2016-10-14
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhləri

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur. Y.Uşakov tərəfindən səsləndirilən bu açıqlama Prezidentlər səviyyəsində keçirilmiş Vyana və Sankt-Peterbuq görüşlərinin ruhuna və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlarla ziddiyyət təşkil edir. Həmçinin, bu açıqlama Rusiyanın xarici işlər naziri S.Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir.

Azərbaycan dəfərlərlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir.

Azərbaycan suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcəkdir.

növbəti xəbər əvvəlki xəbər