2013-02-27
Bosniya və Herseqovinanın Parlamenti tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı Soyqırımı ilə əlaqədar Qətnamə qəbul olunmuşdur

26 fevral 2013-cü il tarixində Bosniya və Herseqovinanın Parlamenti (Parlament Məclisinin Xalqlar Palatası) tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı Soyqırımı ilə əlaqədar „Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması“ adlı Qətnamə qəbul olunmuşdur.

Qətnamədə BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə hörmət ifadə etmiş və dəstək bildirmişdir.

Qətnamədə həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün tövsiyə, qətnamə və bəyannamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eləcə də  bütün erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırış edilmişdir.

Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi zamanı, xüsusilə Xocalı şəhərində dinc əhalinin milli və etnik zəmində kütləvi qırğını bəşəriyyət əleyhinə cinayət və xalqların dinc birgə yaşamasına təhlükə olaraq pislənmiş və münaqişənin qurbanları, onların ailələrinin kədərinə tam şərik çıxdıqları qeyd olunmuşdur.

Azərbaycan Respublikasının regional və beynəlxalq təhlükəsizliyə yönəlmiş təhdidlərin aradan qaldırılmasına zəmin yaradılması məqsədilə bütövlükdə öz ərazisi üzərində suverenliyinin bərpa olunması istiqamətində səyləri alqışlanmışdır.

Regionda möhkəm sülhün və sabitliyin bərqərar olması məqsədilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesinin sürətləndirilməsinin vacibliyi vurğulanmışdır.

Hökumət və qeyri-hökumət qurumlarının iştirakı ilə münaqişənin sülh yolu ilə həllinə nail olunmasına töhfə verən beynəlxalq təşkilatların səyləri və qanunun aliliyi, demokratiya, insan haqları və təməl azadlıqlarının universal sisteminə tam dəstək ifadə edilmişdir.

Azərbaycan tərəfi Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərdiyi ehtirama görə Bosniya və Herseqovinaya təşəkkür edir.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.  

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər