2013-11-05
Azərbaycan Respublikasının BMT TŞ-da sədrliyinin başa çatması ilə əlaqədar Xarici İşlər Nazirliyinin bəyanatı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olan Azərbaycan 2013-cü ilin oktyabr ayında BMT TŞ-nın sədri vəzifəsini həyata keçirmişdir. Bu ilin oktyabr ayı qeyri-daimi üzv kimi Azərbaycanın BMT TŞ-da ikinci sədrlik dövrü olmuş və bu dövrdə BMT TŞ-nın gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etmişdir.

2012-ci ilin may ayında keçirilmiş birinci sədrlik dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Sülh və Təhlükəsizliyə Terrorizmin doğurduğu Hədələr mövzusu çərçivəsində 4 may 2012-ci il tarixində "Terrorizmlə Mübarizə Sahəsində Öhdəliklərin Yerinə Yetirilməsi ilə bağlı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclas keçirilmişdir.
 
Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT TŞ-da başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 28 oktyabrda “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilmişdir. İclasın məqsədi BMT və üzv dövlətlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur. 
 
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Ban Ki-Mun və İƏT-in Baş katibi Əkmələddin İhsanoğlu, habelə BMT TŞ-nın üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak etmişlər. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərə, qlobal və regional proseslərə toxunulmuş və onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edilmişdir. 
 
İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə mühüm töhfələr verdiyi qeyd olunaraq, İslam dininə qarşı olan təhqir və hücum hallarına qarşı mübarizə aparmaq məqsədilə birgə səylərə və dialoqa ehtiyac duyulduğu və qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacibliyi vurğulanmışdır. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edilmiş və münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməsinə dair çağırışlar səslənmişdir. 
 
Yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş BMT TŞ-nın sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanmış və onun gücləndirilməsinin vacibliyi qeyd edilmişdir. Bəyanatda, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və BMT TŞ-nın qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulanmışdır. 
 
BMT-nin Baş katibi Ban ki-Mun bu çərçivədə işçi nahar müzakirələrində Keniya, Suriya və Somalidəki vəziyyət barəsində məruzələrlə çıxış etmişdir. 
 
Azərbaycanın sədrliyi dövründə digər mühüm tədbir kimi 3-9 oktyabr tarixlərində BMT TŞ-nın Afrikaya səfəri təşkil edilmişdir. Məqsədi Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və müvafiq səviyyələrdə görüşlər keçirmək, habelə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələrin keçirilməsi olan bu səfər çərçivəsində BMT TŞ-nın üzvləri Konqo Demokratik Respublikası (KDR), Ruanda, Uqanda və Efiopiyada olmuşlar. Oktyabrın 8-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutmuşdur. Ekvatorial Qvineya və Azərbaycanın həmsədrlik etdiyi iclasda Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət barədə müzakirələr aparılmış və yekunda Birgə kommünike qəbul edilmişdir.
 
BMT TŞ-nın Yaxın Şərq, qadınlar, sülh və təhlükəsizlik və TŞ-nın iş metodları ilə bağlı üç açıq iclası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Sudan və Cənubi Sudan münasibətləri, Sudanın Darfur və Abyei bölgələri, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi və Livanda vəziyyət və Fil Dişi Sahili üzrə Sanksiyalar Komitəsinin məruzəsi ilə bağlı çoxsaylı iclasları və qapalı məsləhətləşmələri keçirilmişdir. 
 
Oktyabrın 30-da Şuranın son bir il ərzində fəaliyyətini, o cümlədən keçirilmiş iclaslar, müzakirələr və qəbul edilmiş qərarları əks etdirən hesabatı qəbul edilmişdir. 
 
Afrika İttifaqının üzv dövlətlərinin müraciəti əsasında Azərbaycan oktyabrın 31-də təşkilatın İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri və digər yüksək rəsmi şəxsləri ilə BMT TŞ-nın qeyri-rəsmi görüşünü təşkil etmişdir. 
 
Azərbaycanın TŞ-da sədrliyi müddətində dörd qətnamə qəbul edilmişdir. Bunlar BMT-nin Haitidəki Sabitləşdirmə Missiyasının mandatının uzadılması ilə bağlı 2119 saylı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatının uzadılması ilə bağlı 2120 saylı, Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı 2121 saylı və Şuranın oktyabrın 18-də "Qadınlar və sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş 2122 saylı qətnamələrdir.
 
BMT TŞ-nın sədrinin BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi və Suriyada humanitar vəziyyətlə bağlı iki, Liviyanın paytaxtı Tripoli şəhərində 2 oktyabrda Rusiya səfirliyinə qarşı törədilmiş terror hücumu, Sudanın bəzi bölgələrində poliomielit xəstəliyinə qarşı peyvənd layihəsi, Sudanın Darfur bölgəsindəki Afrika İttifaqı və BMT-nin Birgə Əməliyyatı, BMT-nin Mali və Konqo Demokratik Respublikasındakı missiyalarında xidmət edən sülhməramlı əsgərlərinin qətlə yetirilməsi və Qvineyada keçirilmiş seçkilər ilə əlaqədar altı bəyanatı qəbul edilmişdir. 
 
Oktyabrın 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT TŞ və BMT-nin digər üzv dövlətləri, BMT-nin Katibliyi, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə BMT TŞ-da sədrliyin başa çatması münasibətilə rəsmi tədbir keçirmişdir. 
 
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan BMT TŞ-nın sədri qismində beynəlxalq səviyyədə ədalətin və beynəlxalq hüququn prinsiplərinin bərqərar olmasına öz mühüm töhfələrini vermişdir. Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri inkişaf etdirilmişdir. 
 
Noyabr ayında BMT TŞ-da sədrlik Azərbaycandan Çinə keçmişdir. 
 
növbəti xəbər əvvəlki xəbər