2014-11-20
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı
20 noyabr 2014-cü il 
 
Ermənistanın rəsmi kütləvi informasiya vasitələrinin məlumatına görə 6 noyabr 2014-cü il tarixində Ermənistan Respublikasının silahlı qüvvələrinin 47.000 nəfərə qədər şəxsi heyət və 3000-dən artıq döyüş texnikasının iştirakı ilə Ermənistan Respublikası Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində genişmiqyaslı təxribatçı hərbi təlimlərin keçirilməsinə başlamışdır. 

Ermənistan Respublikasının hərbi hava qüvvələri də Azərbaycan silahlı qüvvələrinin müdafiə mövqeləri üzərində təxribatçı və təhdidedici döyüş uçuşları həyata keçirmişlər.


12 noyabr tarixində Ermənistan Respublikasının hərbi hava qüvvələrinin iki ədəd “Mi-24” tipli hücum helikopteri Azərbaycan Respublikasının işğal edilmiş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqelərinin yaxın ətrafına yan almış və hücum manevrləri həyata keçirmişdir. Helikopterlərdən biri elə bu işğal olunmuş ərazidə vurulmuşdur.


Vurulmuş helikopter Ermənistan Respublikasının Yerevan şəhəri yaxınlığındakı “Erebuni” hərbi aerodromunun 15-ci hərbi bazasına məxsus olmuş və onun şəxsi heyəti Ermənistan silahlı qüvvələrinin hərbi xidmətçiləri olmuşlar. Bütün bunlar Ermənistanın Azərbaycana Respublikasına qarşı təcavüzünün, Azərbaycan Respublikasının ərazilərinin işğalında birbaşa iştirakının və ona qarşı gücdən istifadənin davamının daha bir təzahürüdür.


BMT Təhlükəsizlik Şurası 853 saylı 1993-cü il tarixli qətnaməsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, xüsusən də “Ağdam rayonu və Azərbaycan Respublikasının bütün digər işğal edilmiş ərazilərinin işğalını pisləyir” və “Ağdam rayonu və Azərbaycan Respublikasının bütün digər işğal edilmiş ərazilərinin zəbtinə cəlb olunmuş işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.


BMT TŞ-nın qətnamələrinin tələblərini icra etməyən Ermənistan yalnız Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmaqdan imtina etməyərək, beynəlxalq hüquq, BMT TŞ-nın qətnamələri və atəşkəs rejimini nümayişkarcasına pozaraq, bu ərazilərdə öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir və genişmiqyaslı hərbi təlimlər keçirir.


Ağır texnikadan istifadə, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərində davamlı uçuşlar və Azərbaycan Respublikasının mövqelərinə hücumlar Ermənistan prezidentinin rəsmi internet saytında, eləcə də Ermənistan kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumat, foto və video materiallarda öz əksini tapmışdır.


Nəzərə alınmalıdır ki, bu təxribatçı hərbi təlimlər Ermənistan və Azərbaycan Prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçidə, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə 4 sentyabr tarixində Uelsdə və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərindən dərhal sonra təşkil edilmişdir. Hər üç görüşdə özünü biruzə verən müsbət meyllər davam edən sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə dəlalət edirdi. Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi bu danışıqların ruhuna və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə qəti şəkildə uyğun olmayaraq, eləcə də Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün siyasi yol ilə həllin tapılması məqsədilə etimad quruculuğuna xələl gətirir.

növbəti xəbər əvvəlki xəbər