çünki qeyri-hökumət təşkilatları da dünyada gedən proseslərin bir hissəsidir. Bəzi hallarda, xüsusilə Azərbaycanın timsalında qeyri-hökumət təşkilatları çox siyasiləşibdir. Ona görə onların bir çoxunu heç qeyri-hökumət təşkilatı adlandırmaq mümkün deyildir. Beynəlxalq qeyri-hökumət təşkilatlarının bəzilərinin qərəzli, ədalətsiz mövqeyi də göz qabağındadır. Yəqin ki, onların yaranma prinsipi məhz bu məqsədi güdür.

Çünki bizi tənqid edən qeyri-hökumət təşkilatları, eyni zamanda, dünyanın ən inkişaf etmiş ölkələrini, o cümlədən demokratik inkişaf baxımından ən öndə gedən ölkələri də tənqid edirlər. Yəqin ki, bu, onların iş üslubudur. Amma buna baxmayaraq, Azərbaycanın həqiqətləri onlara da çatdırılmalıdır və onlar da bunu bilməlidir. Düzdür, müəyyən hallarda bəzi təşkilatların mövqeyi çox qərəzlidir. Bəlkə də, onlarla işləməyə heç vaxt sərf etməyə dəyməz. Ancaq görəndə ki, sadəcə olaraq, hansısa yanlış məlumat əsasında, yaxud da Azərbaycan müxalifətindən gələn hansısa yalan üzərində bir rəy formalaşıb, əlbəttə ki, buna operativ reaksiya verilməlidir və izahat işləri aparılmalıdır.

Təəssüflər olsun ki, dünyada Azərbaycana qarşı işləyən erməni lobbisi ilə bərabər, Azərbaycanda özünü müxalifət adlandıran qüvvələr də var. Onların maraqları da, mübarizə taktikası da üst-üstə düşür. Ancaq nəticə də təxminən eynidir. Bizə nə erməni lobbisi maneçilik yarada bildi, nə də ki, Azərbaycanın daxilində özünü müxalifət adlandıran bir qrup insanlar Azərbaycanın siyasətinə və ölkədə gedən proseslərə hansısa bir təsir edə bilməz. Azərbaycan çox inamla irəliləyən bir ölkədir. Artıq bunu hamı etiraf edir. Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Xüsusilə son parlament seçkilərindən sonra, - hesab edirəm ki, bu da bir dönüş nöqtəsi idi, - artıq bir çox təşkilatlar, o cümlədən xarici təşkilatlar tərəfindən, necə deyərlər, belə bir fikir açıq-aydın qəbul olunur ki, Azərbaycanın müstəqil siyasəti var, bu siyasət xalq tərəfindən dəstəklənir və belə olan halda, bu siyasətlə hesablaşmaq, barışmaq lazımdır. Kiminsə xoşuna gəlməyə bilər, bu da təbiidir. Çünki Azərbaycan indi çox cəlbedici ölkəyə çevrilir. Burada maraqlar toqquşa bilər. Mən əvvəldə dedim ki, biz imkan verməməliyik ki, bu, Azərbaycanda baş versin.

Azərbaycanın təbii sərvətləri, coğrafi vəziyyəti, artan önəmi, siyasi potensialı, əlbəttə ki, onu çox cazibədar ölkəyə çevirir. Bunun nəticəsində ona maraqlar artır. Maraqları təmin etmək üçün təzyiqlər artır. Bu, təbiidir, biz bunu bilməliyik. Bilməliyik ki, bəzi hallarda bizə qarşı olan təzyiq cəhdləri haradan qaynaqlanır. Ancaq Azərbaycan da öz siyasətini inamla aparır. Hamı gördü ki, bizimlə təzyiq yolu ilə danışmaq olmaz. Əməkdaşlıq, qarşılıqlı faydalı əlaqələr, sağlam tənqid, - xüsusilə beynəlxalq təşkilatlar tərəfindən, - olmalıdır. Çünki biz ancaq beynəlxalq təşkilatlar tərəfindən olan tənqidi qəbul edə bilərik. Biz heç bir ölkənin qarşısında öhdəlik götürməmişik ki, kiminsə tənqidinə məruz qalaq, yaxud, kiminsə sifarişini yerinə yetirək. Biz bəzi beynəlxalq təşkilatların üzvüyük, orada bizim öhdəliyimiz var. Biz onu yerinə yetiririk. Bəzi hallarda yubanma olur. Əlbəttə, Azərbaycan cəmiyyəti hələlik kamil sistem deyil, amma biz bu yolla gedirik. Biz sağlam tənqidə həmişə çox düzgün reaksiya vermişik. Qərəzli hücumlara heç vaxt baş əyməmişik, əyməyəcəyik də. Bizə təzyiq etmək istəyən qüvvələr, şəxslər artıq bunu görüblər. Əminəm ki, bundan sonra belə cəhdlərin təkrarlanması baş verməyəcəkdir. Hər halda, bunun uğursuz olması bir daha göstərir ki, Azərbaycanla yalnız və yalnız əməkdaşlıq dili ilə rəftar etmək olar.

Biz əhali baxımından, ərazi baxımından kiçik dövlətik, amma ləyaqətli dövlətik. Bir daha demək istəyirəm ki, heç kimin qarşısında gözümüz kölgəli deyildir. Biz Azərbaycan xalqının dəstəyinə arxalanırıq və bu dəstək Prezident kimi mənə xarici siyasəti müstəqil şəkildə aparmaq üçün əlavə güc verir. Mən məhz buna arxalanıb müstəqil siyasət aparıram. Bir də demək istəyirəm ki, bu siyasət heç kimin əleyhinə deyildir. Bu siyasət Azərbaycan xalqının lehinədir, marağınadır. Siz də öz fəaliyyətinizdə bu prinsipləri rəhbər tutmalısınız. Sizinlə təmasda olan bütün orqanlarla işgüzar münasibətlər, qarşılıqlı hörmətə əsaslanan münasibətlər olmalıdır. Ancaq eyni zamanda, Azərbaycanın maraqları birinci yerdə olmalıdır.

Mən əminəm ki, gələcək illərdə Azərbaycanın dünyadakı rolu daha da artacaqdır. Çünki bir də demək istəyirəm ki, biz işin yalnız birinci mərhələsindəyik. Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə işləyəndən sonra, Azərbaycan qazı xarici ölkələrə çıxandan sonra, digər infrastruktur layihələri reallaşandan, dəmir yollarının, nəqliyyat dəhlizlərinin fəaliyyətə başlamasından sonra, əlbəttə, Azərbaycan çox önəmli ölkəyə çevriləcəkdir. Nəzərə alsaq ki, Azərbaycan dünyəvi, çox tolerant dövlətdir, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan demokratiya yolunu seçibdir. Bizim demokratiyaya sadiqliyimiz təkcə sözdə deyil, əməllərimizdədir. Biz bunu nümayiş etdiririk, ona görə yox ki, kiminsə xoşuna gələk. Ona görə ki, bu, bizim ölkəmizə lazımdır. Siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılmalıdır. Əgər ancaq siyasi islahatlar aparılacaqsa və onun iqtisadi bazası olmasa, heç vaxt uğur qazanmaq mümkün olmayacaqdır. Biz bunu keçmişdə də görmüşük, başqa ölkələrdə də. Ancaq iqtisadi məsələlərə üstünlük verib siyasi islahatları kənarda qoymaq, sadəcə olaraq, hansısa müvəqqəti nailiyyətlərə gətirib çıxara bilər. Müvəqqəti ola bilər, ancaq uzunmüddətli iqtisadi strategiyamıza xələl gətirə bilər. Ona görə Azərbaycanda demokratik və iqtisadi islahatlar paralel şəkildə aparılır və bu, ölkəmizin hərtərəfli inkişafı üçün çox önəmli amildir.

Bir sözlə, bu sahədə də ölkəmiz inkişaf edir. Yəni biz bütün cəhətlərdə görürük ki, Azərbaycanın inkişafı, güclü dövlətə çevrilməsi artıq reallıqdır. Biz çalışmalıyıq ki, bunu daha da sürətlə həyata keçirək, öz maraqlarımızı tam şəkildə müdafiə edək. Elə edək ki, Azərbaycanın xarici siyasəti Azərbaycanı qorusun, Azərbaycanın qarşısında, elə bil, qalxan kimi dayansın ki, ölkəmiz inkişaf etsin. Ölkə öz istəyinə nail olsun və insanlar daha da yaxşı yaşasınlar. Budur siyasətimizin əsas istiqamətləri. Mən ümid edirəm ki, siz öz gündəlik fəaliyyətinizdə bu işləri əməli şəkildə icra edəcəksiniz və çalışdığınız ölkələrdə Azərbaycanı bundan sonra da ləyaqətlə təmsil edəcəksiniz. Sağ olun.

        (Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı).

 

AZƏRBAYCAN RESPUBLİKASININ DİPLOMATİK XİDMƏT ORQANLARI RƏHBƏRLƏRİNİN İKİNCİ MÜŞAVİRƏSİNDƏ XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROVUN ÇIXIŞI

Bakı, 14 avqust 2006-cı il


– Möhtərəm cənab Prezident,

Hörmətli müşavirə iştirakçıları,

Artıq mütəmadi xarakter almış Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirələri görülən işlərə qiymət vermək, fəaliyyətimizin daha keyfiyyətli təşkilini təmin etmək, müvafiq dövlət qurumları ilə mövcud əlaqələrin səviyyəsini yüksəltmək nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidirlər.

Möhtərəm cənab Prezident,

Birinci müşavirədə Sizin göstərişlərinizin diplomatik xidmət orqanları tərəfindən yerinə yetirilməsinə xüsusi əhəmiyyət verilmiş, müşavirədə səslənmiş təklif və fikirlər ciddi təhlil olunmuş, fəaliyyətimizin planlaşdırılması və praktiki işimizdə nəzərə alınmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həlli məsələsi hesabat dövründə də diplomatik xidmət orqanlarının işinin ən başlıca istiqaməti olaraq qalmışdır.

Azərbaycanın işğal olunmuş bütün ərazilərinin azad edilməsinin zəruriliyinə, didərgin salınmış əhalinin doğma yerlərinə qayıtmasına və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasına əsaslanan strategiya Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ardıcıl surətdə həyata keçirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların diqqətində qalmaqda davam etmişdir. Belə ki, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul edilmiş qətnamədə Azərbaycan ərazilərinin işğal edilməsi və orada etnik təmizləmə aparılması faktı öz təsdiqini tapmışdır. İslam Konfransı Təşkilatının 3-cü fövqəladə zirvə görüşü və xarici işlər nazirlərinin 32-ci və 33-cü konfransları zamanı təşkilata üzv olan dövlətlər Ermənistanın davam edən təcavüzünü pisləyərək, ölkəmizlə həmrəy olduqlarını bir daha təsdiqləmişlər.

Hesabat dövründə xarici siyasətimizin prioritetlərindən biri olan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq üzrə fəaliyyətimiz davam etdirilib.

BMT çərçivəsində səylərimizin daha da artırılması öz bəhrəsini verməyə başlamışdır. Belə ki, Azərbaycan yeni yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının tərkibinə cari ildə keçirilən ilk seçkilərdə bu nüfuzlu qurumun üzvü seçilmişdir.

Ötən dövr ərzində Azərbaycan terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və digər növ təhlükəli cinayətlərə qarşı BMT və Avro-Atlantika tərəfdaşlığı çərçivəsində beynəlxalq mübarizədə iştirakını davam etdirmişdir.

Hazırda uğurla həyata keçirilən Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı Azərbaycanın NATO ilə inteqrasiya əlaqələrinin inkişafı prosesində mühüm amilə çevrilmişdir.

Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının işlənib hazırlanması Avropa İttifaqı ilə tərəfdaşlığımızın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Keçirilmiş danışıqlar nəticəsində Fəaliyyət Planının razılaşdırılması artıq son mərhələyə çatmışdır.

ATƏT ilə əməkdaşlıq ardıcıl surətdə davam etdirilmiş, hərbi-siyasi, iqtisadi-ekoloji və insan ölçüləri üzrə ATƏT-lə ölkəmiz arasında sıx əlaqələrin təmin olunması istiqamətində iş aparılmışdır.

Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində fəaliyyətini daim diqqət mərkəzində saxlayır. İKT-nın Bakıda keçirilmiş xarici işlər nazirlərinin 33-cü konfransından sonra Azərbaycan öz sədrliyi çərçivəsində artıq işə başlayıb, öz İKT həmkarları ilə məsləhətləşmələr aparır və sıx əlaqələr qurur. Azərbaycan Livanda baş verən son hadisələr ilə bağlı BMT və İKT çərçivəsində fəal səylər göstərmişdir.

Azərbaycan ilə YUNESKO arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksələrək ölkəmizin humanitar siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Ölkəmiz YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilmiş, bir sıra tarixi və mədəni abidələrimizin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində məqsədyönlü iş aparılır.

Bu il keçirilmiş zirvə görüşündə beynəlxalq regional təşkilat statusuna malik olmuş GUAM-ın üzv dövlətləri arasında onların ərazilərində mövcud münaqişələrin həlli ilə bağlı yekdil mövqeyin formalaşdırılması, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin təmin edilməsi sahələrdə əməkdaşlıq inkişaf edir.

Hesabat dövründə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünə dair danışıqlar davam etdirilmiş, İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə və nazirlər görüşləri, eləcə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər iqtisadi yönümlü beynəlxalq təşkilatların mühüm tədbirləri təşkil edilmişdir.

İkitərəfli münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi XİN-in daim diqqət mərkəzində saxlanılmışdır.

Dövlət və hökumət başçıları, parlamentlərin və xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilmiş, birgə hökumətlərarası komissiyaların və işçi qrupların iclasları təşkil olunmuş və dövlətlərarası müqavilə-hüquq bazasının genişləndirilməsi prosesi davam etdirilmişdir. Hesabat dövründə Azərbaycanın 39 beynəlxalq konvensiyaya qoşulması təmin edilmiş, ölkəmizin digər dövlətlərlə müxtəlif sahələri əhatə edən 300 müqavilənin hazırlanması və imzalanması təşkil edilmişdir.

Son iki il ərzində Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı daha da möhkəmlənmiş və genişlənmişdir. Azərbaycan Respublikasının Prezidentinin ABŞ-a 2006-cı ildəki səfəri ölkələrimizin münasibətlərində yeni səhifə açmış və əlaqələrimizin inkişafına təkan vermişdir.

Rusiya ilə Azərbaycan arasında olan strateji tərəfdaşlıq münasibətləri üçün yüksək səviyyədə intensiv dialoq, ticarət-iqtisadi əlaqələrin artan templə inkişafı, humanitar və başqa sahələrdə aktiv qarşılıqlı əməkdaşlıq səciyyəvidir.

Türkiyə Azərbaycanın ən etibarlı strateji tərəfdarı olaraq, qlobal enerji-nəqliyyat layihələri, dünya siyasətinin və iqtisadiyyatının aktual məsələlər üzrə ölkəmiz ilə eyni mövqedən çıxış edir.

Son iki ildə ölkəmiz ilə Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Latviya, Litva, Macarıstan, Polşa və Rumıniya arasında iqtisadi əməkdaşlıq və siyasi dialoq intensiv şəkildə inkişaf etməkdədir.

Azərbaycanın İran ilə də əlaqələri inkişaf etmişdir. İki ölkənin prezidentləri səviyyəsində keçirilmiş səfərlərin nəticəsində ölkələrimiz arasında olan münasibətlər yeni mərhələyə qaldırılmış, ikitərəfli əlaqələrimizin inkişafına təkan verilmişdir.

Çin, Yaponiya və Cənubi Koreya ilə siyasi, iqtisadi, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Bir sıra yüksək səviyyəli səfərlər təşkil olunub, çoxsaylı sənədlər imzalanmışdır.

Azərbaycan ilə Səudiyyə Ərəbistan, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar və Oman arasında əlaqələr inkişaf olmaqda qalır, bir çox sahələrdə fəal dialoq mövcuddur.

İndoneziya, Pakistan, Malayziya və Bruney ilə əlaqələr genişlənir, onların inkişafı istiqamətində konkret addımlar atılmışdır.

Mərkəzi Asiya ölkələri ilə olan ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz Azərbaycan Prezidentinin 2004-cü ildə Qazaxıstana, 2005-ci ildə isə Özbəkistana rəsmi səfərləri zamanı bir daha nümayiş olunmuşdur.

Azərbaycan ilə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlara malik olan Latın Amerika bölgəsi arasında əlaqələr ötən müddət ərzində genişlənmiş, təkmilləşdirilən müqavilə-hüquq baza münasibətlərin inkişafına əlverişli şərait yaratmışdır.

Xarici siyasətin əsas istiqamətlərindən olan iqtisadi meyar üzrə XİN-in davamlı fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi potensialını və işgüzar mühitini, azad biznesin inkişafı üçün yaradılmış münbit şəraiti tərənnüm edən investisiya və biznes forumlar, habelə xarici ölkələrin hökumət və özəl sektorunun nümayəndələrinin ölkəmizə səfərləri təşkil edilmişdir.

Ötən dövr ərzində insan hüquqları və demokratikləşmə sahələrində XİN-in fəaliyyəti davam etdirilmişdir. Belə ki, keçən il ölkəmizdə keçirilmiş parlament seçkiləri ilə bağlı XİN-in apardığı məqsədyönlü fəaliyyət nəticəsində seçkilər haqda düzgün və obyektiv məlumat beynəlxalq ictimaiyyətə çatdırılmışdır.

Xarici İşlər Nazirliyi mətbuat, informasiya və təbliğat sahəsində də bir sıra irəliləyişlərə nail olmuşdur. Yüksək səviyyəli xarici qonaqların ölkəmizə səfərləri və keçirilmiş görüşlər barədə mütəmadi olaraq mətbuat konfransları və brifinqlər təşkil edilir, bu görüşlər mətbuatda işıqlandırılır, müxtəlif ölkədaxili, regional və beynəlxalq məsələlərə dair XİN-in mövqeyi press-relizlərdə əks etdirilir. Diplomatik nümayəndəliklərimiz mütəmadi olaraq XİN tərəfindən təmin edildiyi təbliğat materialları və ölkəmiz haqqında məlumatı xaricdə yayırlar. Bir sıra xarici kütləvi informasiya vasitələrində, jurnal və qəzetlərində Azərbaycan haqda məlumatlar öz əksini tapmış, televiziya kanallarında ölkəmizə dair verilişlər nümayiş etdirilmişdir.

Konsulluq-hüquq məsələləri Xarici İşlər Nazirliyinin işinin mühüm tərkib hissəsini təşkil edir. Hesabat dövründə bir sıra ölkələrlə müvafiq sənədlər imzalanmış, bir çox saziş layihələri Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bəzi Qanunlara və Konsulluq Nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanıb. 2005-ci ildə konsulluq əməliyyatlarına görə 5,172,840 ABŞ dolları, cari ilin birinci yarısında isə 2,500,000 ABŞ dollardan artıq məbləğində rüsum tutularaq, dövlət büdcəsinə köçürülüb.

       
Möhtərəm cənab Prezident,

Ölkəmizin beynəlxalq əlaqələr sistemində tutduğu yerini nümayiş etdirmək üçün qeyd etmək istərdim ki, bu günə olan vəziyyətə görə 160 ölkə Azərbaycan Respublikası ilə diplomatik əlaqə qurmuşdur. Azərbaycanda Bakıda iqamətgahı olan 30 səfirlik, 2 baş konsulluq, beynəlxalq təşkilatların 12 nümayəndəliyi, 7 fəxri konsulluq fəaliyyət göstərir. İqamətgahları digər şəhərlərdə olan 43 diplomatik nümayəndəliyin rəhbərləri də Azərbaycanda akkreditə olunub.

Hal-hazırda, Azərbaycanın xaricdə 49 diplomatik nümayəndəliyi və konsulluğu fəaliyyət göstərir, o cümlədən 37 səfirliyi, beynəlxalq təşkilatlar yanında 4 nümayəndəliyi, 5 baş konsulluğu, 1 konsulluğu, 2 fəxri konsulluğu. Onlardan 20-si 2004–2006-cı illərdə fəaliyyətə başlayıb. Hazırda Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında 278 diplomat çalışır.

Normativ-hüquq bazanın təkmilləşdirilməsi məqsədilə səfirliklər və daimi nümayəndəliklər haqqında əsasnamələr, XİN-ə işə qəbul qaydaları təsdiq edilmiş, konsulluqlar haqqında əsasnamə, diplomatik xidmət işçilərinin attestasiya qaydaları və diplomatik nümayəndəliklərin maliyyə təminatı qaydaları üzrə iş yekun mərhələsindədir. “Diplomatik xidmət haqqında” Qanunun və “Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin yeni variantları üzrə iş gedir. Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsində Xarici İşlər Nazirliyinin əlaqələndirici rolunun gücləndirilməsi haqqında Fərman layihəsi Azərbaycan Respublikası Prezidentinə təqdim edilib.

Diplomatik xidmət orqanlarının sisteminə rəhbərliyin və nəzarətin lazımi səviyyədə təşkili məqsədilə onların işinin uzunmüddətli planlaşdırılması və müvafiq hesabatların təqdim olunması təmin edilmişdir.

Diplomatik xidməti layiqli kadrlarla təmin etmək məqsədilə hesabat dövründə diplomatik xidmətə qəbul artıq iki dəfə müsabiqə əsasında keçirilmişdir. Mövcud kadrlarımızın peşəkarlığının artırılması məqsədilə Nazirlikdə təlim və ixtisasartırma kursları təşkil edilmişdir.

Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Ötən iki illik müddət ərzində Nazirliyin Kollegiyası və bir sıra yeni struktur bölmələri yaradılmış, Nazirliyin Diplomatik Akademiyası təsis edilmişdir. Belə ki, XİN-də 21 struktur bölmə (17 idarə, 4 şöbə) fəaliyyət göstərir.


Möhtərəm cənab Prezident,
       
Çıxışımın sonunda qeyd etmək istərdim ki, Azərbaycan diplomatik xidmət orqanlarının qarşısında həyata keçirilməsi zəruri hələ çox vəzifələr durur.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları Sizin tərəfinizdən onlara tapşırılan vəzifələrin yerinə yetirilməsində öz əməklərini əsirgəməyəcəklər.

 Diqqətinizə görə sağ olun.

növbəti xəbər əvvəlki xəbər