2014-10-08
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyevin şərhləri

Ermənistan kütləvi informasiya vasitələrində Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etməsi və Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Burq Le Valans arasında “dostluq haqqında bəyanat”ın imzalanmasına dair məlumat verilmişdir.

Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan Respublikasının ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının qanunun pozulmasıdır.

Burq Le Valans şəhərinin merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejim ilə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə ziddir.

Fransa Prezidenti Fransua Olandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır.  

Bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq “dostluq haqqında bəyanat”ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir.  

Marlen Muryer işğal olunmuş qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq Le Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir.  

Ermənistan isə ənənələrinə sadiq qalaraq, bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır.

növbəti xəbər əvvəlki xəbər