2015-08-28
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Xarici İşlər Nazirlərinin Üçüncü Üçtərəfli Görüşünün nəticələrinə dair Antalya Bəyanatı

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Xarici İşlər Nazirlərinin Üçüncü Üçtərəfli Görüşünün nəticələrinə dair
Antalya Bəyanatı

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Xarici İşlər Nazirlərinin Üçüncü Üçtərəfli Görüşü Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlu və Türkmənistan xarici işlər naziri cənab Rəşid Meredovun iştirakı ilə 28 avqust 2015-ci il tarixində Antalyada keçirilmişdir.

Tərəflər bu Görüşdə,

Ortaq tarix və mədəni birlikdən öz qüvvəsini əldə edən dostluq, qardaşlıq, mehriban qonşuluq və qarşılıqlı fayda əsasında davam etdirdikləri əlaqələrinin daha da inkişafı istiqamətindəki iradələrini bir daha təsdiqlədilər;

Xarici İşlər Nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüşün üç ölkə arasındakı əlaqələrin və əməkdaşlığın inkişafına verdiyi töhfədən duyduqları məmnuniyyəti ifadə etmiş və aralarındakı yaxın əməkdaşlığın konkret layihələr əsasında daha da inkişaf etdirilməsiüzrə öz iradələrini vurğulamışlar;

26 may 2014-cü il tarixli "Bakı Bəyanatı" və 29 yanvar 2015-ci il tarixli "Aşqabad Bəyanatı"na sadiqliklərini təsdiqləyərək "Aşqabad Bəyanatı"nın əlavəsini təşkil edən "2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqramı" kontekstində görülən işlərlə bağlı fikirlərini bildirmişlər;

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Prezidentləri arasında 2015-ci ilin oktyabr ayında Türkmənistanda keçiriləcək Zirvə Toplantısına hazırlıq işlərini müzakirə etdilər;

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun və Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun Yüksək Səviyyədə keçiriləcək görüş zamanı imzalanması məqsədilə sözügedən layihələrin razılaşdırılması üzrə tamamlanma işlərin aparılmasının önəmini qeyd etdilər;

Regionda sülh və sabitliyin təmin olunması ilə bağlı üzərlərinə yeni məsuliyyətlərin düşdüyünü qəbul edərək, mövcud əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərin artırılmasının davam edəcəklərini bəyan etmişlər;

Bir birilərinin dövlətlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəklərini bir daha təsdiq etdilər;

Qlobal və regional sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, beynəlxalq və regional təşkilatlarda mövcud olan yaxın və faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu təşkilatlarda namizədliklərinin qarşılıqlı şəkildə dəstəklənməsi üzrə mövqelərini davam etdirməyə dair iradələrini bəyan etdilər;

BMT çərçivəsində mühüm təşəbbüslərdən biri olan Sivilizasiyalar Alyansı daxilində sivilizasiyalararası dialoqun gücləndirilməsi və qarşılıqlı hörmət mühitinin yaradılması məqsədilə əlaqələndirilmiş fəaliyyətlərini təkmilləşdirməklə davam etdirəcəklərini və Alyansın 2016-cı ildə Bakıda keçiriləcək VII Qlobal Forumunun uğurlu alınması üçün əməkdaşlıq edəcəklərini bildirdilər;

“Asiyanın ürəyi” bölgəsində sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə təsis olunan İstanbul Prosesi çərçivəsində fəal əməkdaşlığı davam etdirməkdə tərəfdar olduqlarını təsdiqlədilər;

Terrorizmin bütün forma və təzahürləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın ilk sıralarında yer aldıqlarını, xoş mərama əsaslanan və multikultural tarixi irsi ilə sivilizasiyalararası dialoq səylərini fəal şəkildə dəstəklədiklərini, həmçinin İslamofobiya, irqçilik və ayrı-seçkiliyin digər bütün təzahürləri ilə mübarizəni davam etdirmək məsələsində qətiyyətli olduqlarını təsdiqlədilər;

İqtisadi və ticarət sahəsindəki əlaqələrin genişdirilməsi məqsədilə dərin və geniş əhatəli əməkdaşlığın təşviqi üzrə birgə səylərin gücləndirilməsinin vacibliyini qeyd etmişlər;

Bu kontekstdə, qarşılıqlı investisiyaların həcminin artırılması istiqamətində üç ölkənin dövlət və özəl sektoru arasındakı əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı məlumat mübadiləsini davam etdirməyə hazır olduqlarını bildirdilər;

Turizm, səhiyyə, kənd təsərrüfatı, qabaqcıl texnologiya, sənaye, informasiya və kommunikasiya texnologiyaları, neft-kimya, qida sənayesi, nəqliyyat infrastrukturu, aqrar tədqiqat və davamlı inkişaf sahələrində əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə bilik və təcrübə mübadiləsini, tədqiqat və istehsal ilə bağlı birgə təşəbbüsləri, aqrar ticarəti və investisiyaların artırılmasını dəstəkləmə məsələsində razılığa gəldilər;

Üç ölkənin kiçik və ortahəcmli müəssisələri arasında konstruktiv əməkdaşlığın davamlı şəkildə və qətiyyətlə aparılması ilə bağlı ümumi fikirdə olduqlarını ifadə etdilər;

Enerji sahəsində nail olunacaq birgə əməkdaşlığın qlobal və regional sülh və sabitliyə töhfə verəcəyini qeyd etməklə, Türkmən və Azərbaycan təbii qazının Türkiyə üzərindən keçməklə Avropaya və beynəlxalq bazarlara nəqlinin əhəmiyyətini vurğuladılar;

Türkmənistan qazının Azərbaycan və Türkiyə ərazilərindən keçməklə Avropaya nəqli layihəsində üçtərəfli formatda işçi qrupun yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bir daha qeyd etdilər;

Üç ölkənin enerji şirkətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etməklə, bu konteksdə üçtərəfli formatda görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olacağını vurğuladılar;

Üç ölkənin potensialından maksimum səviyyədə istifadə edilməsi məqsədi ilə Türkmənistan,Azərbaycan və Türkiyə üzərindən keçən nəqliyyat dəhlizlərinin əsas ticarət marşrutuna çevrilməsi üçün əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar;

Xəzər dənizində nəqliyyat daşımalarının sadələşdirilməsi və xərclərinin azaldılmasına nail olmaq üçün limanların gücü, infrastrukturu və logistika imkanlarının inkişaf etdirilməsi ilə multimodal daşımaları əlverişli edəcək şərtlərin qarşılıqlı təmin olunmaqla yaradılması və dəstəklənməsi məqsədi ilə dövlət və özəl sektorun əlaqədar idarə və təşkilatlarının mütəmadi görüşlər keçirməsinə ehtiyac olduğunu qeyd edərək, bu çərçivədə Azərbaycan, Türkiyə və Türkmənistanın bütün əlaqədar idarə və təşkilatlarının iştirakı ilə üçlü formatda iclasınmümkün olan ən qısa zamanda keçirilməsinin faydalı olacağını bildirdilər;

İstanbul Boğazının altından keçən Marmaray layihəsinin, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin, Xəzər dənizində Azərbaycanın Ələt və Türkmənistanın Türkmənbaşı limanlarınınregion iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyini qeyd etdilər;

Nəqliyyat sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin bu sahədə malik olduğu potensialdan tam şəkildə istifadə edilməsi məqsədi ilə Əfqanıstan - Türkmənistan -Azərbaycan Respublikası – Gürcüstan - Türkiyə Respublikası" nəqliyyat dəhlizinin yaradılması məsələsini nəzərdən keçirdilər;

Xarici İşlər Nazirlərinin növbəti üçtərəfli görüşünün Azərbaycanda keçirilməsini qərara aldılar;

Antalyada 28 avqust 2015-ci il tarixdə 3 (üç) əsl nüsxədə və bütün mətnlər eyni dərəcədə qüvvədə olmaqla Azərbaycan, Türk və Türkmən dillərində imzalanmışdır.

Azərbaycan Respublikasının             Türkiyə Respublikasının             Türkmənistan
       xarici işlər naziri                              xarici işlər naziri                     xarici işlər naziri
   Elmar Məmmədyarov                        Mevlüt Çavuşoğlu                   Rəşid Meredov

növbəti xəbər əvvəlki xəbər