2014-11-14
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına (AŞ) üzv olduqdan sonra ilk dəfə 14 may 2014-cü il tarixindən altı aylıq dövr üçün AŞ Nazirlər Komitəsində sədrlik etmişdir. 13 noyabr 2014-cü il tarixində sədrlik müddətinin başa çatması ilə əlaqədar Azərbaycan tərəfindən sədrlik Belçikaya təhvil verilmişdir.

Sədrlik dövründə Azərbaycan Respublikası AŞ-nin fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərmiş, bu xüsusda AŞ-nin üzv ölkələri və qurumun müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışmışdır.  
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il iyunun 24-də AŞ Parlament Assambleyasının yay sessiyasında çıxış etmişdir. Bundan əlavə, AŞ Nazirlər Komitəsinin sədri qismində Xarici işlər naziri Elmar Məmmədyarov Parlament Assambleyasının iyun və oktyabr sessiyalarında Nazirlər Komitəsinin fəaliyyəti haqqında hesabatlar təqdim etmişdir. 
 
Azərbaycan Respublikasının sədrliyinin prioritetləri AŞ-nin gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər və bir sıra sahələrdə Azərbaycanın müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, müəyyən edilmişdir. Sözügedən prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilmişdir. 
 
Korrupsiyaya qarşı mübarizə Azərbaycanın sədrliyinin prioritet istiqamətlərindən biri olmuşdur. 30 iyun-1 iyul 2014-cü il tarixində AŞ-nin Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə əməkdaşlıqda Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilmiş beynəlxalq konfrans təşkilatın bu sahədə səylərinə töhfə vermişdir. 
 
Sədrlik çərçivəsində korrupsiyanın narahatlıq doğuran aspektlərindən biri olan idman yarışlarının manipulyasiyasına qarşı mübarizə məsələsinə də diqqət yetirilmişdir. İdman yarışlarının manipulyasiyasına qarşı konvensiyanın 9 iyul 2014-cü il tarixində AŞ Nazirlər Komitəsi tərəfindən qəbul edilməsi, sentyabr ayının 18-də isə Azərbaycan da daxil olmaqla 15 dövlət tərəfindən imzalanması Azərbaycan sədrliyinin mühüm nailiyyətlərindən biri olmuşdur. Azərbaycan ümid edir ki, sözügedən sənəd 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunlarından öncə qüvvəyə minəcəkdir. Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasına daxil edilməsi də Azərbaycanın sədrlik dövrünün bitməsindən sonra da bu konvensiyanın təşviq etməsini şərtləndirəcəkdir. 
 
Korrupsiyaya qarşı mübarizə istiqaməti üzrə 24-25 sentyabr 2014-cü il tarixində "İnsan hüquqları və yaxşı idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda Bakıda beynəlxalq konfrans keçirilmişdir. AŞ çərçivəsində bu spesifik mövzunun ilk dəfə əhatə olunduğu sözügedən  konfransda dövlət xidmətlərinin göstərilməsi sahəsində ASAN Xidmətin nümunəsində Azərbaycanın qabaqcıl təcrübəsi təqdim olunmuşdur. Konfrans zamanı Azərbaycan tərəfi beynəlxalq müstəvidə müsbət təcrübə mübadiləsinə imkan yaratmaq məqsədilə, vətəndaşlara xidmət göstərən təşkilatların beynəlxalq assosiasiyanın yaradılması təklifi ilə çıxış etmişdir. 
 
Zəngin tolerantlıq ənənələrinə malik olan Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsini də sədrliyinin prioritet məqsədlərindən biri kimi müəyyən etmişdir. Bu məqsədin təşviq edilməsi üçün Azərbaycan tərəfindən beş müxtəlif tədbirə ev sahibliyi edilmişdir. Bu çərçivədə “Nifrət zəminində çıxışa yox deyək” kampaniyası barəsində ictimai məlumatlandırmanın artırılması üçün 1-5 oktyabr 2014-cü il tarixində Qəbələdə təşkil olunmuş beynəlxalq forum və 2014-cü il 1-2 sentyabr tarixlərində Bakıda baş tutmuş AŞ-nin mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair mübadilə görüşü xüsusi olaraq qeyd edilə bilər.
 
Sosial həmrəyliyin və sosial davamlılığın təmin edilməsi adlı növbəti prioritet məqsəd çərçivəsində Azərbaycan AŞ-nin ayrı-seçkilik olmadan hər kəsin sosial hüquqlarının qorunması istiqamətində fəaliyyətinə öz töhfəsini vermiş və 10-11 sentyabr 2014-cü il tarixində Bakıda AŞ-nin Sosial Birlik Strategiyasının və Fəaliyyət Planının icmalı üzrə konfrans təşkil etmişdir.
 
İnsan hüquqları və demokratik vətəndaşlıq sahəsində gənclərin maarifləndirilməsi kimi müəyyən edilmiş dördüncü prioritet fəaliyyət istiqaməti çərçivəsində də Bakıda bir sıra müxtəlif tədbirlər keçirilmişdir. Bu kontekstdə Bakıda 28-30 oktyabr 2014-cü il tarixlərində BMT-nin gənclər siyasəti üzrə Birinci Qlobal forumu xüsusi önəm kəsb etmişdir.  Dünyanın 80 ölkəsini təmsil iştirakçılar "Gənclər Siyasəti üzrə Bakı Öhdəliyi" adlı gələcək fəaliyyət üçün proqram səciyyəli sənəd qəbul etmişlər. 
 
Azərbaycanın sədrliyi dövründə AŞ və digər beynəlxalq təşkilatlar, xüsusilə BMT və ATƏT ilə təsisatlanmış əməkdaşlığın inkişafı üçün səylər göstərilmişdir. 
 
Azərbaycan Respublikasının sədrliyi çərçivəsində 7-8 noyabr 2014-cü il tarixində Bakıda "Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti"nə dair yüksək səviyyəli beynəlxalq konfrans keçirilmişdir. 
 
Avropa və Asiyanın kəsişməsində yerləşən və AŞ-nin Qonşu regionlar üzrə siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən AŞ-nin sözügedən siyasətini yaxından dəstəkləmişdir və bu tədbir də AŞ-nın qonşu region dövlətləri ilə əlaqələrinin inkişafında mühüm addım olmuşdur.   
 
Sədrlik müddətinin başa çatmasından sonrakı dövrdə Azərbaycan növbəti sədr dövlətlər olan Belçika və Bosniya və Herseqovina ilə əməkdaşlıq ruhunda hər üç ölkənin bölüşdüyü prioritet məqsədlərin həyata keçirilməsi üçün səylərini davam etdirəcəkdir. 
Azərbaycan Respublikası sədrliyin uğurla aparılmasında göstərdiyi dəstəyə görə AŞ-nın üzv və müşahidəçi dövlətlərinə, AŞ-nın qurumlarına və katibliyinə öz təşəkkürünü ifadə edir. 
 
növbəti xəbər əvvəlki xəbər