2015-08-11
Mətbuat xidmətinin Avropa Şurasının Baş katibinin jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlamasına münasibətdə şərhləri

Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir. Mərhum Rasim Əliyevin daşıdığı jurnalist fəaliyyəti də açıqlamada düzgün göstərilməyib.

Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb.

Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar.

Vətəndaşların hüquq və mənafelərinin qorunması, qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən KİV-in azadlığının tam şəkildə təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifəsidir.

Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir. AŞ-nın nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, AŞ Baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur.

AŞ və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq.

növbəti xəbər əvvəlki xəbər