2008-02-06
Xarici İşlər Nazirinin müavini Vaqif Sadıqovun Azərbaycanlı Tələbələrin Fransa Forumunda çıxışı (Paris, 6-8 fevral 2008-ci il)

Hörmətli xanım moderator,
Hörmətli Fransa Senatının üzvləri,
Hörmətli cənab səfirlər,
Hörmətli Forum iştirakçıları,

İcazə verin Azərbaycanlı Tələbələrin Avropa Forumuna və onun Baş katibinə bu tədbirə dəvət olunmağıma görə öz minnətdarlığımı bildirim və Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Elmar Məmmədyarovun Forum iştirakçılarına göndərdiyi səmimi salamını burada ifadə edim. Bir çox Avropa ölkələrində təhsil alan və yaşayan azərbaycanlı gəncləri birləşdirən bu önəmli qurumun konfransında iştirak etmək mənim üçün böyük fərəhdir. Bu tədbirin gerçəkləşməsinə şərait yaratmış Fransa nümayəndələrinə də təşəkkürümü bildirmək istərdim. Ümidvaram ki, bu Forum Avropada yaşayan Azərbaycan gəncləri arasında daha sıx təmasların qurulmasına xidmət edəcək və ölkəmiz haqqında dolğun və dəqiq məlumatın Avropa məkanında yayılmasına kömək edəcək.

Hörmətli xanım moderator,

XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlində dünyada gedən iqtisadi proseslər sırasında regional iqtisadi əməkdaşlıq və iqtisadi inteqrasiya ən vacib və nəzərə çarpan yerləri tutur. İqtisadi əməkdaşlıq və iqtisadi inteqrasiya onun iştirakçısı olan ölkələrin daxil olduqları vahid iqtisadi məkanın sərhədlərini genişləndirməklə həmin ölkələrin iqtisadi və milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementlərini təşkil edirlər.  

Bu gün, mövcud olan uzunmüddətli münaqişələrə və onların yaratdığı siyasi, humanitar, iqtisadi və digər problemlərə baxmayaraq Cənubi Qafqaz bölgəsində də iqtisadi əməkdaşlıq və iqtisadi inteqrasiya tendensiyalarını müşahidə etmək olar. Genişlənmiş Avropanın bir hissəsi kimi Cənubi Qafqaz bölgəsində iqtisadi əməkdaşlıq və inteqrasiya prosesləri geniş imkanlara malikdir. Təbii ehtiyatlarla zənginlik və geostrateji mövqeyin yaratdığı əlverişli imkanlar bu regionu beynəlxalq siyasi və biznes dairələrinin diqqət mərkəzində saxlamaqdadır.

Əsasını enerji, ticarət, nəqliyyat və kommunikasiya sahələrindəki əməkdaşlıq təşkil edən bu proseslər iqtisadi tərəqqi və inkişaf üçün vacib rol oynamaqla regiona geniş kapital axınını təmin edirlər.
Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarlarına nəqli üzrə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas neft və qaz ixrac boru kəmərləri layihələrinin uğurla həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından bölgənin rolunun gücləndirilməsi və siyasi-iqtisadi çərçivədə Xəzər - Qara Dəniz bölgəsinin Avropa İttifaqına daha da yaxınlaşması ilə nəticələnmişdir. Qeyd edilən layihələr həmçinin onun iştirakçısı olan ölkələrdə iqtisadi artımı təmin etmiş, sabitliyə və əhalinin rifahının yaxşılaşdırılmasına şərait yaratmışdır.  

Regionda iqtisadi əməkdaşlığın uğurunun digər bir nümunəsi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən və hal-hazırda reallaşdırılma mərhələsində olan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası üzrə trans-regional nəqliyyat layihəsidir. Bu layihə Avropa və Asiya dəmiryolu şəbəkələrini birləşdirən ən qısa nəqliyyat dəhlizi olmaqla iştirakçı ölkələrin tranzit potensialının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

Digər irimiqyaslı regional layihələrdən danışaraq qeyd etmək istərdim ki, Azərbaycan və Gürcüstanın mərkəzi rol oynadıqları TRACECA dəhlizinin tranzit potensialı və bu dəhlizlə nəql olunan yüklərin həcmi də davamlı olaraq genişlənir. Bunun nəticəsində Mərkəzi Asiya mənşəli enerji ehtiyatları və digər mallar üçün tranzit ərazisi olan Cənubi Qafqaz bölgəsinin rolu artır. Əsas dünya bazarlarından uzaq olan və açıq dənizlərə çıxış baxımından təcrid olunmuş Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün bu kimi tranzit potensialı çox vacibdir. Bunu nəzərə alaraq, Azərbaycan açıq dənizlərə çıxışı olan tranzit ölkələrlə regionda tranzit nəqliyyat sisteminin səmərəliyinin artırılması üzrə fəal əməkdaşlıq edir.

Malların və xidmətlərin sərbəst hərəkəti, sərhəd keçmə proseduralarının asanlaşdırılması, gömrük və vergi sahəsində əməkdaşlığın genişləndirilməsi, sərmayə qoyuluşun qarşılıqlı təşviqi üzrə həyata keçirilən tədbirlər də regionda iqtisadi əməkdaşlıq və inteqrasiya proseslərinin gücləndirilməsinə şərait yaradan amillərdəndir.

Lakin eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, regionda mövcud olan münaqişələr (Ermənistan-Azərbaycan Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya) davamlı iqtisadi artım və sabit sosial-iqtisadi inkişaf perspektivlərinə kölgə salan ən nəzərə çarpan amildir. Bu günə qədər həll olunmamış münaqişələr və bununla bağlı davam edən durğunluq vəziyyəti regional əməkdaşlıq və inteqrasiya imkanlarından yaranan çox böyük iqtisadi potensial baxımından əvəzsiz itkilərə səbəb olur. 

Biz inanırıq ki, müştərək bəşəri dəyərlər regionda əməkdaşlıq və tərəfdaşlıq üçün hərəkətverici qüvvə olmalı, sağlam və ayıq düşüncə düşmənçilik və inamsızlığı üstələyərək tam miqyaslı regional əməkdaşlıq və inteqrasiya üçün aparıcı rol oynayacaq.
Azərbaycanın xarici siyasəti məhz buna yönəlib. Ölkəmizin bu yolda atdığı addımlar bu siyasətin bariz nümunələridir. Biz öz məsuliyyətimizi dərk edərək, öhdəliklərimizi ciddi qəbul edirik və tutduğumuz yoldan dönməyəcəyik. Artıq vaxt gəlib ki, Cənubi Qafqaz bölgəsində yerləşən bütün ölkələr öz tarixi  məsuliyyətini başa düşərək Azərbaycan kimi lazımi səylər göstərsinlər.

Belə olduğu halda Azərbaycan regional inteqrasiya proseslərində öz iştirakını genişləndirəcək. Amma bütün bunlar dinc və sülh şəraitində, qarşılıqlı hörmət, anlaşma və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir. Avropa İttifaqı ölkələri isə, xüsusən dünyanın aparıcı dövlətlərdən biri olan Fransa, birmənalı mövqe tutaraq bu proseslərə öz konstruktiv töhfələrini verməlidirlər. Aİ ölkələri dərk etməlidirlər ki, ümumavropa dəyərləri və birləşmiş Avropada hökm sürə biləcək sülh, rifah, demokratiya və təhlükəsizlik naminə XX əsrdən bizə miras qalmış Cənubi Qafqaz münaqişələrin tam şəkildə həll olunmasında Avropa İttifaqının rolu çox böyükdür. Azərbaycan onların fəal siyasətini gözləyir və onun uğurlu nəticələrinə inanır.

Sağ olun.

növbəti xəbər əvvəlki xəbər