2017-10-03
No:281/17, 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanat
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən, 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.

Azərbaycan Respublikası Türk Şurasına üzv qardaş dövlətlərlə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir və üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir.

3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü münasibətilə Türk Şurasına üzv dövlətləri və təşkilatın Katibliyi səmimiyyətlə təbrik edirik.
növbəti xəbər əvvəlki xəbər