2012-08-13
Azərbaycan-Çili Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.

Azərbaycan-Çili Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədilə Xüsusi Tapşırıqlar üzrə Səfir Yaşar Əliyev cari ilin 9 avqust tarixində Çilinin paytaxtı Santiaqoya səfər etmişdir. 

Səfər zamanı Yaşar Əliyev Çilinin Xarici İşlər Nazirinin müavini Fernando Schmidt ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Çili arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensial və perspektivlər barədə fikir mübadiləsi aparılmışdır. Tərəflər Azərbaycanın Buenos-Ayresdəki səfirinin Çiliyə, bu ölkənin Ankaradakı səfirinin isə Azərbaycana akkreditə olunmasını müsbət başlanğıc kimi qiymətləndirmişlər. 

Görüşdə həmçinin, iki ölkə arasında əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, müqavilə-hüquq bazasının genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın aparılmasının, iqtisadi-ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində mübadilələrin həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir. 

Görüşün ardınca Çili Xarici İşlər Nazirliyinin Çoxtərəfli Məsələlər üzrə Baş Direktoru Adolfo Garafi və İkitərəfli Məsələlər üzrə Baş Direktoru Rodrigo Gaete ilə Azərbaycan-Çili Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Məsləhətləşmələrdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı üçün gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər